Tarix : 2015 Jun 12
Kod 46029

Tarixi təhrif edənlər öz alimlərini hazırlasınlar. Biz hər hansı debata, sənəd və faktların mübadiləsinə hazır olduğumuzu bildiririk.

Təbriz Universitetin İran Tarixi və Mədəniyyəti İnstitutunun rektoru doktor Məhəmməd Əli Pərğu: hər bir xalqın tarix yaddaşı vardır və o xalqın alim və təhqiqatçıları bu barədə gərək öz vəzifəsinə əməl etsin. Konkret olaraq özünün və digərlərinin tarixinə qarşı insaflı olmayan millət, bəşəriyyət üçün əmin sayılmır. Sözsüz ki, başqa xalqların tarix və hüquqlarına hörmətlə yanaşmayan şəxs, öz xalqının tarixi üçün də əmin sayıla bilməz.

AranNews- Əgər bir təhqiqatçı, yaxud siyasətçi hər hansı bir vəzifə və mövqedə olursa olsun, başqa bir xalqın siyasi, iqtisadi, mədəni və hərbi hüquqlarına, coğrafi sərhədlərinə həqiqi və düzgün yanaşmasa, şübhəsiz bu şəxs digər bir zamanda öz xalqının tarix və tarixi əsasları barədə də yeni müamiləyə girəcək.
Belə adamlar hər hansı vəzifədə olsalar, qeyri-elmi şəxs kimi təqdim olunmalıdır. Adətən, qələm əhli və tarixçilər üçün bütün məsələlərdə əmanətdar olmaq, həqiqəti demək bir qanundur.
Zaman boyu tarixi saxtalaşdırmaq dünyanın müxtəlif fikri və siyasi dairələrində müşahidə olunub və bu təzə bir məsələ deyil. Bəzən görürsən ki, bəzilərinin öz qanad, yaxud qrup maraqları tələb edir ki, tarixi saxtalaşdırsınlar, həqiqətləri əksinə göstərsinlər. Bu günləri böyük İran xalqının tarixinə qarşı ədalətsiz və haqsız hücumların şahidiyik. Ona görə də belə bir durumda ayıq və öz tarixinə aşiq insanlar tarixi zəminələrinə arxalanmaqla haqqı deməli və öz tarixini müdafiə etməlidir. Xüsusilə də caminənin elm adamlarının məsuliyyəti bu barədə daha ağırdır. İran xalqının həqiqətləri və tarixi şəxsiyyətlərinin bir qrup öz xeyrini güdən siyasətçilərin cəfasına məruz qalmaması üçün bu yazıda bəzi həqiqətlərin açılması lazımdır.
Son illərdə Azərbaycan Respublikasında bəziləri tarixi hadisələr barədə mövzular araya gətirirlər ki, bu mövzuların ortaya atılması, – əsasən də tarixi həqiqətlər və iranlı şəxsiyyətlər barədə – belə mövzular xoşagələn hesab olunmur, üstəlik, öz xalqlarına qarşı hörmətsizlik və təhqir də sayılır. Dünya elmi qaynaqlarında irs qalmış aydın və şəffaf sənəd və əsərlər həqiqətləri güzgü kimi aydın göstərir və Ramiz Mehdiyev, Yaqub Mahmudov və digərlərinin yalanları onun üstünü örtə bilmir. Qabaqlar da Azərbaycan Respublikasında səfəvilər barədə belə uydurmalara yol verilmişdi. Belə adamlar çox müəmmalı bir məqsəd ardıncadılar. R. Mehdiyev və onun kimilər nə tarixçidilər, nə də tədqiqatçı. Onlar sırf hökumət adamlarıdır və tamamilə Azərbaycan hökumətinə bağlıdırlar.
Təbiidir ki, bu baxışlar dostcasına baxış deyil. Biz istəyirik ki, azəri qardaşlarımız həqiqətləri eşitsinlər və dostluğu artırsınlar. İran müsəlman azəri qardaşlarını tarixi həqiqətləri anlamağa təşviq edir. İranın tarixi, gizlədilməsi mümkün olmayan bir tarixdir. Müxtəlif dövrlərdə Şarden və Marko Polo kimi avropalıların səyahətnamələri, siyasi, iqtisadi və hərbi məsələlər barədə olan sənədlər, sikkələr və digər mötəbər fakt və qaynaqlar tarixi həqiqətləri çox gözəl bəyan edir.
Əgər bir şah xüsusi bir dildə danışıbsa, bunun mənası o deyil ki, onun hökuməti altında yaşayanlar hamısı həmin dildə danışıblar. Əksinə, həmin hökumətdə xalq arasında yayılmış bütün dillərə hörmətlə yanaşılıb, insanlar birlikdə yaşayıblar. Bu yaşayış üsulu biz iranlıların iftixarıdır. Türk, fars, ərəb, bəluc, kürd və hamısı bir yerdə iftixarlı həyat yaşayırlar. Nadir şahın iftixarlarından biri bu idi ki, heç bir etnik ixtilaf olmadan öz hökumətini qurmuşdu. Tarixi saxtalaşdırmağa cəhd edənlər diqqəti Nadir şahın Muğan hadisəsinə yönəldirlər. Bərvənd və Nadir şahın dediklərini oxusunlar. Cənab Mehdiyev bilməlidir ki, bu günləri İslam ümmətinin parçalanmağa deyil, vəhdətə ehtiyacı var. İxtilaf, parçalanma, yalan; bunlar hamısı sionistlərin acı planlarına qayıdır. Onlar bu gün İslam ümmətini öz istədikləri kimi baxşıda və özlərinə sərf edəcək formada təqdim etməyə çalışırlar. Mehdiyev kimi adamlar gərək öz ixtisasları olduğu sahədə danışsınlar. Onun tarixdə ixtisası yoxdur. Təbriz Universiteti elmi və tarixi bir mərkəz olaraq onlarla ciddi tarixi debata hazırdır.
Demək istəyirəm ki, cənab Mehdiyev, siz bu sözləri danışırsınızsa, yaxşı olar ki, öz universitetlərinizə, elmi mərkəzlərinizə gedəsiniz, tarixi sənədlərə, faktlara, Rusiya-İran müqavilələrinə nəzər salasınız. Ondan da dəyərli arxivlər vardır ki, əgər o arxivlərə müraciət etsələr, həqiqətin dediklərindən başqa bir şey olduğunu görəcəklər. Lazım olarsa, biz bu sənədləri təqdim edə və həqiqət ardınca olan alimlərin ixtiyarında qoya bilərik. Səfəvi şahı tərəfindən Qafqazda Azərbaaycana vali təyin edilməsinin hökmünün sənədi bizim ixtiyarımızda vardır. Əlbəttə, bu sənəd onların da əlində vardır. İran şahları tərəfindən Azərbaycana vali təyin edilmə hökmlərinin sənədlərinin hamısı bizdə vardır.
Bu günləri hər bir ölkənin coğrafi sərhəd və hüdudları məlumdur. Biz bütün ölkələrin ərazi bütövlüyünə, suverenliyinə hörmətlə yanaşırıq. Lakin, İran xalqı barədə yolverilməz bir söz araya gəlsə, yaxud yanlışlığa yol verilib, qeyri-elmi söhbət olunsa, mövcud tarixi sənəd və faktlara söykənərək tarixi həqiqətləri, hətta Azərbaycan Respublikasının tarixinə adi olan bəzi həqiqətləri müxtəlif formalarda ictimaiyyətin ixtiyarında qoyacağıq.
Tarixi saxtalaşdıranlara müraciət edirəm ki, sionistlərin dəyirmanına su tökməsinlər. Bunlar hamısı imperializmin hiyləsidir və irqçi sionistlər tərəfindən yönlənir. Onların Azərbaycan Respublikasına gəlib, orda baza yaratmalarının səbəbi hamısı belə işlər həyata keçirmək üçündür .
Təklif edirəm ki, bundan artıq özlərini rüsvay etməsinlər. Çünki elmi zarafata salmaq olmaz. Bizim müraciətimiz budur ki, tarixi təhrif edənlər öz alimlərini hazırlasınlar. Biz hər hansı debata, sənəd və faktların mübadiləsinə hazır olduğumuzu bildiririk.
Biz tarixə zorakı və birtərəfli baxışla yanaşa bilmərik. Kifayət qədər sənəd və faktlar mövcuddur. Biz xalqların əqidəsinin əksinə danışmamalı və başqalarını ittiham etməməliyik. Çünki hər bir ittiham və iddianın sənəd-sübutu olmalıdır. Xoşbəxtlikdən bizim tutarlı sənəd-sübutumuz vardır və bu işlər davam edəcəyi surətdə bərk və məyusedici cavab verəcəyik. Belə təhriflər davam etsə, biz dünyanın hər bir tərəfində yaşayan alim və tarixçilərimizi dəvət edəcəyik və onlardan öz sənədlərini üzə çıxarmalarını istəyəcəyik. Mən çox istərdim ki, Azərbaycanın öz elmi mərkəzləri bu saxtakarlıq və təhriflərə cavab və reaksiya versin. Həmçinin, bu suala cavab versin ki, Azərbaycan Respublikasında bir qrup adamın xalqların tarixi barədə yalan danışması və onu saxtalaşdırmağa çalışmasının səbəbi nədir? Əlbəttə, əziz və başıuca İranın alim və təhqiqatçıları bu uydurmalara öz münasibətlərini bildirəcək və bir daha öz tarixi həqiqətlərini dünyaya göstərəcəklər.
Gərək görünsün ki, bu uydurmaları deyənlərin fikirləri hansı dairələrdən qidalanır. Prinsip budur ki, heç bir ədalətli və həqiqət axtaran tarixçi başqalarının tarixini təhrif etmir və yalandan özünü bu sahəyə daxil etmir. Çünki dünya onun dediklərinə gülər və o gülünc yerinə çevrilər. 1992 -ci ildə BBC jurnalisti İran barədə yanlış məlumat vermişdi. Sonra isə üzrxahlıq etdi, öz sözünü yozaraq geri götürdü. Görək ki, İran barədə bu eyni yanlışlıq haradan qaynaqlanır? Bu qeyri-elmi hərəkətlərin sərçeşməsi haradır? BBC-ni kimlər fikri və siyasi cəhətdən qidalandırır və bu işlər üçün proqramlandırır? Azərbaycan Respublikasında İslam ümmətinin müxaliflərini proqramlaşdıranlar həmin sionistlərdir. Bu işlərin başında sionistlər dayanır və təkcə sözlər R. Mehdiyevin dilindən çıxır. Bu hiylələrin əsas oyunçuları onlardır. Bu planların əsas mərkəzi imperialist ölkələrdə sionistlərin başçılığı ilə idarə olunur. Lakin bu düşüncənin heç bir nəticəsi olmayacaq. Deyilən bu mənasız və çirkin sözləri heç kəs qəbul etməyəcək. Ölkəmizin diplomat və rəsmilərinin cavabından qabaq İranın elmi elitası bu məsələyə məntiqi və elmi reaksiya göstərəcək.
Nəhayət, təhrif edənlər özlərinin səhvlərini anlayacaqlar. Azərbaycanın dövlət rəsmiləri tarixi həqiqətləri öz xalqına deməlidir və bu sözlərlə ölkə xalqında dövlətə qarşı inamsızlıq yaradılmasına icazə verməməlidir. Bundan qeyri surətdə bu hökumət öz qanuniliyini itirəcək. Xalq yalanı daha gözəl dərk edir. İndiki zamanda şərait dəyişib, bütün sənəd və faktları tez bir zamanda əldə etmək imkanı vardır. Nəticədə tarixi həqiqət aydınlaşır. Sözsüz ki, belə olanda təkcə tarix yalançıları və uydurmaçılarının rüsvay olmasını müşahidə edəcəyik. Mən əminəm ki, İran İslam Respublikasının dövlət rəsmiləri də bu mövzunu diqqətdə saxlayır və vaxtı çatanda öz vəzifələrinə əməl edəcəklər. Mən elmi dairələr tərəfindən bildirirəm ki, bu iş qısa bir zamanda öz həllini tapmasa və İran xalqının tarixinə qarşı düşməncəsinə olan hərəkətlər davam etsə, biz də tarixi həqiqətləri açıqlayacağıq və öz tariximizi müdafiə edəcəyik. Üstəlik, Azərbayacan Respublikasının tarixi barədə də addım atacayıq. İran və Azərbayacan Respublikası xalqları arasında dostluğun qalması, rüsvayçı ixtilaf və təfriqənin yaranmaması üçün gözləntimiz budur ki, İran və Azərbaycan xalqlarının tarixi həqiqətləri və ləyaqətləri hər biri öz yerində qalsın və hamı öz haqqı barədə insaflı olsun. 

Məhəmməd Əli Pərğu

  • Yazılıb
  • da (də) 2015 Jun 12