Tarix : 2017 Jan 28
Kod 51149

Hacı Əhsən Nuruzadədən məlumat yoxdur

“' Taleh Bağırovun fəal tərəfdarı Əhsən Nuruzadənin axtarışı davam edir.
Arannews- “'Müsəlman Birliyi' Hərəkatının lideri Taleh Bağırovun fəal tərəfdarı Əhsən Nuruzadənin axtarışı davam edir. Yanvarın 26-sı və 27-si çoxsaylı polis idarələrinə, bölmələrinə, müvəqqəti saxlama yerlərinə müraciət etmişəm. Hələ, hər hansı cavab yoxdur”. Bunu vəkil Yalçın İmanov bildirib.
Vəkilin sözlərinə görə, Əhsən Nuruzadə yanvarın 24-də saat 17 radələrində evdən siqaret almağa çıxıb və geri qayıtmayıb.
Vəkil deyib ki, Daxili İşlər Nazirliyinin “102 Zəng Mərkəzi”nə məlumat verib. “Oradan Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Bölməsinə itkin düşmüş şəxs kimi məlumat verməyimi məsləhət bildilər”, deyə o qeyd edib.
Vəkil Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə də müraciət edib.
“Bu idarədən hər hansı məlumat ala bilmədim. Bu gün isə Ombudsman Aparatına və Beynəlxalq Qızıl Xaç Komitəsinə müraciət etmişəm”.
Vəkilin sözlərinə görə, yanvarın 26-dək Ə. Nuruzadənin mobil telefonu işlək olub.
“Onun mobil telefonuna zəng çatırdı. Amma zəngə cavab verilmirdi. WhatsApp vasitəsi ilə ona mesajlar yazırdım. Mesajların oxunduğu görünürdü, ancaq cavab verilmirdi. Dünəndən mobil telefonu da söndürülüb”, deyə İmanov bildirib.
“Yəqin ki, ona hansısa etrirafedici ifadəyə imza atdırmaq istəyirlər”, deyə İmanov deyib.
“Nardaran işi” ilə bağlı çıxarılan məhkəmə hökmdən bir gün öncə, yanvarın 24-ü Taleh Bağırovun tərəfdarlarından, yazar Rövşən Məmmədli 30 gün inzibati həbs cəzası almışdı. Bundan başqa daha bir dini fəal, Maştağa qəsəbəsinin sakini Təbriz Sibili də 30 gün müddətinə həbs olunub.
Ötən il noyabrın 26-sı güc orqanları Nardaran dindarlarına hucum ediblər. polisin hucumu nəticəsində, 4 nardaran dindarı şəhid olub. Rəsmi bilgilərə görə, hazırda Nardaran hadisələri ilə bağlı 70-dən çox (hüquq müdafiəçilərinin siyahısında 87 nəfər göstərilir) şəxs həbsdədir.
Daha yüngül maddələrlə ittiham edilənlərə 1 il 6 aydan 6 il 6 aya qədər həbs cəzası verilib. 18 nəfərlik qrupun üzvlərinə isə uzunmüddətli cəzalar kəsilib. «Müsəlman Birliyi» Hərəkatının sədri Taleh Bağırov və Abbas Hüseynov 20 il həbs cəzası alıb. Cabbar Cabbarov 19 il, Rasim Cəbrayılov 17 il, Zakir Mustafayev, Abbas Tağızadə, Abbas Quliyev, Aqil İsmayılov, İbrahim Xudaverdiyev, Etibar İsmayılov, Bəhruz Əsgərov, Əli Nuriyev, Cahad Babakişizadə, Şamil Abduləliyev, Əlibala Vəliyev və Fərhad Balayevin hər biri 14 il 6 ay azadlıqdan məhrum edilib. Həbs olunarkən yetkinlik yaşına çatmamış Ramin Yarıyev və Nardaran hadisələrilə əlaqədar “Facebook” sosial şəbəkəsində yazdığı statuslara görə həbs olunan Fuad Qəhrəmanlıya isə 10 il həbs cəzası verilib.
Nardaran hadisələri ilə bağlı tutulanlardan başqa bir qrupunun isə hazırda məhkəməsi gedir.

  • Yazılıb
  • da (də) 2017 Jan 28
  • Göndərən مدير سايت Aran News