Tarix : 2019 May 28
Kod 58227

Bakıda Siyasi Repressiya Qurbanları Muzeyinin açılışı olub

Dünən Bakıda Azərbaycan Dövlət Sərhəd Xidmətinin aparat binasında Siyasi Repressiya Qurbanları Muzeyinin açılışı olub.
Arannews-Muzey Azərbaycan sərhəd mühafizəsinin 100 illik yubileyinə həsr olunmuş tədbirlər ərçivəsində yaradılıb.

Mərasimdə Prezident Administrasiyasının yüksək vəzifəli məmurları, güc qurumlarının, digər hökumət qurumlarının rəhbərləri, parlamentin deputatları, yaradıcı ictimaiyyətin və elm ctimaiyyətinin nümayəndələri iştirak ediblər.

Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev qeyd edib ki, muzeyin ekspozisiyası Azərbaycan tarixinin ən acınacaqlı səhifələrindən, 1920-1950-ci illərdə SSRİ-nin on minlərlə ictimai xadim və dövlət xadiminin, elm, mədəniyyət, incəsənət nümayəndəsinin, sıravi vətəndaşın siyasi repressiyalara məruz qoyulması ilə nəticələnən repressiv siyasətindən bəhs edir.

Hazırda Dövlət Sərhəd Xidmətinin yerləşdiyi binada 1925-ci ildən dövlətin əsas repressiv orqanları fəaliyyət göstərirdi. Binanın zirzəmisində saxlama kameraları, istintaq otaqları, ölüm cəzasına məhkum edilənlərin güllələndiyi yerlər var idi.

Muzeyin əsas zalında "Danışan sənədlər" stendində 1920-1930-cu illərdə qəbul edilmiş, repressiyaların dəlili olan sənədlərin surətləri yerləşdirilib.

Muzeydə Azərbaycanlıların Ermənistandan deportasiyasına xüsusi yer ayrılıb. Müvafiq stenddə yerləşdirilmiş sənədlər SSRİ-nin xaricdə yaşayan ermənilərin Ermənistana köçürülməsini dəstəkləyən siyasətini, habelə Ermənistandakı Azərbaycanlıların vəziyyətinə lazımi diqqətin olmadığını, sonradan azərbaycanlıların doğma yurdlarından deportasiyasını nümayiş etdirir. Elə buradaca almanların və İran vətəndaşı olan Azərbaycanlıların Azərbaycandan köçürülməsinə dəlalət edən sənədlərin surətləri yerləşdirilib.

Repressiya illərində bolşeviklərin siyasi məhbuslara qarşı davranışı və münasibəti mənzərəsinin canlandırılması üçün muzeydə saxlama kameraları, karserlər, dindirmə və güllələmə otaqları bərpa edilib. Muzeyin dəhlizlərində qanunsuz həbs edilənlərin etirazı və azadlıq arzularını təmsil edən kompozisiyalar yaradılıb.

Dövlət Sərhəd Xidməti siyasi repressiya qurbanlarının nəvələrini və nəticələrini, yaxın qohumlarını muzeyin fəaliyyətinə kömək üçün əməkdaşlığa dəvət edir, həmçinin muzey fondlarının zənginləşdirilməsinə şərait yaradan istənilən təşəbbüsü alqışlayır. 
  • Yazılıb
  • da (də) 2019 May 28
  • Göndərən مدير سايت Aran News