Tarix : 2018 Feb 19
Kod 54434

Gözəl ölmək istəyirəm

Gəlin, bir fərd olaraq öz evimizi, öz həyətimizi düşünməyək. Biz Azərbaycanımız üçün nə edə biləcəyimiz haqqında fikirləşək
Arannews-Bu gün ölkə gündəmini məşğul edən söhbətlərdən biri də tanınanların fikirlərinə münasibət sərgiləyən yazılardır. Bir qisim tanınanlar indiki prezidenti dəstəkləməyi özləri üçün bir borc olduğunu deyirlər. Sübut etməyə çalışırlar ki, həqiqəti gördükləri kimi ifadə edirlər. Məgər ərazilərimizin işğalı həqiqət deyil? Məgər 25 il bu iqtidarın ərazi bütövlüyümüzü bərpa edə bilməməsi həqiqət deyil? Əgər həqiqət o insanlar üçün bu qədər əzizdirsə, bir dəfə də niyə bu idarəçiliyə sual ünvanlamırlar ki, torpaqlarımızı işğaldan azad edə bilməməyinizin səbəbi nədir? Bu hakimiyyətin qarşısında borcları yada düşür, bəs, Vətən qarşısında borcları yada düşmür? Axı o insanların Xalqa şərəf borcları da var. İ. Əliyevə borclu olduqlarını unutmadıqları kimi, Xalqa da borclu olduqlarını unutmamalıdırlar. Ən azından iqtidara sual verməyə haqq etməlidirlər ki, 25 illik idarəçiliyiniz ərzində minimum əmək haqqı hansı əsaslarla 130 manat olmalıdır? Axı bu maaş Azərbaycanlı adımıza, dövlətimizə təhqirdir! Milli qüruru, milli dəyəri olan hakimiyyət özünü də bu qədər aşağılayarmı? Bəs, bu həqiqətləri nə vaxt görəcəksiniz? Dövlət, sadəcə, vergi toplamaq üçün deyil? Hamının başa düşəcəyi şəkildə ifadə etsək, dövlət vətəndaşların maddi, mənəvi, hüquqi baxımdan varlanması üçündür, təhlükəsizliyi, əmin-amanlığı üçündür. Axı nə vaxta qədər ölkə “mağar” qanunları ilə idarə olunacaq? Nə vaxta qədər Azərbaycan xalqı “dəvətlilərə” və “dəvətsizlərə” ayrılacaq. Axı nə vaxta qədər İ. Əliyevin fərman və sərəncamları “dəvətnamələri” xatırladacaq? Yəni …dostluğa, …qohumluğa söykənəcək. Axı 21-ci əsrdə Azərbaycan xalqının qarşısına düşüncə baxımından “odun şələsiylə.” çıxan idarəçiliyi dəstəkləmək nə vicdandan deyil, nə də həqiqətdən! Gəlin, bir fərd olaraq öz evimizi, öz həyətimizi düşünməyək. Biz Azərbaycanımız üçün nə edə biləcəyimiz haqqında fikirləşək. Çünki, Xalqın həyatı, Vətənin taleyi özümüzdən və həyətimizdən daha önəmli olmalıdır. 27 illik müstəqillik tarixi olan gənc dövlətimiz mənə 1000 illik yol yorğunu olan, çökümü başlayan imperiyaları xatırladır. Bəs, bu həqiqətləri niyə hakimiyyətlə bölüşmürlər? Lap belə ən pisini fikirləşək. Fiziki əzabdan, işgəncədən ehtiyatlanırlar? Həqiqətin “boyunu” vuran iqtidara baş əyənlər haradan bilsinlər ki, bütün əzablar və işgəncələr insanı mənəvi ucalığa, kamilliyə, böyüklüyə aparır. Babəkin, Nəsiminin əsrlərlə gözəllikdən, əsrlərlə yaraşıqdan düşməmələrinin bir səbəbi də Onları dar ağacına aparan yol deyilmi? Qalın, adiliyinizdə! Tanrım, məni də O YOLUN YOLÇUSU ET! Gözəl ölmək istəyirəm!
  • Yazılıb
  • da (də) 2018 Feb 19
  • Göndərən مدير سايت Aran News