Tarix : 2017 Oct 17
Kod 53058

Rəis “görüm, cibində nə var?” adı ilə əlini cibimə saldı, çıxardı"

Oktyabrın 16-da Bakı Apellyasiya məhkəməsində hakim Abid Abdinbəyovun sədrliyi ilə Müsəlman Birliyi Hərəkatının (MHB) koordinatoru Əhsən Nuruzadənin Nərimanov rayon Məhkəməsinin çıxardığı qərardan verilən apellyasiya şikayəti təmin edilməyib. Məhkəmə prosesi qapalı olaraq keçirilib, prosesdə Əhsən Nuruzadə və vəkili Yalçın İmanov iştirak ediblər.
Vəkil Yalçın İmanov çıxışında Əhsən Nuruzadənin həm 19 yanvar, həm də 24 yanvar tarixində Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsi tərəfindən oğurlanması və daha sonra inzibati qaydada həbs olunması ilə bağlı kifayət qədər ətraflı məlumat verib. Daha sonra vəkil məhkəmə qərarlarının surətini təqdim edib və onun hər iki məhkəmə qərarının demək olar ki, eyni olması və guya Əhsən Nuruzadənin mobil telefonla ucadan söyüş söyməsi və Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsini Tale Bağırzadəni və Mövsüm Səmədovu həbs etdiyinə görə ittiham etməsi ilə bağlı qərarda əksini tapanların Əhsən Nuruzadənin əslində hansı səbəbdən tutulmasının məhkəmə üçün kifayət qədər dəlil olduğunu qeyd edib.
Daha sonra Əhsən Nuruzadə məhkəmədə çıxış edərək, həmin narkotik vasitənin ona heç bir aidiyyatının olmadığını deyib:
“Narkotik vasitə əllərim qandallandıqdan sonra polis əməkdaşları tərəfindən cibimə yerləşdirilib. 6 oktyabrda Bakı Ağır Cinayətlər Məhkəməsinə taksi ilə “Nardaran 3” məhkəmə prosesində iştirak üçün gəlirdim. Səməd Vurğun bağının tinində taksi qara rəngli “JEEP” tərəfindən saxlanıldı və dörd nəfər mülki geyimli şəxs məni taksidən çıxarıb öz maşınlarına mindirərək döyməyə başladılar. Həm bədənimin müxtəlif yerlərinə zərbələr endirirdilər, həm də ağır söyüşlər söyərək “sən artıq bizim boğazımıza gəlib çıxmısan, səni nə qədərə xəbərdar etməyimizə baxmayaraq, bu yoldan çəkilmədin”. Məni döyə - döyə Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin həyətinə gətirdilər. Həyətdə dərhal əllərimi qandalladılar və binanın birinci mərtəbəsində görünüşündən hansısa bir şöbə rəisinin otağına bənzəyən yerə gətirdilər. Həmin vaxtı özünü rəis kimi təqdim edən bir şəxs “görüm, cibində nə var?” adı ilə əlini cibimə saldı, çıxardı. Daha sonra iki nəfər hal şahidlərini dəvət elədilər və onların iştirakı ilə üzərimə baxış keçirdilər və sağ yan cibimdən bayaq rəisin əlini atıb cibimdən çıxardığı üç bükülüdə narkotik vasitə çıxarıldı. Daha sonra məni döyərək bildirdilər ki, sən bizim dəfələrlə xəbərdarlıqlarımıza baxmayaraq heç bir nəticə çıxarmadın, Tale Bağırovu müdafiə elədin, mitinqlərdə iştiraka, çağırışlara davam elədin. Sənin iki yolun var: ya narkotik vasitənin izahatında bildirməlisən ki, küçədən təsadüfən tapmışam və polisə aparıb təhvil verməli idim, ya da deməlisən ki, bu narkotik vasitə cibimdə olsa da mənə aid deyil. Həmin vaxt mən döymələr və işgəncələr nəticəsində məcbur qalaraq bildirdim ki, narkotik vasitə cibimdən tapılsa da mənə aidiyyatı yoxdur. Halbuki, həmin vaxtı əllərim qandallı vəziyyətdə polis əməkdaşları tərəfindən cibimə yerləşdirilmişdi”.
Qısa sürən müşavirədən sonra hakim apellyasiya şikayətinin təmin edilmədiyini elan edib.
Qeyd edək ki, Müsəlman Birliyi Hərəkatının (MHB) kordinatoru Əhsən Nuruzadə oktyabrın 6-sı saat 13:00 radələrində yaşadığı binanın qarşısından qara rəngli "JEEP" markalı maşın tərəfindən naməlum istiqamətə aparılıb. Bundan sonra onun barəsində məlumat almaq mümkün olmayıb. Oktyabrın 10-da ona qarşı cinayət işi açılıb. Ə. Nuruzadənin vəkili Yalçın İmanov onun Cinayət Məcəlləsinin 234.4.3 (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsi ilə ittiham olunması barədə məlumat verib. Yaxınları onun ictimai fəaliyyətinə görə həbs edildiyini bildirir. Hal - hazırda Ə. Nuruzadə Kürdəxanıda yerləşən 1 saylı Bakı İstintaq Təcridxanasındadır.

  • Yazılıb
  • da (də) 2017 Oct 17
  • Göndərən مدير سايت Aran News