Tarix : 2009 Jan 24
Kod 10109

MƏSCİDDƏ ÇƏKİLƏN HƏR NƏFƏSƏ GÖRƏ CƏNNƏTDƏ SAVAB VAR

.
./Aran Agentliyi
Yaşadığımız məhərrəmlik dönəmi dini yaşatmağın fəlsəfəsi baxımından xüsusi önəm kəsb edir. Belə ki, dini qəlbdə yaşatmağın, qəlblə Allah-Təalaya tərəf merac etməyin mühümlüyü ilə yanaşı, dinin zahiri atributlarını qoruyub-yaşatmağın da ümdə əhəmiyyəti var. Şükürlər olsun ki, indi on minlərlə məscid dünyanın hər yerində fəaliyyət göstərir, mübarək dinimizin gözəlliyini təcəssüm etdirir. Amma məscid sadəcə olaraq bir ibadət məkanı deyil. Bu bir İlahi müqəddəsliyin təcəssümü, insanları kamala dəvət edən bir məbəddir. Və bu məkanın müqəddəsliyi hər bir insanın ürəyində lazımi yer tutduqda, lazımi ehtiram və qüdsilik ab-havası yaratdıqda ən ümdə vəzifələrdən biri olan - insanı İlahi yola dəvət və iblis yolundan çəkindirmək vəzifəsi həll olunur.

Təsadüfi deyil ki, lənətlik iblis bəzi insanların qəlbinə vəsvəsə salaraq, qüdsilik hissini çıxarmağa, məscidləri nəsə sıradan tikili kimi təqdim etməyə cəhd edir. Bu əlaqədə hər bir insan diqqətli olmalı, “Allah evi”nin onun qəlbində özünəməxsus yer tutmasına səy etməidir.

Məscidi əziz tutmayan nə pis insandır

Dinimiz məscidə ehtiram etməyi o qədər mühüm sayır ki, hətta bu ehtiramı lazımi səviyyədə təmin etməyəni lənətlənmiş hesab edir. İmam Cəfər Sadiqdən (ə) nəql edirlər: “Məlundur, məlundur o kəs ki, məscidi böyük və əziz tutmaya”.
Bəlli olur ki, hər bir kəs ki, məscidin böyüklüyünü və əzəmətini yaşatmır, ona lazımi qiymət, dəyər vermir, lənətə səbəb olan iş görmüş olur. Bu o dərəcədə ciddi məsələdir ki, mübarək hədisdə lənətlənməyə hətta 2 dəfə vurğu salınır. Özü də məscidin ehtiramını saxlanmamasının bütün təzahürlərinə, bütün müstəvilərinə aid bir məsələdir bu. Məscidin içində özünü lazımi səviyyədə aparmamaqdan tutmuş, onun inşasına əngəl törətməyədək, bütün işlər bura daxildir. Və bu çatdırışın nümunələri, misdaqları zaman və məkana görə dəyişə bilər. Ola bilər bir zamanlar bir şey hörmətsiz sayılsın, digər zamanda başqa şey. Amma istənilən istənilən halda, istənilən şəkildə Allah evinə hörmətsizliyin təzahürü üçün ümumi bir formula var: buna yol vermiş şəxs lənətlənib.
Məscidin böyük bərəkət və nemət mənbəyi olması ilə bağlı əziz İslam Peyğəmbərindən (s) nəql edilir ki, o, öz sadiq səhabəsinə buyurur: “Ey Əbuzər! Məsciddə oturduğun müddətdə aldığın hər nəfəs üçün Allah-təala sənə cənnətdə bir dərəcə verər, mələklər sənə salam göndərər, məsciddə çəkdiyin hər bir nəfəs üçün sənə 10 yaxşı əməlin savabı yazılar və 10 günahın silinər”.
Məscidin bu qədər mənəvi dərəcəsi, məqamı var ki, insanın müqəddəratına bu böyüklükdə təsir göstərər. Təbii ki, burada söhbət gerçək mənada məscidə ibadət etməyə gələnlərdən gedir. İbadət əhli ki, məscidə gəlir və qəlbi Allah evinə ehtiramla doludur, mələklərin salamını qazanar, hər nəfəsinə görə savab verilər və xətaları silinər.

Məsciddə bir çıraq yandır

Təbii ki, şeytan lənətlik insanın bu qədər savab aparmasını bəyənə bilməz. Odur ki, zaman-zaman hər vasitə ilə məscidlərin hörmətini insanların qəlbindən sıxışdırıb çıxartmağa çalışıb. Amma bir şey əldə edə bilməyib. Hətta ateist sovet rejimi də insanların qəlbindən Allah evlərinin ehtiramını çıxara bilmədi. Nə qədər çalışdı, nə qədər səy etdi, hansı rəzilliklərə əl atmadı bolşeviklər, amma insanların məscidə ehtiramını qəlblərdən silə bilmədi.
Məscid o qədər müqəddəs məkan, o qədər böyük bir məqama malik yerdir ki, buraya edilən zərrəcə ehsan, kiçik bir yaxşılıq belə böyük mükafatlar və mənəvi nemətlərlə sonuclanır. Böyük İslam Peyğəmbərindən (s) nəql edirlər: “Bir kəs ki, məsciddə bir çıraq yandıra və o zamana qədər ki, bu çıraqdan bir nur məsciddə mövcud olacaq, davamlı olaraq mələklər və ərşin daşıyıcıları o şəxs üçün istiğfar istəyərlər”.
Gördüyümüz kimi, balaca bir iş - məsciddə bir işıq yandırmaq kimi əməl sahibinə bu qədər savab gətirər. Balaca bir ehsanın bu qədər bərəkəti, bu qədər müsbət nəticəsi var. Allah evi ilə bağlı insan hər nə yaxşı iş görsə, bunun böyük əcri, əvəzi, dəyəri var. Təbii ki, bu, Allah evinin yüksək məqamına, onun hidayət mərkəzi, nurlandırma məbədi olaraq misilsiz dərəcəyə malik olmasına dəlalət edən nöqtələrdir. Kiçik bir əmələin belə böyük nəticələri, bu əməlin yönəldiyi obyektin yüksək məqamından xəbər verir. Və bu məqam məscidin xüsusi missiyasına - yaxşılıqları yayıb, pislikləri dəf etmək, müsbətliklərə təşviq edib, mənfilikləri göstərmək fəaliyyətilə bağlı müsəlmanın üzərinə düşən şərəfli vəzifənin vəhdət halında, cəm şəklində həyata keçirilməsinə şərait yaradan bir məkan olaraq mövcudluğuna qayıdır.
Bununla yanaşı, məscidin uca məqamı onun müqəddəs dinimizin gözəl simvollarından biri olmasına, İslamın nəcib mahiyyətini əks etdirən bir rəmz statusuna və bir çox digər nəcib cəhətlərinə görədir. Belə olan təqdirdə, məscidə münasibətdə hər hansı yaxşı əməl yerinə yetirmək böyük sayda gözəl nəticələrə gətirib çıxarırsa, təbii ki, hansısa mənfilik də böyük İlahi cəzaya səbəb olacaq. Və kimlərsə Allah evinə qarşı istər fiziki, istər mənəvi-psixoloji və digər hücumlara rəvac verirsə, özünü ələmli əzaba qərq etmiş olur. Allah-Təalanın rəhməti gözəl iş sahibinin üzərində olduğu kimi, İlahi qəzəb də pis iş yiyəsinin üzərində olar. Allah-Təala cəmi insanları pis aqibətdən saxlasın!

Behiştdə ev inşası

Qeyd etdik ki, bütün dünyada məscid tikintisi geniş vüsət alan gözəl bir prosesdir. Bircə onu demək kifayətdir ki, Avropanın mərkəzində yerləşən Almaniyada bir vaxtlar cəmi 1 məscid var idisə, indi onların sayı 154-dür və daha 184 məscid tikilməkdədir. Bu mübarək proses bütün Avropa üzrə artan xətlə gedir. Proses o qədər geniş yayılıb ki, artıq İtaliya ifrat sağçıları məscid tikintisinə moratorium qoymaq kimi etnik italyanların İslama gəlməsi prosesini ləngitməyə yönəlik anlaşılmaz və qeyri-demokratik təşəbbüslərlə parlamentə çıxırlar. Amma, şükürlər olsun ki, Avropa İslamı artıq baş tutmuş bir faktdır və bu mübarək prosesi əngəlləmək cəhdləri heç bir effekt vermir. İş o yerə çatıb ki, Roma papası kimi xristian aləmi üçün əlamətdar bir fiqur özünün təbirincə desək, Avropaya dini qaytarmaqda göstərdikləri əvəzsiz xidmətə görə müsəlmanlara təşəkkür edib.
Məscid inşa etməklə bağlı mübarək dinimizin bolluca təşviqedici tövsiyəsi var. İmam Cəfər Sadiqdən nəql edirlər: “Bir kəs ki, bir məscid inşa edər, Allah-Təala da onun üçün behiştdə bir ev inşa edər”.
Behiştdə evin olması nə mənasını verir? İnsanın behişt əhlindən olması, behiştdə məskun olması deməkdir. Yer üzündə məscid tikən insan, İlahi cənnətdə öz gözəl mükafatını alacaq. Və Allah eləməmiş, kimsə istər fiziki, istər mənəvi mənada, sözlə, yazı ilə, işlə məscid sökməyə çalışsa, özünü çox acı bir aqibətə düçar etmiş olur. O ki qala, sionistlər kimi Qəzzada 50 məscidi raketlərə hədəf etməyə.

Ziyarətçinin vəzifəsi

Məscidin ədəbi ilə bağlı da dinimizin nəcib buyuruşları mövcuddur. İnsanın dəstəmazlı, ətirli, gözəl libaslı bir durumda məscidə getməsini dinimiz çox bəyənir. İmam Cəfər Sadiqdən (ə) nəql edilən hədisdə bu mətləblərə toxunulur: “Allah-Təala Tövratda buyurub ki, məscidlər mənim Yer üzündə evlərimdir. Xoş olsun o kəsin halına ki, öz evində təharət əldə edə və sonra mənim evimi ziyarət edə. Ziyarət edilənin üzərindədir ki, ziyarət edəni əziz tutsun”. Mübarək hədisdə incə bir məqama işarə var. Ev sahibinin - o kəsin ki, ziyarətinə gəliblər - qonağın qarşısında mübarək bir vəzifəsi var: qonağı əziz tutmaq, ehtiram göstərmək. Və Allah evinə gözəl surətdə daxil olan bəndə də, Allah-Təalanın qonağıdır və Yaradan tərəfindən əziz tutulacaq.
Məsciddə həmçinin özünü aparmaq məsələsinə dair dinimizin dəqiq göstərişləri var. Əfsus ki, heç də hər bir insan avtomatik olaraq özünü Allah evində ehtiramlı aparmaq kimi sadə şeylərin fərqinə varmır. Bu halda dinimiz kömək əlini uzadır, müəyyən ümumi tövsiyələr verir. Məscidlərlə bağlı sualın cavabında Həzrət Rəsuli-Əkrəm (s) buyurub: “Onlarda (məscidlərdə) səslərini qaldırmasınlar, nalayiq və boş-boş sözlərə, işlərə vaxt sərf etməsinlər. Orada alış-veriş edilməsin. Məsciddə olduğun müddətdə hədər və əhəmiyyətsiz işlərdən (gərək) əl çəkəsən. Əgər belə etməsən, Qiyamət günü özündən başqa bir kəsi danlamağa haqqın yoxdur”. Əfsus olsun ki, bir çox insanlar məsciddə alış-veriş edir, hətta müəyyən xidmətlərə görə qiymətlər də yazıb asırlar. Dinimiz dəqiqliklə bu işlərə pis baxır.
Məscidlərlə bağlı bu qədər diqqətli olmaq gərəkdir. Möminlər geniş maarifçilik işi apararaq, məscidin alış-veriş edilən bir yer deyil, xeyriyyəçilik məkanı, gözəl işlərə, nəcib əməllərə dəvət mərkəzi, mənəviyyat mərkəzi kimi tanıtdırılması gərəkdir. Bu məsələlərdə lazımi diqqət yetirməmək özünü vacib işlərdən kənarlaşdırmaq demək olardı. Allah evi ehtiram edilməli olan yerdir. Bu ehtiramı şəxsi nümunəylə yaşatmaq gərəkdir. Bu ehtiramı əmələn yaşatmaq toplumda gözəlikləri yaymaq, xeyir işlərə dəvət etmək kimi dəyərləri bərqərar etməyə yönəli bir işdir.
İnsan unutmamalıdır ki, bir gün bu dünyadan köçəcək. Kimliyindən asılı olmayaraq, imtahan dünyası olan bu dünyanı hamı tərk edəcək. O halda əməllərinin əvəzini alacaq. Pis əməllərə görə məsuliyyət daşıyacaq, gözəl əməllərin savabını aparacaq.

İxtilaflardan yayınmağın sadə düsturu

Toxunulması zəruri olan digər mövzu toplumda ailələrin dağılması problemidir. Əfuslar olsun ki, Vətənimizdə də bu problem son dərəcə böyük aktuallıq kəsb etməyə başlayıb. Əsas səbəb də təbii ki, ailədaxili ixtilaflardır. Burada ən zəruri nöqtə ki, bütün ailəli insanlar onu nəzərə almalıdır, ondan ibarətdir ki, ixtilaf iki tərəfin iştirak etdiyi bir prosesdir. Bir tərəf ixtilaf üçün bəs etmir. Deməli, ikinci tərəf istəməsə, ixtilaf reallaşmaz. Böhran hər bir ailədə yaşana bilər. Amma ən azı tərəflərdən biri Allah-Təala bəyənən kimi özünü aparsa, böhrandan itkisiz çıxmaq olar.
İslamın çox sadə düsturu var: hər kəs özünə qarşı digər tərəfə nisbətən daha tələbkar olsun. Hər kəs ondan Allah dərgahında tələb olunanı etsə, özü də nəinki tək vacibləri, bir çox müstəhəbləri - bəyənilən, ancaq vacib olmayan əməlləri - də yerinə yetirsə, amma digərindən ancaq vacibi həddə edilməsini umsa, konflikt yaranmaz. Bu, istər ailədə və dostluqda, istərsə də insanlararası münasibətlərin digər müstəvilərində doğrudur. İslamın “təğafül”ü özünü qəflətə vurmaq, məlumatsız göstərmək adlanan bir institutu var.
İnsan kiçik xətaları, səhvləri gərək tərəf müqabilində görməsin, özünü qəflətə vursun, xırdaçılıqlara getməsin. Çox mühüm mövzudur bu. Bunu insanlararası münasibətlərdə yaşatmaq ailədə, dostluqda, qonşuluqda çox vacibdir. Görməməzliyə vurmaq, yəni xırdaçılıqlara getməmək, gözünə hər mənfi görünənə reaksiya verməmək, güzəştli olmağa çalışmaq. Müsəlman olan bir bəndənin vəzifəsidir Allah onldan istəyən kimi özünü aparsın.
Təəssüflər olsun ki, bu, nəzəri bir mövzu deyil. Toplumun da böyük günahı var ailələrin dağılmasında, kifayət qədər maarifçilik işi aparılmır. Ailə müqəddəsliyi ab-havası itirilir, yabançı dəyərlər aşılanır. Sanki, insanlar güzəştə getməmək üzrə rəqabətə girişirlər. Güzəştlilik acizlik kimi sırınır. Amma bu, fərdin üzərindən məsuliyyəti götürmür. Münaqişə həmişə 2 tərəfin iştirak etdiyi bir məsələdir. Tərəflərdən heç olmasa biri münaqişənin baş verməməsinə çalışsa, yaxşı nəticəyə gəlinər. Ailələrdə, dostluqda, qonşuluqda sülh olar, mehribançılıq olar. Hər iki tərəf israr etməsə, dağıntı baş verməz. Allaha təvəkkül edərək sülhə çalışmaq gərəkdir.
Bütün konfliktlərin kökündə əsasən qeyri-səmimilik durur. Səmimiyyət, etimad, etibar olan yerdə konfliktlərdən qaçmaq, onları çözdürmək çətin şey deyil. İkitərəfli prosesdir. Kim çox səy edəcəksə, Allahın sevimli bəndəsi odur, Allah dərgahında daha çox savab aparan odur.

Ailə və dağıdıcılıq

Bir məsəl də var ki, cəmiyyətimizdə cahillik dövrünə xas qadına əşya kimi, kölə kimi bir münasibət bəsləmə praktikasına rast gəlinir. Qadına hörmət etməyən toplum yüksəlməz. Qadın anadır, cənnət anaların ayağı altındadır. Amma çox vaxt ailə quran sanki bir kölə alır. Digər tərəfdən, qadınların çoxu da ucuz və keyfiyyətsiz seriallara baxıb, əndərabadi bir dünyagörüşü əldə edirlər. Yeri gəldi-gəlmədi ötkəmlik edir, güzəştə getmir, öz əllərilə ailə ağacını baltalayırlar. Uduzan isə ümumilikdə toplum olur. Məlumdur ki, ailə cəmiyyətin həlqəsidir. Həlqə qırılanda, toplum zəifləyir. Cəmiyyət immun sistemini işləməlidir. Bu məsələlərə ötəri baxmaq olmaz. Televiziya burada böyük iş görə bilər. Geniş maarifçiliyə ehtiyac var. Burada hətta xırda məsləhətlər də çox əhəmiyyətlidir. Sanki televiziyanın işi-gücü bayağı “ulduz” ların növbəti boşanmasını önəmli hadisə kimi təqdim etməkdir. Toplumun qeyri-sabit üzvləri də bunu özü üçün örnək kimi qəbul edir.
İntiharların artması da məhz bu məqamla bağlıdır. KİV-lərdə intiharlar barədə geniş yazılır, özü də adi xəbər kimi, pisləmədən, mütəxəssis rəyi hesabına tamaşaçı, dinləyici və oxuculara bu əməlin pisliyni təlqin etmədən. Geniş iş getməlidir, böhranda olan insanlar üçün geniş psixoloji yardım etməklərlə bağlı proqramlar həyata keçirilməlidir.
Ən pisi də budur ki, dağılan ailələr, intiharlar tək fərdi faciə ilə kifayətlənmir. Bir nəsildə ki, boşanma hadisələri olur, orada bu mənfi hala münasibət də sadə olur, adiləşir. Bir nəsildə ki, intihar baş verir, bu fakt uşaqların, nəvələrin psixikasında, təhtəlşüurunda iz qoyur. Ailəsini dağıdan, intihar edən, həyat yoldaşını incidən, uşaqlara zülm edən özü ilə yanaşı, özündən sonrakıları da bədbəxt edir. Hər bir insana aid olan məsələlərdir bu. Laqeydlik iblis lənətliyin ən çox sevdiyi hallardandır. Çalışıb cəmlə, elliklə bu böhranlardan çıxmaq lazımdır. Hər bir insan ki, özünə, öz müqəddəratına, öz övladlarının taleyinə biganə deyil, gərək özündən asılı nə var etsin. Bütün böhranlarda Allah dərgahında olmağımızı unutmayaq. Allah-Təala cəmimizə bəndəlik və təqva qismət etsin!
Allahım! Sən Özün müşkül və çətinliklərdə hər bir bəndənə ümid və yardım tofiqatını nəsib et! Amin!

Hacı İlqar İBRAHİMOĞLU
 
  • Yazılıb
  • da (də) 2009 Jan 24