Tarix : 2015 Jul 14
Kod 46180

Qazaxıstan Respublikası Müdafiə nazirinin birinci müavini Azərbaycana səfərə gəlib

Azərbaycan və Qazaxıstan Silahlı Qüvvələrinin Baş Qərargahları arasında əməkdaşlıq haqqında niyyət protokolu imzalanıb.

Arannews - İyulun 13-dən Qazaxıstan Respublikası Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Saken Jasuzakovun rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycan Respublikasına  rəsmi səfəri başlayıb .

Qonaqlar üçün Müdafiə Nazirliyində rəsmi qarşılanma mərasimi keçirilib. Qonaq fəxri qarovul dəstəsinin önündən keçib, hər iki ölkənin dövlət himni səsləndirilib və protokola uyğun olaraq “Şərəf Kitabı” imzalanıb .

Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkovla general-polkovnik S.Jasuzakov arasında əvvəl təkbətək, sonra isə geniş tərkibdə görüş keçirilib .

Görüşdə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində ərazilərimizin işğal olunması faktı, qaçqın və məcburi köçkün soydaşlarımızın mövcudluğu qonaqların diqqətinə çatdırılıb .

Sonra tərəflər hərbi, hərbi-texniki, hərbi təhsil sahələrində əməkdaşlıq, Silahlı Qüvvələrin nümayəndələrinin qarşılıqlı təcrübə mübadiləsi, Xəzər dənizi hövzəsində, o cümlədən iki ölkə yerləşdikləri regionlarda təhlükəsizlik məsələlərini ətraflı müzakirə ediblər .

Sonda Azərbaycan və Qazaxıstan Silahlı Qüvvələrinin Baş Qərargahları arasında əməkdaşlıq haqqında niyyət protokolu imzalanıb .

Azərbaycan Respublikasına səfəri çərçivəsində Qazaxıstan nümayəndə heyətinin Azərbaycan Ali Hərbi Məktəbi, Ali Hərbi Dənizçilik Məktəbi, Silahlı Qüvvələrin Hərb Oyunları Mərkəzi, Hərbi Dəniz Qüvvələrinin bazası və Azərbaycan sülhməramlıları ilə tanışlığı planlaşdırılıb .

Qeyd edək ki, səfər iyulun 15-dək davam edəcəkdir.

  • Yazılıb
  • da (də) 2015 Jul 14