Tarix : 2013 Dec 30
Kod 41501

Yeganə Hacıyeva:Rejimlə mübarizəm daha effektiv olacaq

«İstərdim ki, «İlham Əliyevə qarşı birləşək» deyənləri tənqid etdikləri kimi, «İlham Əliyevə kömək edək» deyənləri də tənqid etsinlər»
Bugünlərdə Müsavat partiyasından istefa verən başqanın sabiq müşaviri Yeganə Hacıyevaya qarşı ittihamlar səngimir. O, “facebook” səhifəsində yazdıqlarından kənara çıxmasa da, keçmiş partiyadaşları onun haqqında bəzən təhqirlər də səsləndirirlər. Belə təəssürat yaranır ki, Yeganə Hacıyeva təkcə Müsavatdan deyil, ümumiyyətlə, müxalifətdən gedib, demokratik qüvvələrə ciddi ziyan vurub. Bütün bu məqamlara aydınlıq gətirmək üçün suallarımızı Yeganə Hacıyevanın özünə ünvanladıq:

- Müsavat partiyasından istefa verəndə demişdiniz ki, ictimai maraqlar partiya maraqlarından daha faydalıdır. Nədir o ictimai maraqlar?

- Biz avtoritar bir cəmiyyətdən demokratiyaya keçmək istəyirik. Təbii ki, plüralizm qurmaq istəyirik. Onun şəkliylə imitasiya etmək olmaz. Bu gün plüralizmin maketilə imitasiya etmək deyil, məhz onun həqiqisini qurmaq üçün birləşmək, vahid güc, şəbəkə halında, bir komanda və strategiya ilə mübarizə aparmaq lazımdır. Bu mənada, indiyə kimi olan bütün birliklərin ən faydalısı Milli Şuradır. Mənim fikrimcə, bu ictimai marağın ilkin ifadəsi Milli Şuranı qoruyub saxlamaq, onu daha da böyüdüb xalqla iç-içə bir quruma çevirməkdir. Bunun əksi isə xırda və cəmiyyətə lazım olmayan maraqlardır. Bu, kimə lazımdırsa, onlar Milli Şuranı hər fürsətdə dağıtmaq, ya da onu dağılmış göstərmək istəyirlər və istəyəcəklər. Mən öz fikirlərimdə çox qətiyəm. Ola bilsin ki, indi bu, hamıya tam dəqiq görünmür, amma yəqin ki, fəal siyasət izləyicilər söhbətin nədən getdiyini bilirlər. Hamı bunu yaxın vaxtlarda görmək imkanı əldə edəcək.

- Amma sizə həbsxanadan xəbər göndəriblər, deyirlər ki, siz düz bəyanatlar vermirsiz...

- Allah həbsxanadakı dostlarımın qapısını açsın. Mən onlarla uzun-uzadı polemikalara girmək istəmirəm. Üz-üzə söhbət imkanımızın olacağına inanıram. Amma həm də bəzən öz-özümə düşünürəm ki, Müsavat partiyası onları təkbaşına daha tez azad edə bilər, yoxsa Milli Şura ilə birlikdə? Bu suallar həm də Azərbaycanı demokratiyaya qovuşdurmaq məsələsinə aiddir. Tofiq bəyin fikri mətbuatda getmişdi, güman edirəm ki, bunu da təhrif etdiyimi iddia etməzlər. Amma məsələ mənim nəyisə düz deyib-deməməyimdə deyil. Və ya Müsavat partiyasında neçə nəfərin hansı qərarı dəstəkləməsi mənim üçün o kantekstdə maraqlıdır ki, bu, Azərbaycan cəmiyyətinə hansı faydanı verəcək. Harada, hansı şəraitdə olmasından asılı olmayaq, hər kəs verdiyi qərarın arxasınca gedəcək və hər qərar insanı bir nəticəyə aparır. Biz isə nəticəni görəcəyik.

- Sizə qarşı ittihamlar səngimək bilmir, belə gözləyirdinizmi?

- Əlbəttə ki, xeyr. Düşünürdüm ki, mənim vəziyyətin necə olduğunu bildiyimdən xəbəri olanlar ətraflarına deyəcək ki, belə şeylərə yol verilməsin. Amma bu baş vermədi. Güman edirəm ki, gec deyil. Amma bu da təəssüf doğurur ki, etika yaddan çıxdı. Mən Müsavatda olduğum illərdə təsəvvürümə gətirə bilməzdim ki, adamlar məni təhqir etməyə bu qədər hazır imişlər. Amma biz Azərbaycandayıq və Azərbaycan üçün mübarizə aparırıq. Mən seçim etmişəm və daha böyük marağı seçmişəm. Təhqirlər varsa da, bunlar xırda məsələlərdir. Əsas olan bizim topluma necə faydalı olmağımızdır, siyasətə hansı dili gətirmək istəyimizdir. Mən çox istərdim ki, mənim kimi “Ilham Əliyevə qarşı birləşək” deyənləri tənqid etdikləri kimi “Ilham Əliyevə kömək edək” deyənləri də tənqid etsinlər. Bu artıq bir mesaj olacaq ki, Müsavatda “Ilham Əliyevi dəstəkləyək” deyib qalmaq mümkündür, amma “Ilham Əliyevə qarşı olan birliyi qoruyaq” deyib qalmaq mümkün deyil.

- Fəaliyyətiniz necə olacaq?

- Bu barədə vəziyyət çox qətidir. Əliyevlərlə mübarizəm davam edəcək. Mən hazırkı rejimin Azərbaycanı dağıtmaq və talamaq platformasına qarşı olan birliyin sədr aparatındayam. Biz indi tez-tez yeni strategiya, fəaliyyət planını müzakirə etmək üçün toplaşırıq. Mən öz işimi görəcəyəm, çalışacağam ki, dünya burada nə baş verdiyini bilsin və reaksiya versin.
  • Yazılıb
  • da (də) 2013 Dec 30