Tarix : 2013 Aug 19
Kod 39923

Rüşvət və yüksək faizlər müştəriləri çökdürür

İllik kreditlər “şapka” hesabına 35-40 faizə başa gəlir; Mərkəzi Bankın məlumatına görə, problemli kreditlər ümumi kreditlərin 7 faizini təşkil edir, ekspertlərin iddiasına görə isə, bu göstərici 15 faizə çatıb

Arannews - Məlum olduğu kimi, Azərbaycanda yüksək faizlə kreditlər verilir. Bankların təklif etdikləri kreditlərin faiz dərəcələrinin yüksək olması müxtəlif səviyyələrdə narazılıq və ciddi suallar doğurur. Azərbaycanda bank kreditlərinin yüksək olmasının görünən və görünməyən tərəfləri vardır.

Ekspertlər, görünən tərəflər içərisində bank sistemində inhisarçılıq meyillərinin olması, kredit portfelinə cəlb edilən resursların dəyərinin baha olması, kreditlərin qaytarılmasında risklərin yüksək olması ilə izah edirlər. Ona görə də istər dünya çapında, istərsə də MDB məkanında ən yüksək faizlə kredit verən banklar arasında Azərbaycan bankları ön yerlərdən birini tutur.

Anspress.com saytının məlumatına görə, hazırda Amerika Birləşmiş Ştatlarında istehlak kreditlərinin orta illik faiz dərəcəsi 3-4 faiz, Avropa Birliyi ölkələrində 3-8, Şərqi Avropa ölkələrində 3-10, Türkiyədə 15-20, Ukraynada 24-26, Rusiyada 20 faizdən -25 faizə qədərdirsə, Azərbaycanda bu rəqəm 20 faizdən yuxarıdır. Hətta bank olmayan kredit təşkilatlarının kreditləri 40 faizə çatır. Elə bu səbəbdəndir ki, hazırda ölkədə hər 3 nəfərdən biri banka kredit borclusudur. Kredit alıb problemini həll etmək istəyən sadə vətəndaş nəinki arzusuna çatır, əksinə, ziyana düşməklə problemli kredit istifadəçisinə çevrilir. Çünki banklarda kredit faizləri həddən artıq yüksək olduğundan çox vaxt borc götürən onu geri qaytara bilmir.

Mərkəzi Bankın son açıqlamasına görə, son 6 ayda banklarIn aktivləri 25 faizədək artıb və bu resursların 30 faizə qədəri məhz kreditlərdən əldə olunan vəsaitlər hesabınadır. Lakin bankların gəlirləri artmaqla yanaşı, problemli, yəni qaytarıla bilməyən kreditlərin həcmi də yüksəkdir. Hazırda rəsmi olaraq belə borclar ümumi kerditlərin 7 faizi həcmində göstərilsə də, iqtisadçılar bu statistikanın 15 faizə çatdığını deyirlər. Qüvvədə olan qaydalara görə isə, bu rəqəm 3 faizi ötə bilməz. Faiz dərəcələrinin yüksək olması problemli kreditlərin yaranmasının yeganə səbəbi deyil. Problemi doğuran başqa səbəblər də yetərincədir.

Birincisi, kreditlərin verilməsi zamanı müştərilərdən tələb edilən “şapka” kreditin onsuz da az olmayan faizinin daha da yüksəlməsinə səbəb olur. Tutaq ki, müştəri bankdan illik 26 faizlə 10 min manat kredit götürür. Kredit verilərkən vəsaitin ən azı 1000-1500 manatı ondan rüşvət şəklində alınır. Bu bu isə avtomatik olar bank faizinin faktiki olaraq 35-40 faizə yüksəlməsinə səbəb olur. Sadə hesablama aparaq. 10 min manat 1 il müddətinə 26 faizlə götürülübsə, müştəri əsas borcla banka 12600 manat qaytarmalıdır (10000 əsas borc + 2600 manat faiz borcu). Ancaq kredit ödənişləri hər ay həyata keçirildiyindən faiz borcu 18-20 faizə enir. Çünki hər ay ödəniş etdikcə əsas borcun məbləği azalır, bu da faiz borclarının azalmasına səbəb olur. Ona görə də illik faiz borcu 18-20 faiz arasında olur (bankirlər buna işlək faiz dərəcəsi deyirlər). Ancaq bu müştəri son nəticədə banka 13500 manat (əsas borc 10000 + faiz borcu 2000 + “şapka” 1500) ödəyirlər. Bununla da illik faiz 35 faizə çatır. Bu da kreditin ödənilməsində ciddi problemlər yaradır. Bir neçə azsaylı bankı çıxmaq şərti ilə Azərbaycan bankları bu “sistem”lə işləyir. Bu, problemli kreditlərin yaranmasının əsas səbəblərindən biri, bəlkə də birincisidir.

İkincisi, banklar krediti verərkən müştərinin real gəlirlərinə yox, formal gəlirlərinə üstünlük verirlər. Məsələn, orta və ya ali məktəb müəlliminə problemsiz yaşıl işıq yandıran banklar onlardan bir neçə dəfə çox gəliri olan kiçik biznesmenlərə qırmızı işıq yandırırlar. Bu da kreditlərin qaytarılmasında ciddi problemlər yaradır.

Üçüncüsü, banklar kredit ayırarkən vəsaitin təyinatına ciddi önəm vermirlər. Əksər hallarda kredit təyinatı üzrə xərclənmir və bu da ödənişlərdə ciddi problemlər yaradır. Nəticədə bankların çoxu problemli kreditlərdən əziyyət çəkir. Belə bankların bəziləri məcbur olub bu məsələ ilə məşğul olan ayrıca srtuktur - problemli kreditlər şöbəsi yaradırlar. Yeri gəlmişkən, ölkənin ən iri bankı olan Azərbaycan Beynəlxalq Bankının verdiyi kreditlərin 25 faizi problemli sayılır.

Mərkəzi Bank isə riskləri qabaqlamaq üçün bu ilin sonunadək banklardan nizamnamə kapitallarını 50 milyon manatadək artırmağı tələb edir. Artıq bankların 75 faizi bu tələbi yerinə yetirsə də, bağlanma təhlükəsi olan kiçik banklar da var. Mərkəzi Bank onlara birləşərək kapitallarını artırmağı, yaxud bank olmayan kredit təşkilatına çevrilməyi təklif edir.(Musavat)

  • Yazılıb
  • da (də) 2013 Aug 19