Tarix : 2015 Mar 24
Kod 45613

Azərbaycan bankları beynəlxalq reytinq agentliklərində mövqelərini itirirlər - Ekspert

Azərbaycanın bank sektoru neftin dünya bazarlarında ucuzlaşmasının, o cümlədən devalvasiyanın neqativ təsirlərini hiss etməkdədir. Banklarımız bir-birinin ardınca beynəlxalq reytinq agentliklərində mövqelərini itirirlər.

AranNews- Bunu "SalamNews"-a açıqlayan iqtisadçı-ekspert Samir Əliyev bildirib ki, ən yaxşı halda isə mövqelərini müvəqqəti də olsa qoruya bilirlər: “Çətinliklə “pozitiv” mövqeyə yüksəlmiş banklarımız yenidən aşağı “sabit”ə endirilir. Əsas səbəb kimi aktivlərin pisləşməsi, valyuta mövqelərinin pozulması, problemli kreditlərin artmasıdır. Azərbaycanın suveren reytinqinin pisləşməsi də bankların mövqeyinə zərbə vurur.
Martın 19 -da Standard&Poor`s reytinq agentliyi “Muğanbank” ASC-nin reytinqini “pozitiv”dən “sabit”ə salıb. Bankın uzunmüddətli və qısamüddətli reytinqi “В-/С” səviyyəsində saxlayıb. Digər bankın - «PASHA Bank» ASC-nin reytinqi “sabit” saxlanılıb. Uzunmüddətli və qısamüddətli reytinqi isə “BВ-/B” səviyyəsində təsdiq edilib.
Paşa Bankı kredit portfelində yüksək konsentrasiyanın olması xüsusilə narahatçılıqla qeyd edilir. Belə ki, bankın 20 kredit müştərisinin ümumi kredit portfelində payı 73% təşkil edir və bu, çox risklidir ”.
Ekspertin sözlərinə görə, neftin ucuzlaşması fonunda yanvarın 30 -da Azərbaycanın suveren reytinqinin “sabit”dən “mənfi”yə salınması (reytinq ВВВ-/А- 3 ) bankların reytinqinin təsdiqində mənfi təsirini göstərib: “Martın 11 -də Fitch agentliyi 6 bankımızın reytiqini nəzərdən keçirib. Agenlik Unibank və Dəmirbankın reytinqini “pozitiv”dən “sabit”ə salıb. AGBank və Bank Technique isə “mənfi” təsdiq edilmişdi. Expressbank və Atabankı isə “sabit”də saxlayıb.
Ötən ay “Moody-s” agentliyi Beynəlxalq Bankın və VTB Bankın reytinqini "mənfi"yə endirmişdi. Yaxın gələcəkdə bankların reytinləqinin zədələnməsi davam edəcək. Digər banklarının mövqelərinin zəifləməsi, ən yaxşı halda mövqelərinin artmaması müşahidə ediləcək. Neft əgər uzun müddət indiki səviyyədə qalarsa banklarımızın mövqelərinin "mənfi"yə düşməsi ehtimalı artacaq. Reytinq agentliklərinin açıqlamaları göstərir ki, bank sektorunu gələcəkdə böyük çətinliklər gözləyir.
Proqnozlara görə, aktivlərin pisləşməsi davam edəcək, problemli kreditlərin həcmi artacaq, ölkədə iqtisadi aktivlik azalacaq. Bu isə bankların gələcəkdə mövqelərinin aşağı düşməsini şərtləndirəcək. Eyni zamanda hesabatlarda hökumətin dəstəyinin verilməsinin vacibliyi qeyd edilir və bankların mövqelərinin qorunmasında bu amil əsas kimi göstərilir
”.

  • Yazılıb
  • da (də) 2015 Mar 24