Tarix : 2013 Aug 15
Kod 39885

Hicab məhbusunun hüquqları tapdanır

Aksiyadan bir il sonra həbs olunan Nihad Qəhrəmanov ağır maddələrlə günahlandırılır

Aksiyadan bir il sonra həbs olunan Nihad Qəhrəmanov ağır maddələrlə günahlandırılır

HaqqYolu - 2012-ci il 5 oktyabr aksiyasında iştirakda ittiham olunaraq həbs olunan Zəngilan sakini Nihad Qəhrəmanovun hüquqları pozulur. Bu barədə “Yeni Müsavat”a N.Qəhrəmanovun vəkili Bəxtiyar Hacıyev məlumat verib.

Onun sözlərinə görə, 1979-cu il təvəllüdlü 5 uşaq atası Qəhrəmanov 2012-ci il 5 oktyabr hicab aksiyasında iştirakda ittiham olunaraq bu ilin yayında həbs olunub. Vəkilin bildirdiyinə görə, N.Qəhrəmanov bu il keçirilən məhkəmə proseslərindən birində iştirak edərkən qeydiyyata alınıb və MTN əməkdaşları tərəfindən həbs olunub.

Hacıyev deyir ki, N.Qərhəmanovun aksiyada polisə müqavimət göstərməsi ilə bağlı hər hansı dəlil olmasa da, prokurorluq ona qarşı 315.1 maddəsini də tətbiq edir. Halbuki, hətta şahidlər N.Qəhrəmanovun polisə müqavimət göstərmədiyini bildiriblər: “Nihad Qəhrəmanova qarşı 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315.1 maddələrlə cinayət işi açılıb. Bu maddələrə görə, onu 3 ilə qədər həbs gözləyir. Müstəntiq İlyas Seyidov bildirib ki, rəhbərliyin göstərişi var, 315-ci maddə əlavə olunmalıdır. Ancaq videogörüntülər və şahid polislər də üzləşmədə onun heç bir müqavimət göstərmədiyini bildiriblər. Buna baxmayaraq sifariş əsasında istintaq N.Qəhrəmanova iki maddə ilə cinayət işi aparır. Lakin 2 ay ərzində Bakı Şəhər prokurorluğu heç bir istintaq hərəkəti aparmayıb. Yalnız 3 ay həbs müddəti artırılanda polislə üzləşmə keçirilib”.

Nihad Qəhrəmanov 5 oktyabr aksiyasında iştirak etsə də, görüntülərə və şahid ifadələrinə əsasən yalnız əlində şüar tutub. Bu isə qanunla cinayət məsuliyyəti yaratmır. Vəkilin sözlərinə görə, artıq 5 oktyabr aksiyası iştirakçılarının məhkəmə prosesi başa çatıb və 35 nəfər məhkəmə hökmü ilə cəzalandırılıblar. O, aksiyadan təxminən bir il sonra N.Qəhrəmanovun həbs olunaraq məsuliyyətə cəlb olunmasını sifariş hesab edir: “Bundan başqa həbs olunarkən üzərindən 17 min ABŞ dolları tapılıb. Həmin pul Baş Prokurorluğun göstərişi ilə depozitə qoyulub, yəni belə desək, dondurulub. Baxmayaraq ki, istintaq müəyyən edib ki, bu pul başqasına məxsusdur, çünki N.Qəhrəmanov ev alğı-satqısı ilə məşğul olub. Amma prokurorluq pulu geri qaytarmır. Qapalı məhkəmə iclasında bildirdim ki, prezident İlham Əliyev inauqurasiyada Qurana əl basıb and içir. Hicab da Qurandan gələn geyimdir, bir dindarı buna görə həbs edib 3 ilə qədər həbs vermək ədalətsizlikdir. Ancaq məhkəmə buna münasibət bildirmədi”.

Xatırladaq ki, 2012-ci il oktyabrın 5-i Bakıda, Təhsil Nazirliyinin binası qarşısında keçirilmiş “Hicaba azadlıq” aksiyasında polislə kəskin qarşıdurma olub. Hadisəyə görə həbs olunanların məhkəməsi qruplarla aparılıb, 35 nəfər azadlıqdan məhrum edilib.

KƏNAN


  • Yazılıb
  • da (də) 2013 Aug 15