Tarix : 2013 Jul 23
Kod 39671

Neft Fonduna “süpürgə çəkirlər”

Qubad İbadoğlu: «Neft gəlirlərinin xərclənməsi bir nəfərin əlindədir»

Qubad İbadoğlu: «Neft gəlirlərinin xərclənməsi bir nəfərin əlindədir»

HaqqYolu - 2013-cü ilin yanvar-iyun ayları ərzində Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) büdcə gəlirləri 6 726,4 milyon manat, büdcə xərcləri isə 5 791,2 milyon manat təşkil edib. Fondun məlumatına görə, 2013-cü ilin ilk altı ayı ərzində Dövlət Neft Fondunun neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 6 488,7 milyon manat, o cümlədən mənfəət neftinin və qazın satışından 6 482,8 milyon manat, akrhesabı ödənişlər 1,7 milyon manat.

Qeyd edək ki, ARDNF-ə son 12 ildə daxil olan 83,7 milyard dolların 49,6 milyard dolları istifadə edilib. 2001-2012-ci illər ərzində Neft Fondunun daxilolmaları 83,7 milyard dollar, 2012-ci ilin sonuna fondun vəsaiti isə 34,13 milyard dollar olub. Vəsaitlərin 49,6 milyard dolları (59,2 faiz) istifadə edilib, 34,1 milyard dolları isə yığıma yönəldilib.

Son 10 il ərzində fondun xərclənən vəsaitlərinin təxminən 44 milyard dolları (35 085,0 milyon manat) dövlət büdcəsinə transfertlər təşkil edib, qalan məbləğ isə digər layihələrin maliyyələşməsinə sərf olunub.

ARDNF-dən dövlət büdcəsinə transfertlərə 2003-cü ildən başlanılıb. Həmin ildə büdcə gəlirlərində Neft Fondundan transfertin payı 8,2 faiz olub. 2006-cı ildə 15,1 faizə, 2010-cu ildə 51,9 faizə 2012-ci ildə 57,3 faizə yüksəlib. 2003-cü ildə dövlət büdcəsinə transfertin məbləği 100 milyon manat idi. 2008-ci ildə isə bu, 3,8 milyard manata, 2010-cu ildə 5,915 milyard manata, 2012-ci ildə 9,9 milyard manata çatıb.

Maraqlıdır ki, yarandığı zaman neftdən gələn gəlirləri gələcək nəsillərə ötürməyi qarşısına məqsəd qoyan Neft Fondundan hazırda yığılan vəsaitlərin yarıdan çoxu xərclənib. Hazırda yürüdülən siyasət nə vəd edir və belə davam edərsə Azərbaycan iqtisadiyyatını nələr gözləyir?

Iqtisadçı Qubad Ibadoğlunun fikrincə, hazırkı siyasət davam edərsə, Neft Fondundan xərclənmə səviyyəsi daha yüksək olacaq. Ölkədə xüsusilə neft gəlirlərinin xərclənməsiylə bağlı müxtəlif yerli və regional proyektlərin olduğunu deyən Q.Ibadoğlu vurğuladı ki, bu sıraya “Ağ şəhər”, TAP, Qars-Axalkalaki layihələrini aid etmək olar: “Əslində Neft Fondundakı vəsaitlərin hansı miqdarının xərclənməyə, hansı miqdarının isə yığıma göndərilməsi barədə məlumat yoxdur. Sadəcə olaraq neft və qaz gəlirlərinin uzunmüddətli dövrdə idarə olunması strategiyası var. Həmin strategiya neft və qaz hasilatının ”pik dövründə" əldə olunan gəlirlərin 25 faizinin gələcək nəsillər üçün saxlanılmasını nəzərdə tutur. Neft hasilatının pik dövrünün hansı dönəmi əhatə etdiyi barədə sənədlərdə heç bir dəqiqləşdirmə yoxdur. Amma nəzərə alsaq ki, elə Azərbaycan neft hasilatının pik dövrünü yaşayır, o zaman Neft və Qaz gəlirlərinin idarəedilməsi strategiyasının tələbi pozulmuş olur. Çünki keçən illərdə əldə edilmiş neft gəlirlərinin 78 faizindən çoxu xərclənib. Bu isə o deməkdir ki, yığıma yönəldilən vəsait 25 faizdən az olub. Bu il isə əldə ediləcək neft gəlirlərinin 100 faizdən çoxunun xərclənməsi gözlənilir".

Ölkədə neft pullarının xərclənməsini bir nəfərin idarə etdiyini deyən Q.Ibadoğlu vurğuladı ki, burada nə parlamentin, nə də ictimaiyyətin iştirakı var. “Yəni qərarlar inhisardadır. Siyasi hakimiyyət nə qədər neft gəlirlərinin xərclənməsini lazım bilirsə, o qədər də vəsaitin xərclənməsinə sərəncam verir”, deyə Q.Ibadoğlu vurğuladı.(azadlıq)

 

  • Yazılıb
  • da (də) 2013 Jul 23