Tarix : 2013 Aug 11
Kod 39831

Altı ayda Səngəçal terminalından 144 milyon barel neft ixrac edilib

Birinci yarım il ərzində “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan sualtı boru kəmərləri vasitəsilə Səngəçal terminalına göndərilən 144 milyon barel neft ixrac edilib

Arannews - Birinci yarım il ərzində “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan sualtı boru kəmərləri vasitəsilə Səngəçal terminalına göndərilən 144 milyon barel neft ixrac edilib.

Gün.Az-ın operator “Bp-Azerbaijan” şirkətinə istinadən verdiyi xəbərə görə, bu həcmdə neftin 87%-i və ya 126 milyon bareli Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri vasitəsilə ixrac olunub.

Hesabat dövründə, terminaldan 14 milyon bareldən artıq neft Qərb İxrac Boru Kəməri marşrutu (QİBK), təxminən 3 milyon barel dəmir yolu vasitəsilə və təxminən 0.95 milyon barel kondensat ixrac kəməri vasitəsilə ixrac olunub.

Terminal, həmçinin yarım il ərzində gündəlik orta hesabla 27 milyon standart kub metr (950 milyon standart kub futdan artıq) “Şahdəniz” qazı ixrac edib.

Səngəçal terminalının texniki emal sistemlərinin gündəlik gücü hazırda 1,2 milyon barel neft və “Şahdəniz” qazı üçün 966 milyon standart kub fut və ya 27,4 milyon standart kub metr qaz, ümumi qaz emalı və ixracı gücü isə (AÇG səmt qazı da daxil olmaqla) gündəlik təqribən 41,5 milyon standart kub metr təşkil edir.

Qaz terminaldan əsasən Cənubi Qafqaz Boru Kəməri (CQBK) və terminalın qaz emalı obyektlərini Azəriqazın qazpaylama sistemi ilə birləşdirən SOCAR-a məxsus qaz kəməri ilə ixrac olunur.

  • Yazılıb
  • da (də) 2013 Aug 11