Tarix : 2018 Sep 26
Kod 56504

Həbsdə olan cəbhəçinin şikayətinə baxılıb

Sentyabrın 25-də Bakı Apelyasiya Məhkəməsində AXCP-nin Nərimanov rayon şöbəsinin sədri Babək Həsənovun həbs müddətinin artırılması barədə qərardan verilmiş şikayətə baxılıb
Arannews-B.Həsənovun istintaq dövründə həbsdə saxlanma müddətinin daha üç ay uzadılması barədə Nəsimi Rayon Məhkəməsinin bir həftə öncə çıxardığı qərar qüvvədə saxlanılıb. 
Bu barədə AzadlıqRadiosuna B.Həsənovun qardaşı Cavid Həsənli məlumat verərək bildirib ki, qapalı keçirilən məhkəmədə AXCP funksionerinin özü də iştirak edib. 
«Bu adamı aylardır həbsdə saxlayırlar, heç bir istintaq hərəkəti də aparmırlar. Özü də məhkəmədə deyib. Dörd aydır həbsdədir, müstəntiq cəmi iki dəfə yanına gedib. Çünki heç nə tapıb çıxara bilmirlər. Nə var ki, nə də tapsınlar... Özü də məhkəmədə deyib ki, ittihamlar uydurmadır. Həbs qərarıyla əlaqədar artıq ölkə daxilində hüquqi müdafiə vasitələri tükənib. Ona görə də vəkilimiz yaxın vaxtlarda Avropa Məhkəməsinə şikayət göndərəcək», - C.Həsənli bildirib. 
Qarabağ döyüşçüsü, ikinci qrup əlil olan B.Həsənovun həbsindən sonra ona işgəncə verilməsiylə bağlı daha bir şikayəti də Avropa Məhkəməsinə göndərilib. 
Babək Həsənov AXCP Rəyasət Heyətinin üzvü Aqil Məhərrəmli və partiyanın Gənclər Komitəsi Məclisinin sədri Ruslan Nəsirli ilə birlikdə mayın 25-də axşam saatlarında saxlanıblar. 
Onlarin saxlanılması ilə bağlı Baş Prokurorluq və Daxili İşlər Nazirliyi (DİN) birgə məlumat yayıb. Həmin açıqlamaya görə, AXCP funksionerləri və mayın əvvəlində həbs edilmiş Gədəbəy rayonunun keçmiş icra başçısı Saleh Rüstəmli çirkli pul vəsaitlərini leqallaşdırmaqda ittiham olunurlar. Açıqlamada S.Rüstəmlinin Rusiyadan AXCP-yə pul göndərdiyi, həbs edilmiş cəbhəçilərin həmin vəsaitləri alıb partiya rəhbərinə çatdırdıqları bildirilir. İddialarda söhbət toplam 412 min dollardan (700 min manat) gedir. 
Onların haqqında Cinayət Məcəlləsinin 192.3.2 (xüsusilə külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq), 193-1.3.1, 193-1.3.2 (mütəşəkkil dəstə tərəfindən cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma) və s. maddələriylə cinayət işi başlanıb. 
AXCP sədri Əli Kərimli rəsmi ittihamı rədd edib, cinayət işinin və həbslərin AXCP-yə qarşı növbəti repressiya dalğası olduğunu bildirib.

  • Yazılıb
  • da (də) 2018 Sep 26
  • Göndərən مدير سايت Aran News