Tarix : 2014 Mar 02
Kod 42143

İnqilab Əhədli: Bizim Əhli-Beyt kimi bir şəhadət məktəbimiz var

“Torpaqlarımızın işğalından 26 il keçib, yeni bir nəsil böyüyüb. Daha 20 il keçsə, o torpaqlara kim qayıdacaq?
“Torpaqlarımızın işğalından 26 il keçib, yeni bir nəsil böyüyüb. Daha 20 il keçsə, o torpaqlara kim qayıdacaq? Biz gənclərə necə deyəcəyik ki, işğal altındakı torpaqlarımızın azadlığı uğrunda döyüşün?” Bu sözləri Xocalı soyqırımının 22-ci ildönümü ilə bağlı beynəlxalq konfransda çıxış edən xalq yazıçısı Çingiz Abdullayev söyləyib. Çingiz Abdullayevin işğal faktının və status-kvonun indiki kimi saxlanmasının yeni nəsil üçün zərərindən və torpaqların azad olunacağı təqdirdə, yerli əhalinin ora qayıtması problemindən söz açması ilə bağlı Azərbaycan İslam Partiyası (AİP) sədrinin birinci müavini İnqilab Əhədli İslaminsesi.az-a açıqlama verib:
-Öncə Xocalı faciəsinin ildönümü münasibətilə Azərbaycan xalqına dərin hüznlə başsağlığı verirəm. Xocalı faciəsi bizim qan yaddaşımızdır. Və bu faciə Azərbaycanın hər bir vətəndaşı üçün gen yaddaşına çevrilməlidir. Çingiz Abdullayev “müharibə olacağı təqdirdə, yeni nəslin Qarabağı tanımadığına görə onun uğrunda vuruşmayacağı” fikrini gündəmə gətirib. Onun dediklərində müəyyən qədər həqiqət yükü var. Amma bu, o demək deyil ki, Qarabağ torpaqları azad olunmamalıdır.
Belə bir ifadə var - gözdən uzaq olan könüldən də iraq olar. O gənclər ki, Qarabağ işğal olunandan sonra dünyaya gəliblər, bu bölgəmizi görməyiblər, onların təbii ki, itirdiyimiz torpaqlar haqda fikirləri, bu ağrını canı-qanı ilə yaşayanlarla eyni olmayacaq. Nəzərə alsaq ki, bu illər ərzində mətbuat və televiziyalar da problemi lazımı qədər gündəmdə saxlamayıblar, onda Xalq yazıçısının dediklərinə haqq qazandırmaq olar. Özünüz qiymət verin, əgər Xocalı faciəsi ilə bağlı ziyarətə gələnlərin sayı 2 il bundan qabaq 60 mini ötürdüsə, bu il heç bu rəqəmin yarısı qədər də ziyarətçi olmadı. Bu gün bəziləri Qarabağın unudulmasına, torpaqlarımızın gənclərin gen yaddaşından silinib getməsinə səy göstərir. Bunun qarşısını almaq üçün Qarabağ məsələsi ilə bağlı gündəlik olaraq din xadimləri, ziyalılar tərəfindən vətənpərvərlik, milli-mənəvi dəyərlər mövzusunda, şəhadət haqqında söhbətlər aparılmalıdır. Çünki gənc nəslə şəhadətdən danışmaq və onun mahiyyətini açmaq vacibdir. Halbuki televiziya və mətbuatda şou xarakterli verlişlər, yazılar camaatın gözünü döyənək edib. Bu gün milli televiziyalarımız elə verlişlər hazırlayırlar ki, buradakı çirkin təbliğat təfəkkür və düşüncəsi naqis olanlar üçün həddən artıq ziyanlıdır. Məsələn, adi bir mətbəx bıçağının funksiyasını hamımız bilirik. Amma bəzən bu bıçaqla insan qətl edilir. Bıçağı müəssisədə faydalı işlər görmək üçün istehsal edirlər, insan öldürmək düşüncəsi ilə deyil. Televiziya da elə... Reytinq xatirinə təşkil edilən bu şou- proqramlar əvəzinə vətənpərvərlik səpkisində maraqlı verilişlərin hazırlanması, mənəvi dəyərlərimizin önə çəkilməsi daha yaxşı olmazmı? Bu məsələlər baxımından, Çingiz Abdullayevin “yeni nəslin Qarabağ haqqında heç bir təsəvvürü yoxdur” sözü ilə şərikəm. Gənclərimizdə Qarabağ bilgisinin olmamasının kökündə hakimiyyət dairələri dayanıb. İqtidar daxilində müvafiq sahələr üzrə fəaliyyət göstərən məmurlar bu məsələyə biganə yanaşmamalıdırlar. Gənclərimiz düşünməlidir ki, əgər qeyrətim tapdaq altındadırsa, mənim alnıaçıq, üzüağ gəzməyə haqqım yoxdur. Dəxli yoxdur o, harada doğulub-böyüyüb. İşğal faktını qəbul etmək bizim qeyrətimizə, namusumuza uyğun deyil.
Digər tərəfədən,əgər işğal olunmuş torpaqlarımız barədə indiki cavanların anlayışı yoxdursa və bu torpaqların necə işğal olunduğunu görməyiblərsə bu, onların vətənin bölünməz bir parçasına biganə yanaşmalarını göstərmir. Vətənə məhəbbət, şəhidlik zirvəsinə ucalmaq eşqi bizim insanların fitrətində, mayasındadır. Amma gənclər özləri də Qarabağ həqiqətlərini oxumalı, soruşub öyrənməlidirlər. Çünki Muhəmməd (s) peyğəmbər də “vətəni sevmək imandandır” deyib. Bu məsələyə adi məişət nümunəsi timsalında nəzər salaq. Elə insan var ki, yaşadığı evin həyətyanı sahəsi böyükdür və bu üzdən həyətinin o biri başından xəbəri yoxdur. Əgər oğru gəlib onun həyətyanı sahəsinin istifadə etmədiyi hissəsini əlindən alsa torpağın yiyəsi onu verməlidir ki, götür sənin olsun? Ümumilikdə bu onun həyətyanı sahəsidir və öz torpağına görə də mübarizə aparmalıdır. Bu nümunəyə geniş aspektdən, Qarabağ nöqteyi nəzərindən yanaşmaq lazımdır. Bu baxımdan da , mən Çingiz Abdullayevin fikrinə həm də, tənqidi yanaşıram.
Bu gün bizim yeniyetmə və gənclərimiz üçün vətən, Qarabağ sevgisi və onun işğaldan azad olunması ruhunda mövzular yazılmalı, bu səpkidə kinolarımız çəkilməlidir. Bizim tarixi kökümüz və şəhadət məktəbimizin peyğəmbər (s) nəvəsi İmam Hüseyn (ə) kimi işıqlı nümunəsi, Əhli-Beyt məktəbimiz var. Hamımız bu şəhadət məktəbindən dərs almalıyıq. Azərbaycanda insan əxlaqına ləkə gətirən televiziya proqramlarını azaltmaq, onların əvəzinə isə mənəvi dəyərlər səpkisində olan verlişləri hazırlayıb gəncləri maarifləndirmək lazımdır. Çingiz Abdullayev və onun kimi düşünən şəxslər bilməlidir ki, Azərbaycan xalqının imanlı, əqidəli islamçıları var. Əgər bu gün bəzi gənclər öz vətəninin keşiyində dayanmaqdan və müharibə olarsa müharibədən imtina etsələr belə, onların boş qalan yerlərini dolduran əqidəli, şəhid olmağa hazır müsəlman gənclərimiz var.
  • Yazılıb
  • da (də) 2014 Mar 02