Tarix : 2018 Jan 29
Kod 54223

Şəkidə mәscid qalmaqalına görә kütlәvi hәbs

Şəkidə baş verən məscid qalmaqalı ilə bağlı həbs edilənlərin sayı artıq 55 nəfəri keçib
Arannews:Rakurs.tv-Bu məlumatı həbs olunan dindarların yaxınları verib. Onların sözlərinə görə artıq 3 gündür Topqarağac(Qışlaq) məscidi polis nəzarətinə götürülüb və ora heç kim buraxılmır. Əraziyə polis rəisinin müavininin rəhbərliyi altında 15 polis nəzarət edir.
Şəhər sakinlərindən aldığımız xəbərlərə görə, bu məscid 31 ildir ki, insanlara təmənnasız xidmət göstərir, demək olar ki, bütün yas mərasimlərini təmənnasız yola verir. Qurban bayramında yoxsul ailələrə ət paylayır. Məscid yalnız imkanlı insanların verdiyi ianələr və rayon əhalisinin ara-sıra yardım etdiyi 3-5 manat hesabına maliyyələşir. “Problem nədən yaranıb?” sualına cavab olaraq şəhər sakinlərindən biri bunları bildirib: “Məscid  şəhərin aşağı hissəsində yerləşir, burada fəaliyyət göstərən dindarlar şəhərin yuxarı hissəsindəki Karvansaray ərazisində olan fəaliyyətsiz Xan məscidini də təmir edib işlətmək istəyirdilər. Yerli hakimiyyət isə Xan məscidini muzey etmək istəyir. Deyilənə görə 2010-cu ildən məhkəmə qərarı ilə o məscid mədəniyyət şöbəsinə verilib. Topqarağac məscidinin dini icmasına da şərt qoyulub ki, rəsmi qeydiyyatdan keçməli və mərasimlərdə əhaliyə pullu xidmət göstərməlidirlər. Bu tələbə etiraz olaraq icma toplaşıb məsciddə etiraz aksiyası keçirib. Hadisə yerinə gələn polis aksiyanı dağıdıb və dindarları həbs edib.”
Aldığımız məlumatda deyilir ki, indiyə kimi 55-dən çox yaşlı insan həbs edilib. Onlardan bəzilərini etiraz aksiyasında iştirak etdikləri üçün, bəzilərini isə ibadətə gəldikləri zaman həbs ediblər. Həbs olunanlardan 7 nəfərə inzibati həbs cəzası verilib. Bir nəfərə 7 sutka, 4 nəfərə  30 sutka, 2 nəfərə isə  200 manat cərimə kəsilib. Sakinlərə deyilib ki, Dini Məsələlər üzrə Dövlət Komitəsi ilə razılığa gəlinməsə, məscidi bağlayacaqlar.

  • Yazılıb
  • da (də) 2018 Jan 29
  • Göndərən مدير سايت Aran News