Tarix : 2013 Jul 27
Kod 39713

Bakı ilə Tehran Suriya və Fələstin məsələsində eyni mövqedədir

İran İslam Respublikasının Azərbaycandakı səfiri Möhsün Pak Ayinin İslamınsesi.az saytına eksklüziv müsahibəsi

İran İslam Respublikasının Azərbaycandakı səfiri Möhsün Pak Ayinin İslamınsesi.az saytına eksklüziv müsahibəsi.

 

-Həsən Ruhanini prezident seçən İran xalqı reformlar gözləyir. Ölkədə islahatlar başlıca olaraq hansı sahələri əhatə edəcək?

 

-İran xalqının seçkilərdən kimi qalib çıxaracağını əvvəlcədən bilmək mümkün olmur. İran xalqı seçimini çox yaxşı edə bilir. Həsən Ruhaninin ən əhəmiyətli islahatı iqtisadi sahələri əhatə edəcək. Zənnimcə, iqtisadiyyatın idarə olunması cənab Ruhaninin apardığı siyasətin ən əhəmiyyətli bir hissəsini əhatə edəcək. Bu yanaşma həm ölkənin daxilinə, həm də xarici iqtisadi əlaqələrinə yönələcək.

Bu, ən qısa zamanda iqtisadiyyatın bərpa olunmasına şərait yaradacaq düzgün əməkdaşların və idarəetmə formalarının seçilməsi, yeni layihələrin həyata keçirilməsilə təzahür edəcək.

 İqtisadiyyatın inkişafında 3 başlıca mövzu nəzər alınmalıdır- inflasiyanın və bahalaşmanın qarşısının alınması, yeni iş yerlərinin açılması. Bu istiqamətdə qısa zamanda və təsirli tədbirlər görülməlidir.

Xarici iqtisadi əlaqələrdə başlıca diqqət əvvələr əhəmiyyət verilməyən istiqamətlərə və tərəfdaşlara yönəlməlidir. İran üçün xarici iqtisadi siyasətdə ABŞ və Avropanı çıxmaq şərtilə, digər partnyorlarla əməkdaşlıq əlaqələri yaratmaq prioritet təşkil edir. Ölkəmizin iqtisadi maraqları Latın Amerikası, Afrika və Asiya ölkələri ilə əlaqələrin genişlənməsinə yönəlib və bu sahədə önəmli uğurlara imza atmışıq. Bu çərçivədə qonşu ölkələrlə sıx əlaqələrin qurulması siyasətimizin vacib istiqamətlərindəndir. Bunun üçün müzakirələr davam etdirilməlidir. Amma H.Ruhani də bildirmişdi ki, İran xalqının haqlarının müdafiəsindən, dövlətin başlıca prinisiplrindən, o cümlədən nüvə enerjisindən dinc məqsədlərlə istifadə etməkdən heç vaxt vaz keçilməyəcək.

 

-H.Ruhani prezident seçiləndən həmən sonra İranın xarici işlər naziri cənab səfirə Azərbaycanla əlaqələrdə yeni mərhəyə keçilməsi ilə bağlı tapşırıqlar verib. Ölkələrimiz arasında münasibətlərdə yeni baxışlar nədən ibarətdir?

 

-H.Ruhani çıxışlarında qonşuları ilə münasibətləri ölkənin xarici siyasətində prioritet məsələ kimi göstərib. Qonşularımız arasında Azərbaycanla ən dərin, sıx müştərək , bizi bir-birinə bağlayan tellər daha çoxdur. Böyük quru sərhəddə malikik. Enerji, ticarət sahəsi və Xəzərdə geniş və perspektivli əməkdaşlığımız var.

İran-Azərbaycan marşrutu çox əhəmiyyətli tranzit marşrutudur. Odur ki, energetika, tranzit və ticarət sahəsində yeni əməkdaşlıq mərhələsinə keçəcəyimizi proqnozlaşdırmaq olar. İran İslam Respubikası Azərbaycan vətəndaşlarının ölkəyə girişi üçün vizasız rejim tətbiq etməsi ölkələr arasında turizmin inkişafı üçün əhəmiyyətli addımdır. İstirahət, ziyarət və müalicə turizmi sahəsində imkanlarımız böyükdür. Buna görə də, turizm sahəsinə xüsusi önəm verilməlidir. Müştərək mədəniyyətə sahib olmağımız bu sahədə qarşılıqlı təmasların genişləndirilməsi və tanışlıq üçün dəyərlidir.

Azərbaycan xalqının əksəriyyəti şiə müsəlmandır. Onlar İrandakı ziyarətgahlarda olmağa can atırlar. İran tibb sahəsində böyük uğurlara nail olub. Bundan əlavə İranın müxtəlif tibb müəssisələrində xidmət haqqı ucuz olduğu üçün Azərbaycan vətəndaşları bu imkandan istifadə edirllər.

 

- İran dəniz sərhədlərinin qorunmasına İslam İnqilabının mühafizləri korpusunun (SEPAH) cəlb olunması nə ilə əlaqədardır?

 

-İranın sərhədlərini sərhəd qoşunları qoruyur. SEPAH Pasdaran qüvvələri isə ölkənin müxtəlif bölgələrində, o cümlədən sərhədlərdə də xidmət çəkir.

İranın silahlı qüvvələri vahid bir təşkilata tabedir. İran sərhədlərini qorumaq bu qüvvələrin hamısının borcudur. Burda qeyri-təbii heç nə yoxdur. Xəzər dənizinin təhlükəsizliyinin qorunması bütün bölgə ölkələri üçün əhəmiyyətlidir.

Bölgə ölkələrinin gəlirlərinin xeyli bir hissəsi dəniz vasitəsilə əldə olunur. Buna görə də, dənizin güvənliyinin qorunması xüsusi önəm daşıyır.

Bu sahədə Azərbaycanla fikir ayrılığımız yoxdur. Hər iki ölkə bu fikirdədir ki, hövzə hərbiləşdirilməməlidir. Həmçinin Xəzər dənizindən kənar ölkələrin hövzəyə müdaxiləsini istəmərik. Bəzi məsələlərdə fikir ayrılıqlarımızın olması isə təbiidir.

Hər bir dövlət Xəzər dənizində öz mənafeləri çərçivəsində addımlar atmağa çalışır. Hər bir tərəf öz mənafelərini qorumaq üçün daha çox müzakirələr etmək istəyir. Xəzərətrafı dövlətlər hövzənin statusu ətrafında siyasi mövqeyə nail ola biliblər. Artıq Xəzər dövlətlərinin bu məsələdə baxışları əvvəlkindən daha çox bir-birinə yaxınlaşıb. Odur ki, yaxın zamanlarda Xəzər dənizinin statusunun müəyyənləşməsi məsələsində razılıq əldə olunar.

 

- Xəzər hövzəsində Rusiya və İranın hərbi aktivliyini Yaxın Şərqdəki, xüsusilə Suriyadakı gərginliklə, Moskva və Tehranın bölgədə fəallaşması ilə əlaqələndirmək olar. Xəzər hövzəsinin dünya gücləri tərəfindən bölünməsi uğrunda savaş şiddətlənir. Siz bu haqda nə düşünürsüz?

 

-Hər bir Xəzəryanı ölkənin borcu məntəqənin təhlükəsizliyinə diqqət etməkdir. Hərbi təlimlərin əsas səbəblərindən biri güvənliyin qorunması və mümkün təhlükəyə qarşı hazırlıqlı olmaqdır. Bu təlimlər sülh məramlıdır və əmin-amanlığa xidmət edən tədbirlərdir. Tehran və Moskvanın Suriya məsələsində baxışları eynidir. İran və Rusiyanın Xəzər dənizində əməkdaşlığı Suriya məslələrindən çox əvvəl mövcud idi və bu problem həll olunandan sonra qalmaqda davam edəcək.

 

- Bu mənada Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin İrana səfərində ölkələrimiz arasında Suriya məsələsinə baxışlarda yaxınlaşmalar əldə olunduğu qeyd edilir. Bu yaxınlaşma nədən ibartədir?

 

-R.Mehdiyevin İrana səfərinin müxtəlif hədəfləri vardı. İkitərəfli münasibətlər, regional və beynəlxalq məsələlər. İran və Azərbaycanın Suriya məsələsində münasibətləri çox yaxındır. Hər iki ölkə Suriya münaqişəsinin hərbi yolu olmadığı qənaətindədir.

Həm Tehranda , həm də Bakıda düşünürlər ki, Suriya xalqı kənar qüvvələrin müdaxiləsi olmadan daxili məsələsini özü həll etməlidir. Hər iki dövlət kobud güc işlətməyin əleyhinədir.

 

-İran son dövrlər Dağlıq Qarabağ məsələsində aktivlik nümayiş etdirir, İran hər iki ölkənin ictimaiyətində Tehranın vasitəçilik rolunun vacibliyi və səmərəliliyi fikri formalaşdırılır…

 

-Dağlıq Qarabağ münaqişəsi həll olunmalıdır. Nə qədər ki, problem həl olunmayıb bölgədə savaşın yenidən alovlanması təhlükəsi qalmaqdadır. İran hər iki münaqişə tərəfi ilə böyük quru sərhədinə malikdir. Bölgədə təhlükəsizliyin istənilən şəkildə pozulması İrana mənfi təsir edəcək.

ATƏT-in Minsk qrupunun münaqişənin həllində doğru yol tutmayıb və müsbət nəticəyə nail olmayıb. Bu isə bölgədə stabilliynin pozulmasına təkan verir. Bu səbəbdən də Tehran münaqişənin həllinə kömək etməyə çalışır. Minsk qrupunun münaqişəni çözmək gücündə olduğunu görsəydik məsələyə qarışmazdıq. Həmçinin belə bir fikirdəyik ki, münaqişə bölgə dövlətləri çərçivəsində həll olunmalıdır. Məntəqə dövlətləri Dağlıq Qarabağ münaqişəsinin həllinə daha ciddi yanaşmalıdırlar.

 

-İranla yanaşı Türkiyə də münaqişədə vasitəçilik iddiasındadır. Ankara və Tehranın bu rolunun təsdiqlənməsi üçün nə lazımdır?

 

-Digər ölkələrin münaqişənin həllində şansı azdır. Bunun müxtəlif səbəbləri var. İranın hər iki münaqişə tərəfi ilə böyük quru sərhəddi var. Buna görə də Teranın vasitəçilikdə üstünlükləri daha çoxdur.

Biz bütün bölgə dövlətlərinin münaqişənin həllinə yardımını alqışlayacağıq.

Məntəqə ölkələri münaqişənin həlli üçün bütün imkanlarından istifadə etməlidr.

 

-Qüds günü yenidən yaxınlaşır. Azərbaycan üçün bu gün xüsusi önəm daşıyır, çünki rəsmi Bakı Dağlıq Qarabağ münaqişəsini də Qüds günü kimi müsəlman dünyasının problemi səviyyəsinə qaldırmaq istəyir. Azərbaycanın Fələstinlə əlaqələri də sürətlə inkişaf etməyə başlayıb. Azərbaycan-Fələstin münasibətlərinin Azərbaycan-İran münasibətlərində xüsusi yeri varmı?

 

 

 

-Fələstin xalqına dəstək olan hər bir dövləti biz himayə edəcəyik. Bu, bizim Azərbacanla eyni mövqedə olduğumuz məsələlərdən biridir.

 

-Misirdə yenidən çevriliş baş verdi. Bunun Yaxın Şərq və Fars körfəzilə yanaşı kiçilmiş dünyada Qafqaza da böyük təsiri var. Misirdəki proseslərin istiqamətini dəyişmək mümkündürmü?

 

-Hər bir ölkədə dəyişiklik xalqı istəyi və seçimi ilə olmalıdır. Xarici qüvvələr hadisələrə müdaxilə etməməlidirlər. Suriya xalqının əksəriyyəti Bəşər Əsədi dəstəkləyir.

Onlar islahatı istəyir, amma hazırki iqtidarın yanındadırlar. Buna görə də, Qərbin və ərəb ölkələrinin Suriya müxalifətini dəstəkləməsinə baxmayaraq, B.Əsədi devirə bilmirlər.

Amma Liviyada xalq Qəddafini dəstəkləmirdi və müxalifət onun hakimiyyətini devirdi. On görə də, bir təkid edirik ki, ölkənin taleyini xalq həll etsin.

 

-Amma Misirdə xalq Mursini seçdi və 2 ildən sonra devirdi…

-Ümid edirik ki, gələcəkdə yenə də xalqın səsi nəzərə alınacaq. Nəzərə alın ki, Misirdə Mursi 51% səslə qalib gəlmişdi. Onun əleyhidərları ilə şansı bir-birinə çox yaxın idi. Xalqın himayəsi nə qədər çox olarsa, hökumətlər daha sabit şəkildə dövləti idarə edərlər.

 

 

  • Yazılıb
  • da (də) 2013 Jul 27