Tarix : 2013 Nov 04
Kod 40755

Avronest müəmması

Elxan Süleymanov : dostluğun, etimadın və əməkdaşlığın məkanı hesab etdiyi təşkilatda Azərbaycana qarşı edilən görünməmiş hücumlar silsiləsinə reaksiya verir

 Arannews-Avronest Parlament Assambleyasının (PA) Ukraynanın paytaxtı Kiyevdə keçirilən Büro iclasında iştirak edən Azərbaycanın Avronest PA-dakı nümayəndə heyətinin rəhbəri Elxan Süleymanov bəyanat yayaraq Avropa Parlamenti Qətnaməsinin 32-ci bəndinə etiraz əlaməti olaraq Büro iclasını tərk edib. Bu barədə Elxan Süleymanovun ofisindən məlumat verilib . 

Elxan Süleymanov bəyanatında qeyd edib ki, dostluğun, etimadın və əməkdaşlığın məkanı hesab etdiyi təşkilatda Azərbaycana qarşı edilən görünməmiş hücumlar silsiləsinə reaksiya verir: “ATƏT/DTIHB müşahidə missiyası istisna olmaqla, Avropa Parlamenti, AŞPA, ATƏT PA və digər müşahidə missiyaları seçkiləri azad, şəffaf, ədalətli, ATƏT və Avropa Şurasının standartlarına uyğun keçirilmiş kimi qiymətləndiriblər. ATƏT-in fəaliyyətdə olan Sədri bu qurumların qiymətləndirməsini dəstəkləyib. Təəssüf ki, Avropa Parlamenti Avropa Qonşuluq siyasəti üzrə 23 oktyabr tarixli Qətnaməsinin 32-ci bəndində öz müşahidə missiyasının seçkilərlə bağlı müsbət qiymətləndirməsinə hörmətsizlik və inamsızlıq nümayiş etdirib, ATƏT-in bir Bürosunun (ATƏT/DTHIB) nəticələrinə istinad edərək seçkilərin ATƏT standartlarına cavab verməməsi kimi qiymətləndirib. Sual doğur, Avropa Parlamentinin faktiki mövqeyi nədir? Azərbaycanla əməkdaşlıq etmək, Cənubi Qafqazda sülh və sabitlik yaratmaq istəyirmi? Öz hesabatlarını və nümayəndə heyətlərini tanıyırmı?! Avropa Parlamentinin və digər beynəlxalq təşkilatların təcrübəsində heç vaxt olmayan, öz rəsmi müşahidə missiyasına saymazyana yanaşmaqla tərəfdaşına qarşı belə anormal vəziyyəti yaratmaqda məqsədi nədir ? 

Qeyd etmək istərdim ki, hələ seçkilərin keçirilməsindən əvvəl seçkilərlə bağlı problemlərin olacağını bildirərək Avropa Parlamentində Azərbaycan əleyhinə kampaniyalar təşkil edən bir qrup Avropa Parlamenti deputatları - Leonidas Donskis (ALDE, Litva), Ulrike Lunacek (Yaşıllar, Avstriya), Ana Qomes (SD, Portuqaliya) və Gerben Yan Gerbrandinin həmlələri kimi əsassız hücumları qəbul edə bilmərik. Avropa Parlamenti üçün mesacımiz budur, başqalarına hücum etməyə başlamazdan əvvəl öz evinizin vəziyyətini yaxşılaşdırın. Biz Avropa Parlamentinin beynəlxalq institut kimi hazırkı düşdüyü vəziyyəti qınayırıq ".

Elxan Süleymanov seçkidən sonra bəyan etmişdi ki, Azərbaycan Avronest PA-da fəaliyyətini dayandıra bilər. Bu bəyanat Avropa strukturlarının seçki ilə bağlı rəyinə qarşı səsləndirilmişdi. Məsələnin Milli Məclisin 29 oktyabr tarixli iclasında müzakirə edilərək qəti qərar verəcəyi gözlənilirdi. Bu barədə deputat Zahid Oruc da mətbuata açıqlama bildirmişdi. Lakin Milli Məclisin 29 oktyabr tarixli iclasında bütün bunların əksi baş verdi. Hətta YAP-çı deputat Mübariz Qurbanlı Elxan Süleymanovun bəyanatına zidd fikirlər səsləndirdi: “Avropa Parlamenti seçki ilə bağlı deklarasiya xarakterli bəyanat qəbul edib. Onlarca bu tipli qətnamə və qərarlar var. Bundan təşviş keçirməyə ehtiyac yoxdur. Avronestin üzvüyük, Şərq tərəfdaşlığında yaxından iştirak edirik, heç bir tribunanı boş qoymamalıdır. Avropa Parlamenti hansısa qrupun təzyiqi ilə qətnamə qəbul edirsə, bundan sui-istifadə edərək Avronestdəki əməkdaşlığımıza yenidən baxmalı deyilik ”. 

Elxan Süleymanov bu ziddiyyətlə bağlı hər hansı izahat verməmişdi. O, səhhətindəki problemlərlə əlaqədar iclasda iştirak etmədiyini və orada hansı fikirlərin səsləndirilməsindən xəbərsiz olduğunu bildirmişdi . 

Mübariz Qurbanlının bu fikirlərindən sonra belə rəy yarandı ki, hakimiyyət Avronest PA ilə bağlı mövqeyində dəyişiklik edib. Hər halda Mübariz Qurbanlının müstəqil şəkildə Elxan Süleymanovun bəyanatına zidd fikirlər səsləndirməsi inandırıcı görünmür. Elxan Süleymanovun da deyilənləri cavabsız qoyması “yuxarılar”ın vəziyyəti gərginləşdirmək niyyətində olmadığı barədə ehtimalları gücləndirdi . 

Elxan Süleymanovun bəyanatla Avronest PA-nın iclasını tərk etməsi yeni mülahizələrə səbəb olub. Bəzi ehtimallara görə, hakimiyyət qabaqlayıcı hücumlara ara verərək Avronest PA-dakı müzakirələrə uyğun addım atmağı düşünüb. Ona görə də Mübariz Qurbanlının Elxan Süleymanovun bəyanatına zidd fikirləri ortaya çıxıb . 

iclasda müzakirələr hakimiyyətin maraqlarına uyğun olmadığına görə isə iqtidar tərs üzünü göstərib . 

Başqa bir ehtimal isə bu məsələ ilə bağlı hakimiyyət daxilində ikitirəliyin olmasıdır .


  • Yazılıb
  • da (də) 2013 Nov 04