Tarix : 2018 Feb 16
Kod 54406

Adına əməl olunmayan illər...

20 il azadlıqdan məhrum edilən Nardaran məhbusu Abbas Hüseynov yazı yazıb. Rakurs TV-ə daxil olan yazını təqdim edirik:

Arannews-"Əziz Azərbaycan xalqı, hamıya məlumdur ki, keçən 2017-ci il elan olunan İslam Həmrəylik ili dinlə yox, şeytanla həmrəylik ili idi. Həmin il ölkədə 2 qədimi məscid söküldü. İslama zülm, islamçılara işgəncə edildi. Axı, necə İslama və islamçılara hörmət və qayğı ili adlandırmaq olardı ki, 7-10 il bundan öncə şərlənərək həbs olunan onlarla dindardan 5-10 nəfəri azad olmadı. Keçən 1 ildə (365 gün) yalnız islamçıların şərlənərək kütləvi həbsinə və ən ağır şəkildə cəzalandırmalarına şahid olduq. Əziz Azərbaycan xalqı, bu gün babalarımızın 100 il öncə qurduğu demokratik Cumhuriyyətin sevincini yaşayıb fəxr edirik. Həmin qurucu insanlar Allaha iman və inamla sığınaraq mübarizə aparıb Azərbaycan xalqına hürriyyət qazandırdı. Şərqdə ilk parlamentli respublikanın əsasını qoydular. İnsanların haqqını qoruyub, hər kəsə söz azadlığı verən bir cumhuriyyət 3 rəngli bayraqla dövlət kimi ayağa qalxıb bütün dünyaya səs saldı. Onlardan irs alan xalq hərəkatı 1988-ci ildən şəhadətlərə rəğmən mübarizə apardı və nəhayət 1991-ci ildə yenidən müstəqillik elan etdi. Xalqımız milli məfkurəmizdən, parlaq insanların inancından, Əlimərdan bəy Topçubaşov, Fətəli xan Xoyski, Nəsib bəy Yusifbəyli, Məmməd Əmin Rəsulzadə və silahdaşlarından örnək alıb qələbə qazanıb. Eşq dolu salam olsun Azərbaycan Cumhuriyyətini, dövlətini quranlara. Salam olsun bu gün haqqa, ədalətə bağlı olan azad insanlara.Bu gün hakimiyyət özünü 1918-ci ildə qurulmuş dövlətin varisi adlandırsa da, əslində, avtoritar-totalitar siyasi quruluşu ilə Məmməd Əmin Rəsulzadə və onunla olanlara xəyanət edir. Çox təəssüf ki, bu gün hakimiyyət xalqa qarşı zorakı mübarizə aparır. Azadlıqdan danışan dillər susdurulub, cəzalandırılır. Haqqı yazan əllər qandallanıb həbs edilir. Seçki saxtakarlığına yol verən, qanunsuzluqlar edən, insanlarla zorla, işgəncələrlə danışan, insan haqlarını tanımayan, xalqın dininə milli tarixinə sayqısızlıq edən, dəyişməyə çalışan, xalqın rifahından çox öz maddi imkanlarını fikirləşən, büdcədən oğurluq edən, siyasi məhbusu olan rejim demokratik AXC-nin varisi ola bilməz. Xalq Cumhuriyyətini quranların "həmin dövlətin varisiyik" deməsi xalqa və keçmişimizə xəyanətdən, xələl gətirməkdən başqa bir şey deyil. Həmin Cumhuriyyətin əsl davamçıları bu gün meydanlara qorxmadan yığışan, zindanlarda həbs olunanlardı."

  • Yazılıb
  • da (də) 2018 Feb 16
  • Göndərən مدير سايت Aran News