Tarix : 2013 Aug 17
Kod 39894

BDU yataqxanasının unudulmuş sakinləri...

Füzuli və Laçından olan məcburi köçkün ailələri hələ də yarıuçuq binada yaşayırlar

Arannews - Ətrafda tərkedilmişlik havası var. Sakinləri köçürülmüş, içdən-içdən sökülən binalar... Həm şəhərin mərkəzidəsən, həm də xarabalıqda. Yolun hər iki tərəfi taxta-şüşə parçaları, bina dağıntılarıdır. Bakı Dövlət Universitetinin (BDU) bir neçə ay öncəyə qədər məcburi köçkünlərin yaşadığı, indi isə sökülən yataqxanalar şəhərciyindəyik. Çoxları buradakı məcburi köçkünlərin hamısının yeni evlə təmin olunduğunu düşünürsə yanılır. Bəzi yataqxanalarda yaşayanlar var. Nə az, nə də ki, çox burada 4 ailə yaşayır. Füzuli və Laçından olan məcburi köçkün ailələri. Cəmi 12 nəfər. Onlar dövlət tərəfindən unudulduqlarını düşünürlər. 

"Elə bil qızğın döyüş gedən cəbhənin ortasındayıq"

Füzulidən olan məcburi köçkün Səfa Hacıyev söküntülər başlayandan cümə axşamını özünə istirahət günü sayır. Onun sözlərinə görə, yeganə cümə günü yaxınlıqdakı Məsciddə ibadət edənləri nəzərə alıb, söküntü aparmırlar: "Qalan günlər buralara yaxın durmalı deyil. Elə bil cəhənnəmdəsən. Hər tərəf toz-duman, səs-küy. Nə uşaq dözə bilir, nə də ki, böyük. Elə bil qızğın döyüş gedən cəbhənin ortasındayıq. Bunun başqa adı yoxdur".

"Nə işığımız var, nə də qazımız"

Yataqxana şəhərciyində tələbələrdən başqa dörd məcburi köçkün ailəsi qalıb. Hamı köçürüldüyündən, ətrafda isə söküntü işləri aparıldığından binanın işığını, qazını, suyunu kəsiblər. Sakinlər yaxınlıqdakı məsciddən daşıyır suyu. Yeməyi isə binanın işində ocaq qalayıb bişirirlər: "Gün ərzində su daşımaqdan belimiz qırılır. Biri var düz yolla gedib su gətirəsən, biri də var, xarabalıqla. Bizim işimiz qalıb Allaha. Təkcə su dərdi deyil dərdimiz, nə işığımız var, nə də qazımız ".

4 ailə unudulub?

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin məskunlaşdırma şöbəsinin müdiri Sənan Hüseynov köçürülmə zamanı mətbuata açıqlamasında bildirmişdi ki, BDU-nun yataqxanasında yaşayan məcburi köçkün ailələri Müşviq qəsəbəsində tikilən 22 ədəd 5 mərtəbəli binaya köçürüləcək:

"Orada məcburi köçkünlər üçün hər cür şərait var. Mindən çox şagirdin təhsil alması üçün məktəb, bağça, ATS tikilib. Yataqxanalardakı məcburi köçkünlər mərhələli şəkildə bu ərazidəki binalara köçürüləcək”.

"Tutdurublar ki, kompüterdə yoxsan"

Deyildiyi kimi məcburi köçkün ailələri növbə ilə köçürüldü. Ancaq yaddan çıxanlar var. Laçından olan məcburi köçkün Rəfiqə İsgəndərova yataqxanada unudulduqları fikrindədir. O, bütün bunların siyahıya alınma zamanı evdə olmadığından başına gəldiyini söyləyir: "Problem odur ki,mən kompüterə düşməmişəm. Uşağım xəstə olduğu üçün xəstəxanada olmuşam. İndi də mənə deyirlər ki, "sən yataqxana sakini deyilsən". Halbuki, 2004-cü ildən yataqxananın bu gördüyünüz 22-ci otağında yaşayıram. Sənədlərim, qeydiyyatın, hər şeyim qaydasındadır. Ancaq nə çarə? Tutdurublar ki, kompüterdə yoxsan".

"Mən də hamı kimi övladlarımı rahat evdə böyütmək istəyirəm"

Kompüterdə adının olmaması nəticəsində Rəfiqə İsgəndərova bu gün iki körpəsi ilə sökülən binaların əhatəsindəki yarıuçuq yataqxanada yaşayır:

"Bu şəraitsizlikdə uşaqlarıma baxa bilmirəm. Qorxuram ki, xəstə düşüb öləcəyik. İki dəfə adımızın siyahıya salınması ilə bağlı müraciət etmişəm. Deyirlər "mümkün deyil, kompüterdə adınız yoxdur". Yoldaşımdan ayrılmışam. İki uşaq mənim himayəmdədir. Buranı da söksələr heç, qalacağam yaman günə... Hara gedim, kimə müraciət edim bilmirəm. İllərdir birlikdə yaşadığımız qonşularımı Müşviqə köçürüblər. Mən də onlar kimi övladlarımı rahat evdə böyütmək istəyirəm".

"Televiziyalara müraciət edirik gəlmirlər, polisə şikayət edirik üzümüzə baxmırlar"

Sakinlər unudulduqlarını düşünürlər. Baxmayaraq ki, problemləri ilə bağlı indiyə qədər Prezident Administrasiyasına, Nazirlər Kabinetinə, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə müraciət ediblər. Heç bir nəticəsinin olmadığını deyirlər: "Müraciətlərimizə müsbət cavab ala bilməmişik. Hətta rəsmi qurumlardan əlavə, televiziyalara da müraciət etmişik. Ancaq nə gəlib yaşayışımızı çəkib efirə verən, nə də bizi burdan köçürən var. Hətta polisə də şikayət etdik ki, biz içində ola-ola binamızı sökürlər, kömək edin. Cavabları "nə deyirlər edin, köçün deyirlər köçün" , - oldu. Artıq kimə müraciət edəcəyimizi bilmirik. Rəsmi qurumlar deyirlər "siz yataqxana sakini deyilsiniz". Necə yəni deyilik? 20 ildir burda çürüyən biz deyilikmi? Əlimizdə sənədimiz var, baxan yoxdur. Necə olur ki, övladlarımı əsgərliyə çağıranda bu yataqxanaya çağırış göndərirlər. Ancaq indi deyirlər ki, yox, siz burada qeydiyyatda deyilsiniz. Boş söhbətlərdir. Bircə gerçək var: Burda toxun-torpağın içində qalmışıq. Televiziyalara müraciət edirik gəlmirlər, polisə şikayət edirik üzümüzə baxmırlar. Neyləyək?".

"Evdən səs-soraq yoxdur"

Söküntü işlərindən dolayı suları kəsilən sakinlər yaxınlıqdakı Məsciddən vedrələrdə su daşıyırlar. Səfa Hacıyev söküntü aparılan vaxt burada dayanmağın mümkün olmadığından şikayətlənir: "Hər yer toz olur. Vaxtında səhlənkarlıq edib bəzi sənədlərimi qaydaya salmamışdım. Söz verdilər ki, "sənədlərin qaydasına düşən kimi sənə ev veriləcək". İndi bütün sənədlərim qaydasındadır. Ancaq evdən səs-soraq yoxdur. Mən ailəmlə birgə yaçaya biləcəyim ev istəyirəm, başqa heç nə".

4 ailə, 12 sakin, uçuq-sökük yataqxana binası...

Yataqxananın sonuncu sakinləri axıra qədər unudulmaqdan qorxurlar. Rəfiqə İsgəndərova övladlarını burada böyütmək istəmir: "Nə gecəmiz var, nə gündüzümüz. Bütün günü səs-küylə binanı başımıza uçururlar. Bütün ətrafdakı binalar sökülüb. Qalıb bizim bina. Ona da başlayıblar sökməyə. Özü də biz içində yaşaya-yaşaya sökürlər. Uşaqlar qorxularından bütün günü qışqırır. Daha neyləsinlər, böyüklər dözə bilmir bu səsə, qaldı uşaq dözə. Söküntülər bizə kəndimizdəki bombardmanı xatırladır. Bizə deyirlər köçün yandakı yataqxanaya. Biz nəyə görə bir yataqxanadan digərinə köçməliyik? Hamımız məcburi köçkünük. Odur ki, hamı kimi biz də təzə ev istəyirik. Nə fərqi var, bura ya ora? Guya bizi köçürmək istədikləri yataqxana sökülməyəcək? Bir-iki aya ora da növbə çatacaq. Sonra hara gedəcəyik?"

Elçin Qədimov: "Həmin ailələrin məcburi köçkün statusu yoxdur"

Məsələyə aydınlıq gətirən Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Elçin Qədimov yataqxanada qalan ailələrin heç birinin məcburi köçkün statusunun olmadığını söylədir: "Səfa Hacıyevin ailəsinin məcburi köçkün statusu yoxdur. Onlar Füzuli rayonu işğal olunmazdan öncə Bakıya gəlib və həmin yataqxanada məskunlaşıblar. Yeni tikilən evlərsə məcburi köçkünlər üçün nəzərdə tutulduğundan onlara ev verilməyib. Digər ailə isə ümumiyyətlə, köçürülməyə qədər həmin yataqxananın sakini olmayıb. Rəfiqə İsgəndərovanın iddia etdiyi 22-ci mənzildə köçürülməyə qədər Bərdə rayon sakinləri yaşayıb. O isə həmin binaya sonradan, köçürülmə zamanı gəlib. Təbii onlara da ev düşmür".Sakinlər isə bu fikirdə deyillər. Onlar məcburi köçkün ola-ola yeni evlə təmin olunmadıqlarını, bu vəziyyətə çarə tapılmayınca təklif olunan digər yataqxanalara getməyəcəklərini deyirlər:  "Ev olmasa köçən deyilik. Binanı başımıza uçursalar da çıxmayacağıq".(bizimyol)


  • Yazılıb
  • da (də) 2013 Aug 17