Tarix : 2021 Aug 10
Kod 61539

Laçın şəhərində erməni qalmayıb, mağazalar işləmir, hər yer bağlıdır

“Laçın şəhəri boşdur, orada bir nəfər də sakin yoxdur, hər yer bağlıdır, mağazalar işləmir. Laçında Rusiya sülhməramlılarının postlarından və keçib gedən avtokolonlardan başqa heç nə yoxdur”.

Arannews ; Bunu Azərbaycanın güc qurumlarından birinin adının çəkilməsini istəməyən əməkdaşı "Turan" agentliyinə açıqlamasında deyib. 
Onun sözlərinə görə, Laçın dairəsində ancaq Ermənistan nömrəsi olan 3-4 avtomobil görüb, halbuki bu dairədən hər gün çoxsaylı ağır hərbi texnikaya malik Azərbaycan kolonları keçir.
Əməkdaş Qarabağa uzun sürən ezamiyyətdən qayıdıb, Qubadlı, Ağdam, Kəlbəcər, Füzuli, Cəbrayıl və Zəngilan ərazilərindən keçib.
"Razılaşmaya əsasən erməni avtokolonları sülhməramlıların müşayiətilə Laçın yolu ilə Ermənistana həftənin tək günləri, azərbaycanlı kolonlar isə cüt günlər keçir. Azərbaycanlılar bu qrafikə ciddi əməl edir, ancaq ermənilər bu yolla həftənin bütün günləri gedirlər. Çərşənbə axşamı, cümə axşamı və şənbə günləri erməni sürücülər  Azərbaycan kolonlarının səhər saat 9:00-da şimaldan cənuba, axşam saat 16:00-da isə cənubdan şimala gedəcəyini gözləyirlər və bu vaxt aralığında hərəkət edirlər", - mənbə "Turan" agentliyinə bildirib.
O əlavə edib ki, azərbaycanlı və erməni sürücülər rusların tələbi ilə avtomobillərdən milli bayraqları çıxarırlar. Sülhməramlılar deyirlər ki, bu, ona görə edilir ki, yerli əhali onların hərəkətinə mane olmasın. Əvvəllər yol kənarlarında duran mülki şəxslərin avtomobilləri daşa basması halları olub.
Azərbaycan güc strukturunun zabiti Laçında ancaq Rusiya bayraqlarını görüb. O, rusiyalı hərbçilərlə söhbət edib. Rusiyalı öz təəssüratlarını bölüşüb, deyib ki, azərbaycanlılarla söhbətlərdə dinc həyatın vacibliyi barədə mülahizələr eşidir. Rusiyalılarla açıq danışan ermənilər isə "türkləri necə öldürdüklərindən" həvəslə danışırlar.
Rusiya Silahlı Qüvvələrinin bu sülhməramlısı hesab edir ki, Rusiyanın regionda hərbi iştirakı ilk beş ildən çox çəkməyəcək.
Rayonun coğrafi xüsusiyyətlərindən asılı olaraq, sülhyaratma postlarının və patrulların sxemi fərqlənir. Əgər dağların yüksək olmadığı Ağdamda (Şelli kəndi ərazisində) rusların mobil patrulları Azərbaycan və Ermənistan hərbi postları arasında hərəkət edirsə, Laçında və Qubadlıda belə şey mümkün deyil. Münaqişə tərəflərinin postları dağların yamaclarında və ya silsilələrində yerləşir, onların arasında rusların patrul çəkməsi üçün yol yoxdur və müharibə edən orduların əsgərləri bir-birinin qarşısında dayanırlar.
Həmsöhbətimiz Kəlbəcərdə çoxlu azərbaycanlı fermer görüb. Onlar özlərinə məxsus kənd təsərrüfatı heyvanları sürüsü və arı pətəklərinin yaxınlığında  çadırlarda yaşayırlar.
Zabitin dediklərinə Bakıdan rəsmi məlumatı əlavə edək ki, Laçın şəhərindən yan keçən ikinci avtomobil yolunun inşasına başlanılıb.  Laçına girmədən uzunluğu 23 kilometr olan dairəvi yolun tikintisinə başlanılıb.
Bu barədə Dövlət Avtomobil Yolları Agentliyinin Avtomobil Yollarının İstismarı və Təmiri Baş İdarəsinin rəis müavini Hidayət Rüstəmov məlumat verib. 
Alternativ yeni yolun iki hərəkət zolağı olacaq.
"Hazırda Laçına gedən yol sülhməramlıların nəzarəti altındadır. Biz nəqliyyatın rahat hərəkətini təmin etmək üçün Laçına girmədən 23 kilometr uzunluğunda dairəvi alternativ yolun tikintisinə başlamışıq", - Rüstəmov deyib.
Ermənistan mətbuatının məlumatına görə, Rusiya Silahlı Qüvvələri Zəngəzur dəhlizində Voskepar kəndi ərazisində öz postlarını yerləşdirir. Erməni analitiklər hesab edirlər ki, Rusiya bununla Zəngəzur vasitəsilə nəqliyyat əlaqəsinin açılmasına şərait yaradır.
2021-ci il mayın 20-də prezident İlham Əliyev bildirib ki, Qarabağda rusiyalıların müdafiəsi altında 25 min erməni əhali yaşayır.

  • Yazılıb
  • da (də) 2021 Aug 10
  • Göndərən جهان کمالی