Tarix : 2021 Sep 02
Kod 61621

Polad Aslanovun qardaşı: “Məni Ombudsman Aparatından şikayət əsasında həbs ediblər”

Xeberman.com saytının redaktoru, həbsdə olan Polad Aslanovun qardaşı Niyaməddin Aslanzadə 5 günlük inzibati həbsdən sonra azadlığa çıxıb.

Arannews -Turan-ın müxbirilə söhbətində bildirib ki, Azərbaycan Ombudsman Aparatından şikayət əsasında həbs edilib, guya onun nümayəndələrini təhqir edib.
Lakin şikayətdə nə insidentin baş verdiyi tarix, nə də təhqirin nədən ibarət olduğu göstərilməyib.
Aslanzadə qeyd edib ki, bir neçə ay bundan öncə qardaşı aclıq aksiyası keçirərkən o, Ombudsman Aparatına zəng edib və orada Polad Aslanovun vəziyyətilə maraqlanmadıqlarına hiddətlənib.
Həbsdən bir neçə gün öncə 18-ci polis şöbəsinə çağırıblar, izahat alıblar və deyiblər ki, ona heç bir sualları yoxdur.
Buna baxmayaraq, avqustun 26-da onu polisə çağırıblar, oradan isə məhkəməyə aparıblar və beş sutka həbs ediblər.
O, tamamilə əsassız olaraq həbs edildiyini düşünür və apellyasiya vermək niyyətindədir.
* Polad Aslanov 16 noyabr 2019-cu ildə İranın xeyrinə dövlətə xəyanətdə ittiham olunaraq 16 il müddətinə azadlıqdan məhrum edilib.
“Sərhədsiz Reportyorlar" təşkilatı və digər hüquq- müdafiə qurumları Azərbaycan hakimiyyətini Polad Aslanovu azad etməyə çağırıblar.

  • Yazılıb
  • da (də) 2021 Sep 02
  • Göndərən جهان کمالی