Tarix : 2011 Aug 17
Kod 24818

Medvedevin vasitəçilik səyləri fiaskoya uğrayır

well/Aran agentliyi

 

Rusiya prezidenti Dmitri Medvedmeevin Dağlıq Qarabağ münaqişəsinə dair göstərdiyi vasitəçilik səylərinin fiaskoya uğramaqda olduğunu təsdiqləyən daha bir xəbər var.

Məlum olub ki, onun vasitəçiliyi ilə Azərbaycan və Ermənistan prezidentləri arasında sentyabrda ehtimal olunan üçtərəfli danışıqlar baş tutmayacaq. Bu danışıqlar üçün MDB-nin sentyabrın əvvəllərində keçiriləcək yubiley sammiti fürsət hesab edilirdi. Lakin Azərbaycan prezidenti İlham Əliyev sentyabrın 2-3-də MDB ölkələri dövlət başçılarının Tacikistanın paytaxtı Düşənbədə keçiriləcək sammitində iştirak etməyəcək. Bunu AzərTAc-a Prezident Administrasiyasının xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov bildirib. Məlumata görə, zirvə toplantısında ölkəmizi baş nazir Artur Rasizadə təmsil edəcək.

İ.Əliyevin MDB-nin yubiley sammitində iştirak edəcəyi barədə məlumatı Tacikistan Xarici İşlər Nazirliyinin rəsmisi Davlatali Nazriyev vermişdi. O bildirmişdi ki, MDB-nin yeddi lideri sammitdə iştirak etməyə razılığını verib. “Rusiya, Qazaxıstan, Azərbaycan, Türkmənistan, Ermənistan, Qırğızıstan və Moldova liderlərinin Düşənbəyə gəlişi bu ölkələrin müvafiq strukturları tərəfindən artıq təsdiq edilib”.

 

***

Azərbaycan prezidenti indiyədək keçirilən MDB sammitlərinin böyük əksəriyyətində iştirak edib. Ehtimal olunur ki, onun təşkilatın yubiley sammitini boykot etməsi Qarabağ danışıqlarının dalana dirənməsi və bu səbəbdən Ermənistan prezidenti Serj Sərkisyanla görüşün mənasız hala gəlməsi ilə bağlıdır. Xəbər verildiyi kimi, Rusiya prezidenti D.Medvedev avqustun 9-da Soçidə Azərbaycan dövlət başçısı ilə dörd saat çəkən danışıqlar aparıb, özünün dediyi kimi, Qarabağa dair “tam açıq söhbət” gedib. Rusiya diplomatik mənbələrindən mətbuata ötürülən məlumatlara əsasən tərəflər Dağlıq Qarabağın yekun statusunu müəyyən edəcək referendum üzərində dayanıblar. Çünki danışıqlarda əsas ziddiyyət referendumla bağlıdır. Azərbaycanın bu məsələ ilə bağlı sualları var, məsələn, səsvermədə kimlərin iştirak edəcəyi və hansı sualların qoyulacağı ilə bağlı. Avqustun 12-də isə Rusiya prezidenti erməni həmkarı ilə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Astanada keçirilən sammitində bir araya gəlib. Lakin sammit zamanı Medvedev Sərkisyanla ikitərəfli görüş keçirib Qarabağ məsələsini müzakirə etməyə lüzum görməyib. Bu da onu göstərə bilərdi ki, Rusiya prezidentinin Azərbaycan dövlət başçısı ilə açıq söhbəti onun gözlədiyi nəticəni verməyib. Başqa sözlə, Azərbaycan prezidenti ondan tələb olunan güzəştlərə razılaşmayıb.

Xatırladaq ki, Medvedevin Qarabağa dair yeni təklifləri var və hər iki tərəf ona öz rəsmi cavabını verib. Kremlə yaxın mənbələr Azərbaycan tərəfinin bu təkliflərlə əsasən razı olduğunu bildirmişdi. Ancaq belə görünür ki, ən azından referendum məsələsində Azərbaycanın güzəştə getməsi mümkün deyil. Əks halda, bu, Dağlıq Qarabağın itirilməsinin rəsmiləşdirilməsi olardı.

 

***

Rusiya prezidentinin vasitəçilik missiyasının heç bir nəticə vermədiyi bir vaxtda həm Ermənistanda və Azərbaycanda, həm də Qərbdə ekspert çevrələrində hesab edirlər ki, Medvedevin missiyasının uğurlu alınmasında baş nazir Putin maraqlı deyil. Çünki Putin gələnilki prezident seçkiləri ərəfəsində Medvedevin Qarabağ münaqişəsinin həllinə nail olmaqla böyük siyasi uğur əldə etməsini istəmir. Nəticədə o, Ermənistan hakimiyyətinə təsir göstərir və onu kompromislərə getməkdən çəkindirir, yaxud artıq razılaşdırılmış məsələləri pozur. Rusiyalı ekspert Aleksandr Karavayevə görə, bu cür fikirlərin ortaya atılması başadüşüləndir. Çünki indi qapalı danışıqları müzakirə etmək üçün vasitəçi siyasi liderlərin tərəflərə simpatiyası yeganə mövzudur. Şərhçilər ancaq mətbuata sızdırılan informasiyalarla kifayətlənməli olur, ictimai rəy isə onu öz bildiyi kimi saf-çürük edərək prosesin kimin xeyrinə getdiyini təxmin etməyə çalışır. Məsələn, Soçi danışıqları ərəfəsində belə məlumat sızdırıldı ki, Medvedev Kazan görüşündə Azərbaycan tərəfinin təqdim etdiyi iradları haqlı sayıb və onları yeni təklifində nəzərə alıb. Lakin buna baxmayaraq, Azərbaycan ictimaiyyəti digər faktlara əsaslanır və hesab edir ki, Moskva Ermənistanın tərəfindədir.

 

***

Karavayevə görə, əslində Rusiyanın Qarabağ münaqişəsi ilə bağlı siyasətində ciddi heç nə dəyişməyib. Nə Putinin vaxtında, nə də indi: “Məsələn, götürək Putinlə Heydər Əliyev arasındakı şəxsi münasibətləri. Onların bir-birilərinə ”peşə simpatiyası" var idi. Bu isə ölkələr arasında münasibətin xeyli yaxşılaşmasına imkan verdi. Ancaq Qarabağ məsələsinin həllində heç bir dinamika müşahidə edilmədi. Moskva nə İrəvana, nə Bakıya bu məsələdə hiss olunacaq təzyiq göstərmədi". Karavayev qeyd edir ki, hazırda Medvedevlə Əliyev arasında şəxsi münasibətlər yaxşıdır. Rusiyanın Qarabağ məsələsinin həllində maraqlı olması da daha qabarıq görünə bilər. Ancaq nəticə yoxdur, yaxud beş-yeddi il əvvəl necədirsə elədir. “Doğrudur, Rusiyanın münaqişənin həllinə dair layihəsi var. Ancaq istər Kremldə, istərsə də Putinin ofisində gedən qeyri-rəsmi söhbətlər həmin layihənin həyata keçiriləcəyinin şübhəli olduğunu göstərir. Ona görə də Rusiya rəhbərliyində hesab edirlər ki, yeganə yol münaqişəni dondurulmuş vəziyyətdə saxlamaqdır” deyə Karavayev yazır.

 

***

İndi Azərbaycan hakimiyyətində də Rusiyanın münaqişənin həllinə nail olmaq üçün Ermənistana təsir göstərəcəyindən ümidləri üzüblər. Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, deputat Mübariz Qurbanlı partiyanın rəsmi saytına müsahibəsində deyib ki, Ermənistan vassal dövlətdir, onun “ipi” başqalarının əlindədir. “İpi” hansı tərəfə çəkirlərsə, o, həmin tərəfə yönəlir. YAP rəsmisinin sözlərinə görə, Dağlıq Qarabağ probleminin həlli üçün işğalçı dövlətə onun hamilərinin güclü təzyiqi olmalıdır. “Erməni mətbuatında belə fikirlər səslənir ki, Ermənistan Rusiya prezidenti Dmitri Medvedevin təklifini qəbul etməsin. İndi sual olunur ki, ermənilərin Rusiyanın siyasəti qarşısında dayanmağa gücü varmı? Siz Rusiyanın irəli sürdüyü prinsiplərdən kənarda dura bilərsinizmi? Buna heç cəsarətiniz çatmaz. Ermənilər yalnız bu hay-küyü mətbuatda qaldıra bilərlər. Bütün bunlar onu göstərir ki, Ermənistanın yalnız iqtisadiyyatı yox, mənəviyyatı, psixologiyası, dünyaya baxışı da bərbad vəziyyətdədir”, - YAP icra katibinin müavini vurğulayıb.

 

***

Ermənistanın daxili vəziyyətinin danışıqlar prosesinə təsirinə gəlincə, M.Qurbanlı qeyd edib ki, Qarabağ məsələsi erməni siyasətinin barometri rolunu oynayır. Yəni bu ölkədə Qarabağ siyasəti ölüm-dirim məsələsi vəziyyətindədir. Onun fikrincə, bu, erməni psixologiyası ilə bağlıdır. Bu da erməniçiliyin əlamətlərindən biridir. “Ermənistanda Qarabağ məsələsi ilə bağlı kompromisdən danışanlar bəzi qüvvələr tərəfindən az qala erməni xalqının düşməni elan olunurlar. Ermənistan Azərbaycanın 17,2 min kvadrat kilometrini işğal edib. Bu ərazinin yalnız 4,5 min kvadrat kilometri keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinə daxildir. Orada əhalinin sayı da çox olmayıb. İşğal olunmuş digər ərazilərdə isə erməni yaşayış məntəqələri olmayıb. O da məlumdur ki, Qarabağa ermənilər çar Rusiyasının siyasəti nəticəsində köçürülüb”, - Qurbanlı qeyd edib. O, Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın mövqeyi barədə də danışıb: “Danışıqlar prosesində Azərbaycanın mövqeyi belədir ki, işğal olunmuş 7 rayon azad olunduqdan sonra Dağlıq Qarabağın statusu məsələsinə baxıla bilər. Ermənilər isə bunu qəbul etmirlər. Bu, erməniliyin ən çirkin formasıdır. Bu insanlar sülhə gedən yolda belə, müəyyən maneələr axtarırlar. Ona görə də erməni millətçiliyinin təbliğatı o səviyyədə aparılıb ki, hansısa məsələ müzakirə olunub ortaya çıxanda qarşı tərəfdən müqavimət, hay-küy, etirazlar görürük”.

musavat.com

 

 

 

  • Yazılıb
  • da (də) 2011 Aug 17