Tarix : 2018 May 04
Kod 55151

"Dərman mafiyası" ilə əlbir olan həkimləri ağır cəza gözləyir

"Azərbaycanda dərman vasitələrinin dövriyyəsinə vaxtaşırı nəzarət aparılmalı, əhali maarifləndirilməlidir"
Arannews-İslaminSesi.info" bildirir ki, bunu  açıqlamasında Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev dərman vasitələrinin qanunsuz dövriyyəsi və həkimlərin “dərman mafiya”ları ilə əlbir olmasına münasibət bildirərkən deyib. 
Deputat qeyd edib ki, həkimlər dərman vasitələrini pul müqabilində xəstəyə ehtiyacı olmadan yazıbsa, onlar ciddi şəkildə cəzalandırılacaq, qanun qarşısında cavab verəcəklər.
“İstər qanunvericilik, istər inzibati tədbirlərin görülməsi, istərsə də maarifləndirmə işlərinin aparılması vacibdir. Bildiyimiz kimi, “Dərman vasitələri haqqında” qanun qəbul olunub. Bu qanuna 30- a yaxın əlavə və dəyişiklər edilib. Sabah Milli Məclisin Səhiyyə komitəsinin iclasında dəyişikliklərə baxılacaq. Burada farmokanəzarətin gücləndirilməsi ilə əlaqədar Ümumdünya Səhiyyə Təşkilatının son tövsiyyələri də nəzərə alınıb. Prokurorluğun apardığı yoxlamalar bu sahədə olan həkimlər üçün dərs olmalıdır. Səhiyyə Nazirliyi də öz tərəfindən müvafiq inzibati tədbirlər görməlidir. Hesab edirəm ki, bu işlə məşğul olan apteklərin işinə xitam verilməli, lisenziyaları ləğv olunmalıdır. Belə yola əl atan insanların aptek sahəsində çalışmasında birdəfəlik qadağa qoymaq lazımdır. Bundan əlavə həkimlərlə bağlı ciddi tədbirlər görülməlidir. Lakin bir şərtlə ki, onların işi ekspertizadan keçirilsin, günahı sübuta yetirilsin. Ola bilsin ki, günahı olmayan və həqiqətən də xəstəyə həmin dərmanı ehtiyac üçün yazan həkimlər də olub”. 
M.Quliyev bildirib ki, insanlar onlara yazılan dərmanları yaxından tanıdıqları, məsləhət ala biləcəkləri digər həkimlərə göstərsinlər: “Ailə həkimi institutu inkişaf edəcək və bu məsələlərin kökündən həlli İcbari Tibbi Sığortanın geniş şəkildə tətbiqindən sonra baş verəcək. Onda reseptlərlə dərmanın alınması İcbari Tibbi Sığorta tərəfindən maliyyələşdiyi üçün həkim də, aptek də bu işdə maraqlı olmayacaq. Yoxlamaların dayandırması boşluqlar yaradıb. Lakin prezidentin göstərişi ilə Səhiyyə Nazirliyi belə yoxlamaları aparmağa davam edir. Satışda olan bütün dərmanlar firma dərmanlarıdır. Bunlar ucuz və bahalı olmasına görə fərqlənir. Kimyəvi tərkibləri yaxın olduqdan sonra onun ucuz və ya baha olmasının fərqi yoxdur. Sadəcə bəzi dərmanların dövriyyədə olması üçün qeyri-qanuni yollara əl atılır, həkimləri mükafatlandırmaqla həvəsləndirirlər. Bu təcrübə dünyanın bir çox ölkələrində var və buna qarşı daim mübarizə aparılır”. 
Deputat bu istiqamətdə araşdırmaların davam etdiriləcəyini, qanunsuz dərman satışı ilə məşğul olan firma rəhbərləri və həkimlərin cəzalandırılacağını vurğulayıb.

Qeyd edək ki, Baş Prokurorluğun yaydığı məlumata əsasən, qanunsuz dərman satışı ilə məşğul olan 5 vəzifəli şəxs həbs edilib. Onlar tamah niyyətilə daha çox gəlir əldə etmək məqsədilə 2011-ci ildən başlayaraq uzun müddət ərzində ölkəyə təqribən 1 milyon manatdan artıq dəyərində 19 adda orijinal dərman preparatlarından qiymətinə görə dəfələrlə baha olan ekvivalent dərman vasitələrini idxal ediblər.
Rəhbərlik etdiyi şirkətin əməkdaşları vasitəsilə dövlət və özəl müəssisələrdə çalışan 100-ə yaxın həkimlərlə razılaşıb müalicə üçün müraciət etmiş çoxsaylı xəstələrə yalnız həmin dərmanların və zərurət olduğundan daha çox həcmdə təyin olunması üçün onlara mütəmadi olaraq müxtəlif məbləğlərdə pullar verib və idxal etdiyi dərmanların bu cür qanunsuz yolla külli miqdarda satılmasına nail olublar.

  • Yazılıb
  • da (də) 2018 May 04
  • Göndərən مدير سايت Aran News