Tarix : 2018 Feb 20
Kod 54446

Orduxan Teymurxan: Qohumlarım yenə polisə aparılıb

Hollandiyada yaşayan bloger Orduxan Teymurxan Bakıda yaşayan yaxın qohumlarına təzyiqlərin olduğunu bildirir.
Arannews-Bu barədə məlumat yayan blogerin sözlərinə görə, fevralın 17-də onun Bakıda yaşayan bacılarının evlərinə polislər gəlib, bacısı oğulları saxlanılıb. O.Teymurxan bunu özünün fəaliyyəti, sosial şəbəkələrdə yaydığı videolarla əlaqələndirir.
Avropanın müxtəlif şəhərlərində Azərbaycan prezidenti İlham Əliyevin əleyhinə aksiyalar təşkil etdiklərinə diqqət çəkən bloger deyir ki, onun hərəkətlərinə görə qohumları cavabdeh deyil. Onun sözlərinə görə, 10 ildir ki, Azərbaycandakı yaxınları ilə heç bir əlaqəsi yoxdur.
Qohumlarının məcburən ondan imtina etdiyini deyən O.Teymurxan baş verənlərin fəaliyyətinə təsir etməyəcəyini də vurğulayıb.
Meydan TV blogerin bacısı oğlu ilə əlaqə saxlayıb. Qohumu bu barədə danışmaq istəməyib və O.Teymurxanın ünvanına nalayiq ifadələr işlədərək, “mənim elə bir dayım yoxdur, bizdən əl çəkin” – deyib. 
Suraxanı Rayon Polis İdarəsindən sualları cavablandıran olmayıb.
Ötən ilin əvvəllərində O.Teymurxanın Azərbaycanda yaşayan yaxınları oxşar münasibətlə üzləşdiklərini bildirmişdilər. Onun 12 nəfər qohumunun polis bölməsinə aparıldığı, təzyiqlərə məruz qoyulduğu bildirilirdi.
Suraxanı Rayon Məhkəməsi blogerin qardaşı Xanlar Dadaşov və bacısı oğlu Səbuhi Zeynalovun 30 sutka inzibati həbsi haqda qərar çıxarılmışdı. 
Qərarda iddia olunurdu ki, S.Zeynalov və X.Dadaşov fevralın 19-da yaşadıqları evin qarşısında polis əməkdaşlarının qanuni əmrinə tabe olmadıqlarına görə, cəzalandırılıblar. Onların vəkilləri ittihamın qurama olduğunu açıqlamışdı.
Ötən il aprelin 13-də isə blogerin ailə üzvləri, qohumları İlham Əliyevə müraciət edərək O.Teymurxandan imtina etdiklərini bildirdilər.

  • Yazılıb
  • da (də) 2018 Feb 20
  • Göndərən مدير سايت Aran News