Tarix : 2013 Aug 15
Kod 39883

Hələ vaxtımız var, gözləməliyik”

19 avqust sessiyasında namizəd məsələsinə baxılacaq və qərar veriləcək

19 avqust sessiyasında namizəd məsələsinə baxılacaq və qərar veriləcək

HaqqYolu - Demokratik Qüvvələrin Milli Şurasının üzvü, EL hərəkatının liderlərindən olan Eldəniz Quliyev “Media forum” saytının suallarını cavablandırıb.

 

 

-Milli Şuranın 12 avqust sessiyasında prezidentliyə namizəd haqda qərar niyə qəbul edilmədi?

- Milli Şuranın sessiyası normal keçdi. Açığı, mən ciddi qarşıdurma gözləyirdim. Amma problem olmadı, hamı bir-birini anlayışla qəbul etdi, xoş niyyət göstərdilər. Toplantıda iki təklif səsləndirildi: ziyalılardan birinin Milli Şuranın ehtiyat namizədi seçilməsi və əsas namizəd mexanizminin işə salınması. İkinci təklifi Rüstəm İbrahimbəyov irəli sürüb, bu, şura üzvlərinə yazdığı məktubda əksini tapıb. Hər iki təklifi səsləndirən tərəflər kompromislərə hazır olduqlarını, Milli Şuranın demokratik qüvvələrin mübarizə platforması və birliyi kimi qorumağı vacib hesab etdilər. 12 avqust sessiyasında qəti qərar qəbul etməyə ehtiyac da yox idi. Milli Şuranın vahid namizədi Rüstəm İbrahimbəyovun sənədlərini qaydaya salması üçün nəzərdə tutulan vaxt limiti tükənməyib. Onun sənədlərini qaydasına salması, Rusiya vətəndaşlığından çıxması haqda məsələni həll etməsi son mərhələdədir. Biz ümid edirik ki, bu məsələ həll olunacaq. Hələ vaxtımız var, gözləməliyik. Çünki Rüstəm İbrahimbəyovun vahid namizədliyinin sonadək müdafiə olunması məsələsində hamı bir mövqedən çıxış edir. Tərəflər hamısı bu məsələdə konsensusa gəlib.

 

- Ehtiyat namizəd olaraq kimlərin adları hallandı?

- Sessiyada tarixçi alim Cəmil Həsənlinin, keçmiş deputat Gültəkin Hacıbəylinin, riyaziyyatçı alim Rafiq Əliyevin, “Turan” informasiya agentliyinin direktoru Mehman Əliyevin namizədliyi irəli sürüldü. Bunlar ehtiyat namizəd variantı üçün edilən təkliflərdir. Bundan başqa, Rüstəm İbrahimbəyov Milli Şura üzvlərinə məktub yazıb. Orada qeyd edib ki, əgər fors-major vəziyyəti yaranarsa, onda Milli Şuranın əsasnaməsinə uyğun olaraq vahid namizəd konsepsiyası əsas namizəd prinsipi ilə əvəz olunsun. Bu da onu nəzərdə tutur ki, əgər siyasi partiya liderlərinin namizəd olmaq istəyi, dəstəyi, şansı, resursları, maliyyə imkanları varsa, prezidentliyə namizədliklərini irəli sürürlər. Seçkiyə az qalmış konsensus yolu ilə bir nəfər əsas namizəd olur və Milli Şura seçkiyə yenə də vahid namizədlə gedir. Səsverməyə on gün qalmış əsas namizəd vahid namizədə çevrilir. Sessiyada müzakirələr bu aspektdə aparılıb.

 

- Cəmil Həsənli, Gültəkin Hacıbəyli və Mehman Əliyev sessiyada iştirak edirdilər. Onlar namizəd olmaqları haqda hansısa fikir bildirdilərmi? Buna razıdırlarmı?

- Onlar dedilər ki, indiki mərhələdə Rüstəm İbrahimbəyov müdafiə olunmalıdır. Çünki vaxt limiti tükənməyib, onun sənədlərinin qaydaya düşməsini gözləmək daha məqsədəuyğundur.

 

- Əsas namizəd kim və ya kimlər ola bilər?

- Əsas namizəd konsepsiyasının ilk mərhələsində Milli Şura dominantlıq edə bilməz. Bunu siyasi partiyalar reallaşdıracaqlar, liderlər namizədliklərini irəli sürəcəklər. Milli Şura dəstək və tövsiyə verə bilər. Eldar Namazov, İsa Qəmbər, Əli Kərimli, Mirmahmud Mirəlioğlu, Lalə Şövkət ilk mərhələdə əsas və sonda isə vahid namizəd ola bilərlər. Adlarını çəkdiyim liderlər 20 ildir hazırkı hakimiyyətlə mübarizə aparırlar. Əli Kərimli dedi ki, Rüstəm İbrahimbəyovu sonadək dəstəkləyəcək. AXCP sədrinin mövqeyi ondan ibarətdir ki, Rüstəm İbrahimbəyov sonadək müdafiə olunmalıdır, əgər alınmasa, partiya mənsubiyyəti olmayan başqa bir ziyalının namizədliyi irəli sürülməlidir.

 

- Milli Şuranın avqustun 19-da keçiriləcək sessiyasında namizədlə bağlı qərar veriləcəkmi? 19 avqust qərar verilməsi üçün son tarixdir?

- Mərkəzi Seçki Komissiyasının təlimatlarını nəzərdən keçirsək, 19 avqust son tarixdir. Bundan sonra vaxt qalmır. Ona görə də 19 avqust sessiyasında namizəd məsələsinə baxılacaq və qərar veriləcək.


  • Yazılıb
  • da (də) 2013 Aug 15