Tarix : 2020 Nov 18
Kod 60526

Əllamə Cəfərinin vəfatının ildönümü münasibətilə

İslam dünyasının filosofunun həyatına baxış
AranNews – 1998-ci il 15 noyabrda İslam dünyasının bənzərsiz filosof və mütəfəkkirlərindən olan Əllamə Məhəmmədtəqi Cəfəri Haqqın dərgahına qovuşdu.
Əllamə Cəfəri 1925-ci ildə Təbriz şəhərində dünyaya göz açdı. O müqəddimə dərslərini və Quranı anasından öyrəndi. Məktəbə yollananda onu birbaşa 4-cü sinfə qəbul etdilər. Məhəmmədtəqi çox heyrətli istedada malik idi. Təbrizin Etimad məktəbində 4-cü sinfi ikinci, 5-ci sinfi isə birinci rütbə ilə bitirdi. Ailəsinin kasıb olması səbəbindən məktəbi yarıda buraxmalı oldu və dolanışıq üçün yol axtarmağa başladı.
Atası bu vəziyyətdən çox narahat idi. Ona görə də Məhəmmədtəqi və qardaşına məktəbə getmələrini tapşıraraq dedi: “Siz dərs ardınca gedin. Allah ruzi yetirəndir.”
Bundan sonra hər iki qardaş elm ardınca getdilər. Həmin dövrdə ikinci dünya müharibəsi gedirdi. Qardaşlar Təbrizin Talibiyyə mədrəsində dini elmləri öyrənməyə başladılar. Gündəlik xərclər onları səhərlər oxumağa, günortadan sonra isə işləməyə məcbur etmişdi.
1940-cı ildə 15 yaşını tamamlamış Məhəmmədtəqi doğulduğu yeri tərk edərək Tehrana getdi və Mərvi mədrəsəsində böyük ustadların yanında Rəsail və Məkasib kimi ali kitablardan dərs almağa başladı. Burada üç il müdriklərin xarmanından və mütəfəkkirlərin hövzəsindən bilik kəsb etdikdən sonra 1943-cü ildə müqəddəs Qum şəhərinə hicrət etdi. Daruş-şəfa mədrəsəsində təhsilini davam etdirən Məhəmmədtəqi ruhani libasını geyindi və xaric dərslərinə məşğul olmağa başladı.
O daha sonra təhsilini davam etdirmək üçün Nəcəfə yollandı. Nəcəfdə təhsil illəri də çox çətin keçməsinə baxmayaraq bütün bu çətinliklərə dözürdü. Özü bu barədə deyir: “Bəzən şəhriyyə alana kimi gündəlik iki ya üç saat işləyirdim. Lakin o da çatmırdı.”
Məhəmmədtəqi 23 yaşında ikən ictihad dərəcəsinə nail olur. Bundan sonra 11 il Nəcəfi-əşrəfdə qaldı, hövzə dərslərini mənimsədikdən sonra 1957 yaxud 1958-ci ildə İrana qayıtdı.
Əllamə Cəfəri əsasən, Ayətullah Məhəmmədriza Tonekaboni, Ayətulah Şeyx Kazim Şirazi, Ayətullah Seyid Əbdülhadi Şirazi, Ayətullah Seyid Əbülqasim Xoyi, Ayətullah Şeyx Mürtəza Taliqani, Ayətullah Seyid Mahmud Şahrudi, Ayətullah Seyid Camal Gülpayaqani, Ayətullah Mirzə Hüseyn Yəzdi, Ayətullah Seyid Məhəmmədhadi Milani, Ayətullah Şəhidi və Ayətullah Seyid Möhsin Həkimdən elm kəsb etmişdir.
Əllamə Cəfəri fiqh, fəlsəfə, incəsənət və estetika elmlərində ustad idi. O, yarım əsrlik elmi-tədqiqi fəaliyyətində 100-dən çox kitab və məqalə yazmışdır. Onlardan bir neçəsi aşağıdakı kimidir:
Fiqh risaləsi: təharət, namaz, oruc və digər ibadətlərdən söz açır.
İslam və Qərb baxışında insan hüquqları.
İmam Riza (ə).
Cəbr və ixtiyar.
Məqalələr toplusu.
İnsan və dünya arasında əlaqə.
Həyat idealı və ideal həyat.
Devid Yumun fəlsəfənin dörd mövzusunda nəzəriyyəsinin tənqidi.
Rasselin bir sıra nəzəriyyələrinin araşdırılması.
Əllamə Cəfəri öz dövrünün dünya səviyyəsində tanınmış şəxsiyyətləri, o cümlədən Bertran Rassel, Roje Qarodi, Əbdüssalam, Rozental ilə 70 saatdan çox iclas keçirmiş və elmi söhbət etmişdir.
O ardıcıl illər Təbriz, Tehran, Qum və Nəcəfdə islami və humanitar elmlərə önəm vermişdir. Əllamə Cəfərinin bilik kəsb etməyə dərin baxışı və bu haqda çoxlu çalışmaları, habelə, Bertran Rassel və Uayt kimi Qərb və Şərq mütəfəkkirləri ilə əlaqə saxlaması, fikir mübadilələri və elmi danışıqları onu yeni düşüncəli və azad təfəkkürlü bir filosof kimi tanıtmışdı.
Əllamə Məhəmmədtəqi Cəfəri uzun illər elm sahəsində çalışdıqdan, elm və mərifətin genişlənməsinə böyük xidmətlərindən sonra 1998-ci il 16 noyabrda haqq diyara qovuşdu.
Ali Məqamlı Rəhbər onun vəfatı münasibətilə verdiyi başsağlığı məktubunda buyurdu: “O böyük və sadiq alim ali təhsilini təkmilləşdirdikdən sonra tədqiq və təlim sahəsinə qədəm qoyduğu 45 il boyunca dəyərli əsərlər yaratdı, fəlsəfə təfəkkürünü  bütün dünyada geniş səviyyədə yüksəltdi. İslam İnqilabının qələbəsindən sonra da dini maarifçilikdə onun konstruktiv ideyaları və islami məsələlərə fəlsəfi baxışı elm və mərifət böyüklərinin və teşnələrini tərəfindən çox yaxşı qarşılandı. Bu uca məqamlı alimin dərin bilgilərlə və yadda qalan dərslərlə dolu mənalı çıxışları müasir dövrün elmi və fikri fəzilətləri hesab olunur.”

 
  • Yazılıb
  • da (də) 2020 Nov 18
  • Göndərən جهان کمالی