Tarix : 2020 Nov 24
Kod 60548

Abbas Hüseyn ermənilərin meşələri yandırmasına etiraz etdi

Müsəlman Birliyi Hərəkatının üzvü Abbas Hüseyn ermənilərin Kəlbəcər və Laçında meşələri yandırmasına etiraz olaraq həbsxanadan məktub ünvanlayıb.

RArannews-Rakurs.tv Abbas Hüseynin yazısını olduğu kimi təqdim edir:
“30 il müddətində torpaqlarımız dünyanın gözü qarşısında mənfur düşmən Ermənistan tərəfindən qəsb olundu. Bu illər ərzində tarixi, mədəni, dini abidələr vandal ermənilər tərəfindən tamamilə dağıdılıb, şəhərlərimiz "ölü" şəhərlərə çevrilib. Amma heç bir qərbli dövlət rəsmisi bizim mədəni mirasımıza edilən bu təcavüzlər barəsində Ermənistana adekvat reaksiya verməyib. Bu gün qalib dövlət olduğumuz üçün az qala bizə hər gün tövsiyələr verirlər ki, kilsə və digər məbədləri qorumağı unutmayaq. Halbuki, torpaqlarımızın işğalda olduğu illər ərzində qərbli rəsmilərin gözləri qarşısında məscidlərin məhv edilməsinə baxmayaraq Ermənistana "tövsiyələr" verilməyib. Bu gün bizə yönələn "tövsiyələr" isə asılılığın pik həddidir ki, bu bəradə daha sonra açıqlayacam. Təbii ki, həmin saxtakar üzvləri Azərbaycan xalqının tarixi tikililəri, memarlıq nümunələri maraqlandırmır. Çünki onlar bizim kimi tolerant deyillər. BMT dünyanın nüfuzlu təşkilatıdır. Az qala ilin 365 günü öz toplantılarında ekoloji problemləri müzakirə edib qərarlar çıxardıqları halda dünyanın ağciyəri olan Kəlbəcər və Laçın meşələri məhv edilir. Heç biri səsini çıxarıb qətiyyətli reaksiya vermir. Azərbaycan torpaqlarını işğal edən erməni faşizmi illərdir dağıtdıqları memarlıq nümunələri və yaşayış evləriylə kifayətlənməyib, bu gün parazit mikrob kimi yaşıllıqlarımızı da məhv edir. Həmin ağacları ki, onlar bütün dünyada ağciyər adlandırılır. Haqlı yerə Azərbaycan xalqında sual yaranır: atəşkəsə əməl olunması üçün təcili toplantı keçirən BMT-nin Təhlükəsizlik Şurası,haqsız yerə Azərbaycan əleyhinə qərar qəbul etməyə cəhd edənlər, nə üçün erməni vandallarına, dünyanın ağciyərini parçalayan parazitlərə meşəlikləri məhv etməməsi üçün, yüz illərlə yaşı olan ağacları kəsməmələri üçün çağırış etmirlər? Halbuki ekologiyanın qorunması naminə " 1 milyon ağac əkmə" kampaniyasına başlamışdılar. Əgər niyyətiniz bəşəriyyəti, insanları qorumaqdırsa, onda kəsilməyə məruz qalan sağlam ağacların da haqqını qoruyun. Meşəliklərə, ağaclara qarşı aparılan müharibəni durdurun. Öz təşəbbüsünüzlə bu ekoloji terroru törədənlərə qarşı Azərbaycana təzminat ödəmə cəzası irəli sürün. Bu zaman biz tərəfdən sizlərin qərarlarına hörmət, özünüzə qarşı inam yarana bilər. Çalışın özünüzə qarşı hörmətli olun.

Abbas Hüseyn

8 saylı cəzaçəkmə müəssisəsi"

  • Yazılıb
  • da (də) 2020 Nov 24
  • Göndərən جهان کمالی