Tarix : 2016 Feb 13
Kod 47893

Azərbaycanın özünü qazla təminində problem yaranıb

Azərbaycanda rəsmi rəqəmlərə görə 1 milyard kubmetr qaz itkisi var.
AranNews- Son günlər Bakının bir sıra rayonlarında (Nizami, Sabunçu, Xəzər, Suraxanı) təbii qazın verilişində problemlər yaranır.
Rayon sakinləri qeyd ediblər ki, verilən təbiii qazın təzyiqində əvvəlki günlərlə müqayisədə azalma müşahidə olunur.
“Azəriqaz” İB-nin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbalıyev mövzu ilə bağlı verdiyi açıqlamada bildirib ki, hazırda heç bir ərazinin qazla təchizatında problem yoxdur:
“Haradasa qəza baş verdiyi üçün qaz təchizatı dayandırılan zaman bununla bağlı öncədən kütləvi informasiya vasitələri ilə məlumat veririk. Hazırda qazın təzyiqi ilə bağlı da heç bir problem yoxdur. Ümumiyyətlə, qeyd olunan rayonlar da daxil olmaqla heç bir yerdə qazın verilişi ilə bağlı çətinlik yoxdur. Əgər hansısa mənzildə qaz problemi varsa, sakinlər bizə məlumat versinlər. Əməkdaşlarımız həmin mənzilə gedərək, problemi aradan qaldırarlar”.
Buna baxmayaraq, son zamanlar SOCAR-ın Rusiyadan qaz istəməsi ictimaiyyətdə belə bir təsəvvür yaradıb ki, Azərbaycanda qaz qıtlığı yaşanır. Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti, Rövnəq Abdullayev "IP Week" çərçivəsində jurnalistlərə açıqlamasında isə “Qazporm”dan qaz istəmələrinin səbəbini bu cür izah edib:
“Bunun üzərində çalışırıq. İmkanlarımız var, çox sayda elektrik stansiyalarımız hazırda qazdan daha ucuz qiymətə olan mazutla çalışırlar. Maraqlarımız var. "Qazprom"a təkliflər irəli sürmüşük, cavab gözləyirik. "Qazprom"un verə biləcəyi istənilən həcmdən razıyıq. Laylara əlavə 3-4 milyard kubmetr qaz doldurmaq imkanlarımız var. Qiymətlərlə də əlaqədar problem yoxdur, formul üzrə alış həyata keçiririk".
Qeyd olunan məsələlərlə bağlı Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban, bildirib ki, Azərbaycanda rəsmi rəqəmlərə görə 1 milyard kubmetr qaz itkisi var. Qeyd olunan rəqəm əslində çox böyükdür. İtkilərin böyük hissəsi isə regionların payına düşür. Çünki şəhərdə elektron sayğaclarla və buna müdaxilələr çox kiçik həcmdədir. Əsasən bu hal, bölgələrdir. Bunun qarşısını almaq üçün əvvəllər ayda 1 dəfə sayğaclar yoxlanılırdısa, indi bunu hər on gündən bir etmək lazımdır. İkincisi, magistral qaz kəmərlərində, paylayıcı şəbəkələrdə sızmalara nəzarət etmək üçün nəzarətçilərin sayı artırılmalıdır. Onlar vizual formada nəzarət etməklə qaz itkisinin harada baş verdiyini araşdırsınlar. Əgər itkinin qarşısını heç olmasa yarıbayarı azaldarsaq, bu Azərbaycanda üçün çox önəmli olacaq”.

  • Yazılıb
  • da (də) 2016 Feb 13
  • Göndərən مدير سايت Aran News