Tarix : 2016 Jun 05
Kod 49101

Azərbaycan Yeni problemlər astanada

Vüqar Bayramov: borc strategiyasının formalaşdırılması vacibdir.
AranNews- Cari ilin yanvar ayının 1-i tarixinə Azərbaycanın xarici dövlət borcu 6,894.3 mln. ABŞ dolları (yerli valyuta ilə 10,751.0 mln. manat), xarici dövlət borcunun Ümumi Daxili Məhsula (ÜDM) olan nisbəti 19.8% təşkil edib.
Borca hökumətin birbaşa öhdəlikləri və dövlət zəmanətilə cəlb edilmiş kreditlər üzrə şərti öhdəliklər daxil edilib. Borc vəsaitlərinin 58.6%-i hesabat dövründən sonra 10 ilə qədər olan müddətdə, 32.9%-i 10 ildən 20 ilə qədər olan müddətdə, 8.5%-i isə 20 ildən yuxarı olan müddətdə kreditorlara qaytarılmalıdır.
Maliyyə Nazirliyindən “Cümhuriyət” qəzetinə verilən məlumata görə, borclar əsasən Dünya Bankı, Asiya İnkişaf Bankı, İslam İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi və digər beynəlxalq maliyyə qurumlarından cəlb edilmiş vəsaitlər iqtisadi islahatlar proqramlarının dəstəklənməsi, infrastrukturun bərpası və yenidən qurulması, habelə yol tikintisi, regionların su təchizatının yaxşılaşdırılması, dəmir yolu nəqliyyatı xidmətlərinin təkmilləşdirilməsi, sənaye və s. sahələrə istifadə edilib.
İqtisadçı alim Vüqar Bayramov “Cümhuriyət”ə veridiyi açıqlamada bildirib ki, xarici borcun həcminin artması arzuolunan deyil. Çünki, gələcəkdə onun qaytarılması ilə bağlı müəyyən problemlər yarana bilər. Xarici borcların strukturunda ən diqqət çəkən məqam xüsusən ötən həftə Hesablama Palatası tərəfindən qeyd etdiyi kimi, dövlət qurumları tərəfindən alınan borcların bir qisminin geri qaytarılmasında problemlərin olması idi. Təbii ki, bu da xarici borcların şəffaf və səmərəli istifadə olunmamasından irəli gəlir. Xarici borclarla bağlı ən vacib məqamlardan biri borc strategiyasının formalaşdırılması olmalıdır.
Bu strategiya həm də imkan verəcək ki, borclar şəffaf və səmərəli xərclənsin. V.Bayramov həmçinin əlavə edib ki, ölkənin Ümumi Daxili Məhsul (ÜDM) payına nəzər yetirsək, gələcəkdə Azərbaycanın borc alacağı gözlənilir.
Azərbaycanın xarici borcları dolların manata olan məzənnəsində 2 dəfə artıb. 1 iyul 2014-cü il tarixinə Azərbaycanın xarici dövlət borcu 4,987 mln. manat, xarici dövlət borcunun ÜDM-a olan nisbəti 8,5% təşkil edib. Eyni zamanda 1 yanvar 2015-ci il tarixinə Azərbaycanın xarici dövlət borcu 5.081 mln. manat, xarici dövlət borcunun ÜDM-a olan nisbəti 8,6% təşkil edib.
Hazırda isə xarici borcun 10,751 mln. manat, xarici dövlət borcunun ÜDM-a olan nisbəti 19.8% təşkil etməsi devalvasiyanın təsirinin nəticəsidir.
Belə ki, ölkəni xarici borclanmaya salan dövlət şirkətlərinin iqtisadi hesablamalar aparmadan borclanmaya getməsi, bu rəqəmin daha da artmasına səbəb olur. Proqnozlara görə isə cari ilin iyun ayında Amerika Mərkəzi Bankının (FED) uçot dərəcəsini artırması, dolların məzənnəsinin artmasına və neftin qiymətinin azalmasına gətirib çıxarır.
Bu kimi iqtisadi vəziyyətlər isə manata ikitərəfli təzyiq formalaşdıracaq ki, bu da xarici borcun bir qədər də artmasına gətirib çıxaracaq.
  • Yazılıb
  • da (də) 2016 Jun 05
  • Göndərən مدير سايت Aran News