Tarix : 2013 Aug 02
Kod 39744

İslamçılar Şəhidləri ziyarət etdilər/"Qüds, Qarabağ azad olsun, işğalçılar məhv olsun!"

Qüds bu mənada həm də zülmə, işğala məruz qalmış xalqların azadlıq simvoludur

Beynəlxalq Qüds Günü ilə əlaqədar bütün dünyada olduğu kimi Azərbaycanda da tədbirlər keçirilir. Azərbaycan İslam Partiyasının bir qrup üzvü də səhər saatlarında "Qüds, Qarabağ azad olsun, işğalçılar məhv olsun!" şüarı ilə Şəhidlər Xiyabanını ziyarət etdilər. Ziyarətin sonunda çıxış edən AİP-in sədr müavini İnqilab Əhədli bildirdi ki, bu cür tədbirlərin Azərbaycanda keçirilməsi xüsusilə vacibdir: "Ona görə vacinbdir ki, bizim Qarabağ torpaqlarımız işğal altındadır. Və bu torpaqlar Qüdsün işğalını davam etdirən beynəlxalq sionizmin əlaltısı Ermənistan tərəfindən zəbt olunub. Bizim də bura toplaşmağımıza səbəb odur ki, torpaqlarımız uğrunda şəhid olanların ruhu qarşısında öz vicdanımızın azadlığını göstərək. Göstərmək istəyirik ki, baxmayaraq siz şəhid olmusunuz, amma bilin, Azərbaycan islamçıları, müsəlman xalqımız oyaqdır, vətəninə dayaqdır. Sizin qanınızı almaq üçün, torpaqlarımızı almaq üçün canımızdan keçməyə hazırıq. Bu torpaqlar bizim mənəvi dəyərimiz olduğu kimi, həm də milli dəyərimizdir."

Aksiyanın sonunda qətnamə oxunub. Qətnamədə deyilir:
   Dünya yaranandan  xeyirlə şər, haqla batil, ədalətlə zülmkarlıq arasında mübarizə gedir. Məhz bu   gün  bu mübarizənin mərkəzində  duran müsəlman dünyasının paytaxtı müqəddəs Qüds şəhəri zülm altında inləyir. Uğrunda qanlar axıdılan bu vəhy məkanı, müsəlmanların ilk qibləğahı sionizmin ən ağır zülmlərinin şahididir.  Məhz buna görə də  İran İslam İnqilabının banisi  Xomeyni Rizvanullah otuz il  bundan əvvəl  élan etdiyi Beynəlxalq Qüds Gününü zalıma və  zülmə, işğala və İslam düşmənlərinə qarşı  mübarizə  simvolu kimi  xarakterizə etmişdir.
     Bu mübarizənin nəzəriyyədən təcrübəyə, niyyətdən və şüardan əməli fəaliyyətə  keçməsi dövrü  artıq yetişmişdir. Müsəlmanlar, dünyanın sülhsevər xalqları  zülmə qarşı susduqca yeni-yeni faciələr, işğallar,  məzlum xalqlara qarşı  Somali və  Bəhreyndə, İraq və Əfqanıstanda, Suriya və Misirdə, Azərbaycanda, Qarabağda Xocalı soyqırımı kimi  bəlalar  törədilir.
   Qüds bu mənada  həm də zülmə, işğala məruz qalmış xalqların azadlıq  simvoludur. Qüdsün azadlığı  bəşəriyyət üçün sülh və  firavanlıq  içində yaşamaq sınağıdır. Dünyanın  bu kimi ağrılı problemləri durduqca xalqların azadlığından  söhbət gedə bilməz. Zalımlar zülmləri ilə  öyünürsə, zorla, özgə xalqların qanı bahasına  əldə etdikləri sərvət və torpaqları qənimət hesab edirlərsə, bu əməlin  qarşısında  yalnız əks əməl dayanmalıdır. Zalımlar yerində oturdulmalı, Beynəlxalq təşkilatlar qaniçən rejimləri  qanunla yaşamağa məcbur  etməlidirlər.
    Amma  bu gün nə  təcavüzkar sionist rejimə, nə də işğalçı  Ermənistana qaşın üstə gözün var deyən toxdur. Bu insan qatillərindən müdafiə olunmaq istəyənləri isə onların havadarları  asanlıqla terrorçu adlandırır, öz ata-baba  torpaqları uğrunda  mübarizə aparmağa imkan vermirlər.
     Azərbaycan İslam Partiyası bütün dünya müsəlmanlarını, sülhsevər bəşəriyyəti zülm və istismara qarşı birgə mübarizəyə səsləyir. Hesab edirik ki, Qüds Günü hər kəsin günü, işğal  olunmuş  müsəlman torpaqları  hər  kəsin problemi olmalıdır. Nə bir an  belə Qüdsü nə də düşmən tapdağında qalan torpaqları unutmaq olar.

  • Yazılıb
  • da (də) 2013 Aug 02