Tarix : 2014 Feb 15
Kod 41967

Əli İnsanov İlham Əliyevə: «Sən xalqın düşmənisən»

«Xalqın xidmətçisi xalqın sərvətlərini talamaz»
Bu gün Bakı Apelyasiya Məhkəməsində (BAM) hakim Qədim Babayevin sədrliyi ilə sabiq səhiyyə naziri Əli İnsanovun işi üzrə proses davam etdirilib. Prosesi izləmək üçün Milli Şuranın sədri Cəmil Həsənli, Müsavat başqanı İsa Qəmbər, "El" hərəkatının rəhbəri Eldar Namazov, vəkil Aslan İsmayılov da məhkəmə iclasına qatılıblar.
Əməkdaşımızn verdiyi xəbərə görə, Cəmil Həsənli məhkəmənin gedişində hakimlərin ədalətli olmadığına irad tutduğu üçün iclas zalından çıxarılıb. Belə ki, Əli İnsanov yenidən məhkəmə zalındakı şüşə kabinədə nəfəsinin çatmadığını bildirib, hakim isə bunun beynəlxalq praktika olduğunu və Avropada da bu belə kabinələrdən istifadə edildiyini söyləyib. Bu zaman Cəmil Həsənli hakimin söylədiklərinə replica verib: «Avropaya böhtan atmayın. Avropada pultla məhkəmələr idarə olunmur».

Əli İnsanovun ilk tənqid dolu çıxışı məhkəmə zalına gətirilərkən olub. O, yenə də dövlət başçısı İlham Əliyevin ünvanına sərt mesajlar ünvanlayıb: «Sən mənim xalqımın xidmətçisi ola bilməzsən. Xalqın xidmətçisi xalqın sərvətlərini talamaz. Xalqın xidmətçisi gəncləri türmələrdə çürütməz. Xalqın xidmətçisi gəncləri intihara vadar etməz. Xalqın xidmətçisi ziyalıları məhv etməz. Sən bir özünə bax. Sən bir güzgüyə bax. Sən mənim xalqımın dostu yox, düşmənisən».

Daha sonra İnsanovun vəkili Ağaveyis Şahverdi vəsatət qaldırıb. Vəsatətdə Kərəm Həsənov və Oqtay Şirəliyevin məhkəməyə dəvət edilməsi, eyni zamanda səhiyyə müəssisələrinin özələşdirilməsilə bağlı yoxlama aktlarına imza atmamış və ya qeyd-şərtlə imza atmış iqtisadi inkişaf nazirinin keçmiş müavini Mikayıl Cabbarov, İqtisadi İnkişaf Nazirliyinin Aparat rəhbəri Vəliyev, maliyə şöbəsinin rəisi Aslanovun məhkəmədə şahid qismində dindirilməsini istənilib.
Qeyd edək ki, İqtisadi İnkişaf Nazirinin keçmiş müavini Mikayıl Cabbarov hazırda təhsil naziri postunu tutur.

Daha sonra bildirilib ki, Məleykə Abbaszadə Əli İnsanov barəsində MTN-ə həqiqətə uyğun olmayan məlumatlarla məktub göndərib. Ona görə də Abbaszadə və həmin sahəyə nəzarət edən Fatma Abdullazadə məhkəmədə dindirilsin. İnsanov qaldırılan vəsatətə münasibət bildirərkən deyib ki, həmin şəxslərin məhkəməyə çağrılacağağına inanmır: «Onlar da heç məhkəməyə gəlməzlər. Çünki onlar bilirlər ki, mənim onlara suallarım olacaq. Onlar necə əsaslandıracaqlar ki, cəmi 12 bal toplamış adını çəkmək istəmədiyim şəxsi Tibb Universitetinə hansı əsasla qəbul ediblər».

Məhkəmə vəsatəti qismən təmin edib. Kərəm Həsənov, Oqtay Şirəliyev, Məleykə Abbaszadə və Fatma Abdullazadə ilə bağlı hissələr təmin olunmayıb. İqtisadi İnkişaf Nazirliyinin 3 işçisinin məhkəməyə çağrılmasına gəlincə, Mikayıl Cabbarov istisna olmaqla, digər iki şəxsin - Aslanov və Vəliyevin məhkəməyə çağrılmasına qərar verilib.
Qərara İnsanovun vəkili etirazını bildirib: « İki nəfərin çağrılmasını təmin edirsiz, Mikayıl Cabbarovu yox. Ona görə ki, həmin adam nazirdir?».
Prosesin gedişatı zamanı İnsanov məhkəmənin tərkibinə etiraz edib.

Məhkəmə fevralın 21-nə qədər təxirə salınıb./azadlıq/
  • Yazılıb
  • da (də) 2014 Feb 15