Tarix : 2023 Aug 02
Kod 63718

Azərbaycanda İlin sonunadək ətin qiyməti 20%-ə qədər bahalaşa bilər

Azərbaycanda iribuynuzlu mal-qaranın, qoyun və keçilərin baş sayı azalır. Ekspertlərə görə bu ölkədə ətin qiymətinin ilin sonunadək ən azı 20 faiz bahalaşmasına gətirib çıxaracaq.
arannews.com:parstoday-Dövlət Statistika Komitəsinə görə, 2023-cü il iyulun 1-i vəziyyətinə ölkə üzrə 7 milyon 322,3 min baş qoyun və keçi, 2 milyon 545,3 min baş iribuynuzlu mal-qara mövcud olub. 2022-ci ilin iyulun 1-i ilə müqayisədə iribuynuzlu mal-qaranın baş sayı 4,1%, qoyun və keçilərin baş sayı isə 8,8% azalıb.

Qeyd edək ki, 2022-ci ildə də ölkədə iribuynuzlu mal-qaranın baş sayı 2021-ci illə müqayisədə 0,8%, qoyun və keçilərin baş sayı isə 1,6% aşağı düşüb.

Bəs, maraqlıdır ölkədə iribuynuzlu mal-qaranın, qoyun və keçilərin baş sayı niyə azalır? Bu azalma ətin qiymətini bahalaşdıracaqmı? Ölkədə ət istehsalında vəziyyət necədir?

Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, artıq xeyli vaxtdır iribuynuzlu və xırdabuynuzlu heyvanların baş sayı ölkədə azalır:

"Təxminən 2014-2015-ci illərdən başlayaraq iribuynuzlu və xırdabuynuzlu heyvanların baş sayı aşağı düşür. Həmin dövrdə pambıq strateji məhsul kimi önə çıxarıldı və bir sıra heyvandarlıq təsərrüfatlarına aid torpaqlarda, örüş sahələrində pambıq əkildi. Ona görə də ölkədə iribuynuzlu və xırdabuynuzlu heyvanların sayı azalır. Digər tərəfdən, yemlərin bahalaşması da heyvanların sayının azalmasına təsir göstərdi".

Onun fikrincə, pambıqçılığa daha çox diqqətin ayrılması doğru deyil. Çünki pambıq əkini üçün məhdud torpaqlar var: "Biz pambıq ixracından il ərzində 150-200 milyon dollar vəsait qazanırıq, amma kənd təsərrüfatı məhsullarının, o cümlədən ətin idxalı üçün ümumilikdə il ərzində 2,5 milyard dollar vəsait xərcləyirik. Pambıqçılıqdan əl çəkib, aqrar məhsulların istehsalını genişləndirsək, ildə 2 milyard dollar qənaət edə bilərik".

Ekspert diqqətə çatdırıb ki, işğaldan azad edilmiş ərazilərimizdə heyvandarlıq sahəsinin inkişafı üçün əlverişli şərait var. Kütləvi şəkildə heyvanların Laçın və Kəlbəcər yaylaqlarına aparılması məqsədəuyğun olar. Azərbaycan ətə olan tələbatının 80-90 faizini yerli istehsal hesabına ödəyə bilər və bunun üçün potensial var.

Liberal İqtisadçılar Mərkəzinin sədrinə görə payız aylarında ətin qiyməti yenidən qalxmağa başlayacaq.

"Hazırda heyvan qıtlığı var. Ona görə də ətin qiyməti bahalaşır. Adətən əvvəlki illərdə yay aylarında ətin qiyməti ucuzlaşırdı. İndi isə təklif az olduğu üçün yay aylarında ucuzlaşma olmadı. Payız aylarında isə ətin qiyməti yenidən qalxmağa başlayacaq. İlin sonunadək ətin qiyməti 20%-ə qədər bahalaşa bilər"-, deyə ekspert əlavə edib.

  • Yazılıb
  • da (də) 2023 Aug 02
  • Göndərən رضا رستمی
Açar sözlər