Tarix : 2011 Jun 27
Kod 23669

İLHAM ƏLİYEV KAZANI QƏZƏBLİ TƏRK EDİB

well/Aran agentliyi

İflasa uğrayan Qarabağ danışıqlarının pərdəarxası

Dövlət başçısı Rusiya prezidentinin prizi uğrunda at yarışına tamaşa etmədən Bakıya dönüb; Ermənistan maksimum tələblər qoyaraq danışıqları pozub; Vaşinqton narahatdır

Azərbaycan, Rusiya və Ermənistan prezidentləri arasında Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair kritik önəm daşıyan Kazan danışıqlarının iflasa uğramasının bəzi səbəbləri məlum olub. Azərbaycan tərəfi bəyan edib ki, Ermənistan konstruktivlik nümayiş etdirmədən danışıqlarda maksimal tələblər qoyub və nəticədə böyük ümidlər bəslənən görüş iflasla nəticələnib. Prosesin detallarına dair məlumatlı olan diplomatik mənbələrdən isə məlum olub ki, tərəflər bu dəfə də Dağlıq Qarabağın yekun statusunu müəyyən edəcək referendum məsələsində “ilişiblər”. Ermənistan referendumun keçirilməsi üçün vaxt limiti müəyyən edilməsini istəyib, həmçinin Kəlbəcərin və Laçının boşaldılması məsələsində yeni şərtlər irəli sürüb.

Xəbər verildiyi kimi, Kazan danışıqları 3 saat yarımdan çox çəkib, prezidentlər heç bir sənəd imzalamadan ayrılıblar və birgə yazılı bəyanatla çıxış etməklə kifayətləniblər. Həmin bəyanatda “bəzi məsələlərdə irəliləyiş əldə olunduğu” barədə ümumi fraza yer alır və belə məlum olur ki, münaqişənin nizamlanmasına dair təqdim olunan baza prinsiplərinin razılaşdırılması mümkün deyil.

Azərbaycan prezidenti İlham Əliyev isə Kazana səfər proqramını yarımçıq kəsib və Rusiya prezidentinin Prizi uğrunda təşkil edilən at yarışına tamaşa etmədən Bakıya dönüb. At yarışını Rusiya prezidenti Dmitri Medvedyev erməni həmkarı Serj Sərkisyan və Tatarıstan rəhbəri Rüstəm Minnixanovla izləməli olub. Tərəflərdən danışıqlara dair ilk açıqlama isə Ermənistan xarici işlər nazirindən gəlib. Edvard Nalbəndyan erməni və rus jurnalistləri qarşısında bildirib ki, Kazan danışıqlarının uğursuz olmasının səbəbi Azərbaycanın tutduğu mövqedir.

“Kazan görüşü ona görə həlledici olmadı ki, Azərbaycan ATƏT-in Minsk Qrupunun təklif etdiyi əsas prinsiplərin sonuncu variantını qəbul etməyə hazır deyildi” deyə, o bildirib. Nalbəndyanın dediyinə görə, Azərbaycan tərəfi baza prinsiplərinin həmsədrlər tərəfindən təqdim olunmuş son variantına on düzəliş təklif edib: “Dovildə həmsədr ölkələr prezidentləri Kazanda razılıq əldə etməyə çağırdılar. ABŞ prezidenti Barak Obama hər iki ölkənin başçısı ilə telefon danışığında analoji çağırış etdi. Həmçinin Fransa prezidenti Nikola Sarkozi prezidentlərə məktub göndərdi. Amma Azərbaycan tərəfi ona yaxın dəyişiklik təklif etdi ki, bu da Kazan görüşünün həlledici olmamasına gətirib çıxardı”. Nalbəndyanın iddiasına görə, son bir ildə Azərbaycan artıq dördüncü dəfədir ki, yeni təklif və dəyişikliklərlə çıxış edir: “Bu ssenari reallıqdır”. E.Nalbəndyan sülh danışıqlarının davam edəcəyini bildirib: “Çünki münaqişənin başqa həll yolu yoxdur. Yalnız sülh yolu, danışıqlar vasitəsilə münaqişəni həll etmək mümkündür. İstənilən halda Kazan görüşü detallı müzakirələrin aparılması baxımından faydalı idi. Son üç ildə bu prosesə böyük töhfələr vermiş prezident Dmitri Medvedyevin prinsiplərin razılaşdırılması və yekun razılığın əldə olunması üçün səylərini davam etdirməyə hazır olduğunu bəyan etməsi isə daha vacib idi”.

Nalbəndyana Bakıdan cavab bəyanatı əvvəlcə Prezident Administrasiyasının beynəlxalq əlaqələr şöbəsinin rəhbəri Novruz Məmmədovdan gəlib. O deyib ki, Ermənistan tərəfinin iddiası yalandır, əslində danışıqlar İrəvanın tutduğu qeyri-konstruktiv mövqe üzündən uğursuz olub. “Belə danışıqlardan sonra Ermənistan xarici işlər nazirinin o cür bəyanat verməsi, bir daha göstərdi ki, Nalbəndyan və yaxud Ermənistan rəhbərliyi əvvəlki kimi öz məkirli təbliğat üsulundan əl çəkmək niyyətində deyillər və o, kiçik bəyanatında yenə də özlərinin atdığı addımları bir daha Azərbaycanın üzərinə qoyaraq, həm beynəlxalq ictimaiyyəti, həm də region ictimaiyyətini çaşdırır və aldadırlar” deyə, Prezident Administrasiyasının rəsmisi bildirib. Daha sonra xarici işlər naziri Elmar Məmmədyarov açıqlama ilə çıxış edib. “Trend”ə açıqlamasında nazir deyib ki, Rusiya, Azərbaycan və Ermənistan prezidentlərini Kazan görüşü bu formatda keçirilən ən uzun görüş oldu. “Münaqişənin nizamlanması üzrə irəliləyişin əldə olunması yolunda əngəl olan problemli məsələlərin müzakirəsi keçirildi. Təəssüf ki, bəzi prinsipial məsələlərdə biz hələlik kompromis həll tapa bilmədik, çünki erməni tərəfi yeddi il bundan əvvəl başlamış danışıqlar prosesinin mahiyyətini təhrif edərək Azərbaycandan maksimum güzəşt tələb edir” deyə, Məmmədyarov bildirib.

Onun sözlərinə görə, bununla yanaşı prezidentlər mövqelərin yaxınlaşdığı nöqtəni tapmağı davam etdirmək barədə razılığa gəliblər. Prezidentlərin Kazandakı görüşündən sonra Ermənistan XİN-in verdiyi bəyanata dair suala cavab verən Məmmədyarov deyib ki, faktların və sənədlərin yenidən araşdırılması gedir. “Çünki Azərbaycan 2009-cu ildə Afinada ATƏT-in Minsk Qrupu həmsədrlərinin rəsmən təqdim etdikləri yenilənmiş Madrid sənədini qəbul etdiyini bəyan edərkən erməni tərəfi susmuşdu və Ermənistan yenilənmiş Madrid sənədinin əsaslandığı işçi sənədin bir çox versiyalarının birindən danışır. Mən Ermənistan XİN-ə tövsiyə etmək istərdim ki, piarla məşğul olmasınlar, Minsk Qrupu həmsədr ölkələrin liderlərinin çağırdıqları yaranmış neqativ status-kvonun dəyişdirilməsi üzərində intensiv işləsinlər. Prezidentlərin görüşünün yekunları üzrə məndə elə bir təəssürat yarandı ki, onlar bu istiqamətdə intensiv işləmək fikrindədirlər”, - deyə naziri bildirib.

“Turan”a açıqlama verən Vaşinqtondakı mənbə isə deyib ki, Kazan görüşünün uğursuz olması ABŞ administrasiyasını narahat edir. Mənbə deyib ki, danışıqların yekununu şərh etmək hələ tezdir, bunun üçün müzakirələrin detalları barədə məlumatları gözləmək lazımdır. Qeyd edək ki, prezidentlərin görüşündə Minsk Qrupu həmsədrləri iştirak etməyib. Danışıqlar bitəndən sonra İlham Əliyev və Serj Sərkisyan həmsədrlərlə ayrı-ayrılıqda görüşüblər və onları məlumatlandırıblar. Gözlənilir ki, amerikalı həmsədr prosesə dair məlumatları Dövlət Departamentinə çatdıracaq. Xatırladaq ki, Robert Bradtke Kazan görüşü ərəfəsində prezidentlərə imzalamaq üçün 5 səhifə yarım həcmində 16 bənddən ibarət sənəd təqdim edildiyini demişdi. Bu sənədə Dağlıq Qarabağ ətrafındakı rayonların boşaldılması, bölgənin yekun statusunun referendum, yaxud plebistisdə müəyyən edilməsi, sülhməramlılar və digər məsələlər daxildir.

Kazan danışıqlarını çoxlu sayda xarici jurnalistlər də izləyib və dünən Amerikanın bütün əsas nəşrləri bu görüş barədə xəbərlərlə çıxıb. “The New York Times” , “The Washington Post”, “The Wall Street Journal” və digər nüfuzlu nəşrlər Rusiya prezidentinin vasitəçiliyi ilə keçirilən bu görüşün münaqişənin nizamlanması üçün bütün danışıqlar prosesi boyu yaranmış ən yaxşı imkan olduğunu, lakin şansın əldən verildiyini yazırlar.

Qarabağ üzrə tanınmış ekspert Tomas de Vall deyib ki, indi müharibənin yenidən başlaması ən böyük təhlükə olardı. “Aydındır ki, Medvedyevin vasitəçiliyinin imkanları tükənir, bu yaxşı hadisə deyil” deyə, ekspert bildirib. Tomas de Valla görə, əgər bu ilin sonlarına qədər Rusiya prezidentinin səyləri sülhə gətirib çıxarmasa gələn il müharibə qaçılmaz olacaq. “Beynəlxalq Böhran Qrupu”undan Sabina Freyzer isə deyib ki, danışıqların nəticəsiz bitməsi məyusedicidir, ancaq ümid var ki, tərəflər baza prinsipləri üzrə danışıqları davam etdirəcəklər. “Əgər bu sənədi razılaşdırmaq mümkün olmasa müharibə qaçılmaz ola bilər” deyə, ekspert bildirib. Kazandakı Azərbaycan nümayəndə heyətinə yaxın mənbələrdən isə məlum olub ki, prezident Əliyev görüşü xeyli qəzəbli tərk edib. Belə hiss olunub ki, Ermənistan tərəfinin hər dəfə bir bəhanə ilə danışıqlar prosesini uzatması onun səbrini tükətmək üzrədir. İ.Əliyevin at yarışını izləmədən proqramını yarımçıq qoyaraq Bakıya dönməsi də buna işarə edir. Əliyevin bu jesti həm də Rusiya prezidentinin vasitəçilik səylərinin Ermənistanı konstruktiv mövqe tutmağa gətirib çıxarmamasından narazılıq kimi başa düşülə bilər. Qeyd edək ki, ötən ilin iyununda Sankt-Peterburqda da Medvedyevin vasitəçiliyi ilə keçirilən danışıqlarda Sərkisyanın maksimalist tələblər irəli sürməsi görüşün xeyli gərgin keçməsinə səbəb olmuşdu. Azərbaycan prezidenti isə görüşün bitməsindən sonra proqramını yarımçıq qoyub Bakıya dönmüşdü.

 

Siyasət şöbəsi

 

 

 

 

  

  • Yazılıb
  • da (də) 2011 Jun 27