Tarix : 2017 Oct 10
Kod 52977

Aşura günü dərsə getməsək nə olar

Aşura günü uşaqların məscidlərə getməsinə qeyzlənənləri bir dəfə görmərik ki, məktəblərdəki rüşvətxorluq, ayrıseçkilikdən şikayətlənsinlər
Arannews:Məhərrəm ayı girəndən Azərbaycanda bir dəstə adam yaman narahat oldu. Xüsusilə də Aşura əleyhinə olan insanlar etirazın dozasını bir az da artırdı. Bütün deyingənlikləri bir yana Aşura günü uşaqların dərsə yox məscidə, Aşura gününə getmələri bir dəstə adamın narahatçılığına səbəb olub. 
Yaman səs-küy salıblar ki, ay aman qoymayın, uşaqlar bir gün dərsdən qalmaqla 50 il elmdə gerilədilər. Qəribəsi də budur ki, bu il Aşura günü Bazar gününə təsadüf etmişdi. 
Əlbəttə, bu yazıda kimsə uşaqların dərsdən qalıb günlərini məhərrəmlik məclislərində keçirmələrini təbliğ etmir. Amma gəlin insafla müqayisə edək. 9 ay dərsə gedən uşaqlar hər ay 4 bazar günü istirahət edir. Üstəlik, əlamətdar günlərdə, novruz, yeni il tətillərində də istirahət günləridir. Bundan əlavə 3 ay bütün dünyada yay tətili keçirilir. Bütün bunların yanında bir gün Aşura qeyd etməkdən ötrü dərsdən yayınmaqla nə olacaq ki? Dövlətin rəsmi bayram qeyd etdiyi günlərdə tətil olanda uşaqlar icbari olaraq istirahət edir, amma Aşura günü könüllü olaraq məscidlərə gedirlər. Bu, müsəlman bir xalqı sevindirməlidir. 
Ümumiyyətlə bu iş qanunla tənzimlənməlidir. Bir çox ölkələrdə Aşura günü tətildir. Dövlət bu günü tətil etsə çox yaxşı olar. Bununla həm Aşurada iştirak etmək istəyənlərin yolu rəsmi şəkildə açılar, şikayətçilərin də ağzı birdəfəlik bağlanardı.
Əlbəttə onu da qeyd etməliyik ki, Aşura günü dərsə yox məscidə gedən uşaqları və onların valideynlərini qınayan insanlar müsəlmanları, Aşura iştirakçılarını geridəqalmış hesba etdikləri halda özləri kommunist sovet hakimiyyəti zamanındakı düşüncə ilə yaşayırlar. O zamanlar da məscidə ancaq qocaların getməsi daha çox dəbdə idi. Deyirdilər ki, uşaqlar dərsə getsin, məhərrəmlik, məscid qocaların işidir. Amma, zaman dəyişib, artıq bütün dünyaya sübut olunub ki, Allaha – mütləq nemət sahibi olan xaliqə - verdiyi nemətlərdən ötrü şükür etmək təkcə qocaların işi deyil. 
Başqa bir maraqlı məqam ondan ibarətdir ki, Aşura günü uşaqların məscidlərə getməsinə qeyzlənənləri bir dəfə görmərik ki, məktəblərdəki rüşvətxorluq, ayrıseçkilikdən şikayətlənsinlər. Məgər bu gün məktəblərimizdə normal təhsil, məktəb binası, kitab-dəftər təminatı varmı? Niyə bir dəfə bu barədə qışqır-bağır salmayan insanlar, hər bayramda, ad günündə məktəbə tort-hədiyyə daşıyan insanlar Aşura günü hirsdən barmaqlarını çeynəyirlər.
Unutmayın ki, Aşura günü ilə müharibə edənlər tarix boyu lənətlənib. Özünüzü Allahın lənətindən uzaq tutun.

  • Yazılıb
  • da (də) 2017 Oct 10
  • Göndərən مدير سايت Aran News