Tarix : 2019 Nov 25
Kod 59099

XİN: Paşinyan demokrat olduğunu təsdiq etməli və Azərbaycan ərazilərinin işğalına son qoymalıdır

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Ermənistan Baş naziri Nikol Paşinyanın Milanda səsləndirdiyi fikirlərə münasibət bildirib.
ABNA- Əhli Beyt (əleyhimus-səlam) Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Abdullayeva bildirib ki, Ermənistan Baş nazirinin söylədiklərini onun öz əhalisini yanıltmaq cəhdi kimi xarakterizə etmək olar. Onun sözlərinə görə, bunun başqa cür qiymətləndirilməsi mümkün deyil.

“Nikol Paşinyan növbəti dəfə SSRİ Konstitusiyasına istinad edərək, guya ki, Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) Konstitusiya ilə ayrılmaq hüququnun olduğunu iddia edir.

Öz tərəfimizdən növbəti dəfə xatırladırıq ki, SSRİ Konstitusiyasının 78-ci maddəsinə əsasən müttəfiq respublikanın ərazisi onun razılığı olmadan dəyişdirilə bilməzdi.

Eyni zamanda, erməni millətçilərinin DQMV-nin Azərbaycan SSR-dən ayrılmasına yönəlmiş qanunsuz hərəkətləri ilə əlaqədar, SSRİ ali qurumları öz qərarlarında mövcud sərhədlərin dəyişdirilməsinin mümkünsüzlüyünü birmənalı şəkildə təsdiq etmişdi.

Maraqlıdır, öz sələflərindən fərqli olaraq Nikol Paşinyan beynəlxalq ictimaiyyət qarşısında özünü demokratik dəyərlərin tərəfdarı kimi təqdim edir.

Belə olduğu halda, o bunu təsdiq etməli və Azərbaycanın ərazilərinin işğalına son qoymalıdır ki, insanlar öz doğma torpaqlarına geri qayıtsınlar”, - deyə XİN rəsmisi qeyd edib
  • Yazılıb
  • da (də) 2019 Nov 25
  • Göndərən جهان کمالی