Tarix : 2017 Jul 05
Kod 52172

Daha bir jurnalist Muxtarlıya görə dindirildi

İyulun 4-də jurnalist Aytac Əhmədova Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində 2 saatdan artıq dindirilib.
Bu haqda AzadlıqRadiosu-na jurnalistin özü bildirib.
Onun sözlərinə görə, dindirmə jurnalist Əfqan Muxtarlı və "Meydan TV" İnternet resursun fəaliyyəti üzrə cinayət işi ilə bağlı olub. O şahid qismində dindirilib.
Jurnalist bilgiləri açıqlamamaq haqda iltizam imzaladığına görə detallı danışmayıb.
Bununla belə, Aytac Əhmədova istintaqın uzanmasından narazılığını ifadə edib.
“İki ildir mənasız yerə istintaq uzanır. Hər dəfə çağırıb eyni sualları verirlər. Bu dəfə daha çox Əfqan Muxtarlı ilə bağlı sualları oldu”, - jurnalist söyləyib.
Bundan əvvəl jurnalistlər Sevinc Vaqifqızı, Xədicə İsmayıl, Natiq Cavadlı, Müsavat Partiyasının keçmiş, indiki rəhbərləri İsa Qəmbər, Arif Hacılı və digərləri Ə.Muxtarlı və Meydan TV-nin cinayət işləri üzrə şahid qismində dindiriliblər.
Ötən həftə hər iki iş üzrə vəkil Elçin Sadıqov Ə.Muxtarlının işinin "Meydan TV"nin cinayət işi ilə birləşdirildiyini açıqlamışdı.
XATIRLATMA
Jurnalist Ə.Muxtarlı mayın 29-u oturum izini aldığı Gürcüstandan zorla Azərbaycana gətirildiyini iddia edir. Dediyinə görə, Tbilisidə saxlanarkən ona işgəncə verilib, zorla sərhədə gətirilərək Azərbaycan tərəfinə təhvil verilib, üstəlik, sərhəddə cibinə 10 min avro qoyulub.
Əfqan Muxtarlı Cinayət Məcəlləsinin 315.2-ci maddəsi ilə hakimiyyət nümayəndəsinə müqavimət göstərmə və ya zor tətbiq etmədə ittiham olunur. Bundan başqa, ona 318.1, 206.1 maddələri ilə - sərhədi qanunsuz keçmə və qaçaqmalçılığa görə də ittiham irəli sürülüb.
Bakıdakı rəsmi qurumlarsa onun sərhədi keçərkən Azərbaycan ərazisində saxlanıldığını, bu zaman hüquq mühafizə əməkdaşlarına müqavimət göstərdiyini bəyan ediblər.
Məhkəmənin qərarı ilə Əfqan Muxtarlıya ilkin istintaq dövründə 3 aylıq həbs cəzası verilib.
Azərbaycanda təqib olunduğunu söyləyən jurnalist iki ildən çoxdur Gürcüstanda yaşayırdı.
İki il əvvəl, 2015-ci ildə “Meydan TV”nin bəzi rəhbər işçiləri ilə bağlı cinayət işinin açıldığı bildirilmişdi. Onda Meydan TV-nin rəhbəri Emin Milli bunları demişdi: «Artıq bəlli olub ki, “Meydan TV”nin vəzifəli şəxsləri barəsində Cinayət Məcəlləsinin 192.2.2 (qanunsuz sahibkarlıq), 213.2.2 (külli miqdarda vergidən yayınma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə cinayət işi açılıb. Hazırda Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində 152006048 saylı cinayət işinin istintaqı aparılır».
Emin Milli ittihamları əsasız və uydurma adlandırmışdı.















    • Yazılıb
    • da (də) 2017 Jul 05
    • Göndərən مدير سايت Aran News