Tarix : 2011 Sep 03
Kod 25112

Dindarların məhkəməsindən reportaj

well/Aran agentliyi

 

Azərbaycan İslam Partiyasının (AİP) sədri Mövsüm Səmədov, onun qayını Firdovsi Məmmədrzayev, əmisi oğlu Dəyanət Səmədov, partiya sədr müavini Vaqif Abdullayev və Astara rayon təşkilatının sədri Rufulla Axundzadə, ruhanilər Fəramiz Abbasov və Zülfüqar Mikayılzadənin cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.

İslamazeri.az-ın məhkəmə prosesində iştirak edən xüsusi müxbirinin verdiyi xəbərə görə, iclası açıq elan edən hakim Eldar İsmayılov bildirib ki, ötən məhkəmədə ittiham olunan şəxslər öz hüquqlarını müdafiə edən vəkillərdən imtina etdiklərinə və keçən müddət ərzində onlar tərəfindən hər hansı digər vəkilin məhkəməyə müraciət etmədiyinə görə məhkəmə dövlət hesabına ittiham olunan şəxlərə vəkil təyin edib. Hacı Mövsün Səmədov üçün Rəşad Cəbrayılov, Vaqif Abdullayevə Xatirə Hüseynova, Fəramiz Abbasova Şirin Atayev, Rufulla Axundzadəyə Ceyhun Yusifov, Firdocsi Məmmədrzayevə Tofiq Qasımov, Dəyanət Səmədova isə Rüfət Nuriyev vəkil təyin edilmişdi.

Hakim ittiham olunan şəxslərdən vəkillərə etiraz edib-etməmələri barədə soruşdu. Bütün ittiham olunan səxlər təyin olunmuş vəkillərdən imtina etdilər. Buna səbəb kimi məhkəmənin ədalətsiz və siyasi sifarişli olduğunu gətirdilər.

 

Bizim vəkillərlə problemimiz yoxdur

AİP sədri Hacı Mövsüm Səmədov bildirdi ki, onların vəkillərlə heç bir problemi yoxdur. Sadəcə olaraq məhkəmənin ədalətsiz keçməsinə etiraz olaraq onlar vəkillərdən və məhkəməyə gəlməkdən imtina ediblər. M. Səmədov vəkilsiz məhkəmənin keçməyəcəyi təqdirdə əvvəlki vəkili ilə yenidən müqavilə bağlamaq istədiyini bildirdi.

 

Maddə söhbəti

Bu vaxt hakim bunun mümkün olmadığını qeyd edərək qanunvericilikdə yolverilməz olduğunu xatırlatdı və Cinayət məcəlləsinin 92.13-cü bəndini əsas gətirdi. İttiham olunan şəxsləri isə bu barədə onların xəbərdar olunmadıqlarını bildirdilər. Amma hakim ötən iclasda bunu dediyini bildirdi. Beləcə ittiham olunan şəxslərlə məhkəmə arasında mübahisə yarandı. Hakim bildirdi ki, bunu sizə vəkilləriniz izah etməli idi.

 

Bizə Allahın vəkaləti kifayətdir!”

Seyyid Fəramiz çıxışında maraqlı məqamlar yaşandı. “Mənim hüquqlarım pozulub. Vəkilimədə pozulmuş hüquqlarımı müdafiə etməyə imkan verilmir. Mənə bundan sonra heç bir vəkil lazım deyil. Mənə Allahın vəkaləti kifayətdir! Bir də unutmayın ki, kim haqsızlıq edirsə cəzasız qalmayacaq. Allah hər şeyi görəndir. Cənab hakim bilmirəm bunun sizə nə dərəcədə aidiyyatı var ya yox amma bizə qarşı bu haqsızlığı edənlər bilsinlər. Bizim övladlarımızı başsız qoyanlar bilsinlər ki, Allahın qisası çox ağır olur. Həm bu dünyada, həm də axirətdə. Mənim sözüm bu qədərdir!”

Sonda hakim ittiham olunan səxslərə vəkil seçib-seçməmək və ya özlərinin vəkalətini təqdim etmək üçün fikirləşməyə vaxt verdi. Məhkəmənin növbəti iclasını sentyabr ayının 12-i saat 10:00-a təyin etdi.

 

Polis dindarlara təzyiq etdi

Məhkəmənin qarşısında yığışan dindarlara qarşı polis təzyiq etməsi ilə yadda qaldı. Belə ki, məhkəmənin qarşında olan bağa toplaşan dindarları polis zorla qovmağa çalışdı. İnsafən siravi polislər bunu sakitcə etsələr də Nəsimi rayon 22-ci polis bölməsinin rəisi isə qadınalara qarşı kobudluq edirdi. Onlara qışqırır və hətta təhqir etməyə belə cəhd göstərdi. Lakin dindarlar hər hansı qarşıdurmaya getməyərək sakitcə dağıldılar.

Qeyd edək ki, Bu il yanvarın 7-dən Azərbaycan İslam Partiyası üzvlərinin və bəzi dindarların həbsi başlayıb. Həmin gün Mövsüm Səmədov, onun sürücüsü Mirhüseyn Kazımov, AİP təşkilat şöbəsinin müdiri Vaqif Abdullayev və partiya funksioneri Elçin Həsənov tutulublar. Yanvarın 8-də Nərimanov Rayon Məhkəməsi Vaqif Abdullayevə 15, Mövsüm Səmədova və Elçin Həsənova 13, Mirhüseyn Kazımova isə 11 sutka iş verib.Onlar polisə tabe olmamaqda təqsirli biliniblər. İslamçılar Cinayət Məcəlləsinin 28, 214.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən cinayətə hazırlıq), 28, 214.2.3-cü (odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə cinayətə hazırlıq), 228.3-cü (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə), 278-ci (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama) maddələri ilə ittiham olunurlar.İslamçilari müdafiə edənlər hesab edir ki, bu həbslər siyasi xarakterlidir və əsasən yanvarın 2-də partiyanın Baş Məclisində Mövsüm Səmədovun çıxışı ilə bağlıdır.

islamazeri.az

 

 

 

 

 

 

 

  • Yazılıb
  • da (də) 2011 Sep 03